Şərq
memarlığının inciləri
Naxçıvan
türbələri
Yaranışı qədim dövrlərə
gedib çıxan Azərbaycanın mədəniyyət, elm mərkəzlərindən
biri olan Naxçıvan özündə zəngin irsimizi
qoruyub saxlayır. Bu irsin mühüm bir hissəsi Şərq
memarlığını özündə əks etdirən tarixi
abidələrimizdən ibarətdir. Təsadüfi deyil ki,
2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı dövlət
başçısı İlham Əliyev tərəfindən
təsdiq olunmuş Tədbirlər Planında Naxçıvan
Muxtar Respublikasında mövcud olan türbələrin
UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi
ilə bağlı işlər xüsusi bənd kimi qeyd
olunub.
Yusif ibn Küseyir türbəsi
Artıq bu sahədə müəyyən
işlərin görüldüyünü deyən Mədəniyyət
və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Bərpa
layihələndirmə və ekspertiza sektorunun müdiri, memar,
sənətşünaslıq namizədi Fazil Məmmədov bəzi
materialların UNESCO-nun proqramına
uyğunlaşdırılmasının vacibliyini
vurğuladı. Hazırda Naxçıvandakı dörd
türbə ilə bağlı işlər
görülür. Bunlar Yusif ibn Küseyir, Möminə Xatun,
Gülüstan və Quda Xatun türbələridir:
“Naxçıvan ərazisindəki Yusif ibn Küseyir, Möminə
Xatun türbələri orta əsr memarlıq korifeyi Əcəmi
Naxçıvani tərəfindən tikilib. Birinci türbə
1161-1162-ci illərdə inşa edilib və xalq arasında
Atababa türbəsi və ya Atababa günbəzi də adlanır.
Səkkiz əsrdən çox yaşı olan türbə XX əsrin
ortalarında bərpa edilib. Bərpa işləri nəticəsində
türbənin dağılmış hissələri düzəldilib,
mühəndis qurğuları möhkəmləndirilib. Abidə
yeraltı sərdabədən və yerüstü qülləvari
hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi
daxildən və xaricdən səkkizbucaqlı şəkildədir.
Türbədə biz ikiqat günbəz quruluşunun ən
görkəmli, bizim zəmanəmizə qədər əvvəlki
şəklini mühafizə etmiş və indiyə qədər
gəlib çatmış yeganə bir nümunəsini
görürük. Yüksək mühəndis həllinin nəticəsidir
ki, Yusif ibn Küseyir türbəsi Azərbaycanın qülləvari
türbələri içərisində üst piramidal
örtüyü 800 ildən artıq bir müddətdə
salamat qalan yeganə abidədir».
Qeyd edək ki, türbənin
üzərindəki kitabə onun tikilmə tarixini təsdiqləyir.
Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval
ayı (miladi 1162) tikildiyini bildirir. Əsas fasaddan sol tərəfdəki
kitabədə isə “Bənna Əcəmi Əbubəkr
oğlu Naxçıvaninin əməlidir” sözləri qeyd
olunub.
Fazil müəllimin sözlərinə
görə, bu türbənin həm əsas tikintisi, həm də
bəzək hörgüsü bir materialla - keyfiyyətli
bişmiş kərpiclə işlənib: «Bu da abidənin
saya, aydın və təmiz həndəsi biçiminin
bütövlüyünü gücləndirir, ona vahid, ifadəli,
qırmızımtıl kolorit verir. Kompozisiyasına, tektonik
aydınlığına, hissələrinin mütənasibliyinə,
mühəndis quruluşunun səviyyəsinə görə
türbə yüksək bədii-memarlıq nümunəsidir».
Nadir gözəllik və zəriflik abidəsi
UNESCO-nun siyahısına
salınması nəzərdə tutulan digər abidə Azərbaycan
milli memarlığının möhtəşəm abidəsi,
Şərq memarlığı incilərindən biri olan
Möminə Xatun türbəsidir. Abidə 1186-cı ildə
Naxçıvan şəhərinin qərb hissəsində
tikilib. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin
Eldəniz arvadı Möminə xatunun qəbri üzərində
məqbərə yaradılmasına qərar verir, onun tikintisini
oğlu Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə
başa çatdırıb. Bu abidə xalqın
yaddaşında “Atabəy günbəzi” adı ilə
qalıb.
F.Məmmədovun sözlərinə
görə, türbə yeraltı (sərdabə) və
yerüstü hissələrdən ibarətdir: «Sərdabə
hissəsi planda onbucaqlıdır. Bəzi tədqiqatçılara
görə, sərdabədə Atabəylər dövlətinin
başçısı Şəmsəddin Eldəniz, onun
arvadı Möminə xatun və oğlu Məhəmməd
Cahan Pəhləvan dəfn olunub. Burada 2003-cü ildə qiymətli
daşdan nəfis şəkildə əsaslı bərpa
işləri aparılıb. Sərdabə orijinal quruluşlu
olub, zəngin tərtibata malikdir. Onun bu quruluşu sonralar Qərbdə,
qotika memarlığında tətbiq edilib».
Söhbət əsnasında Fazil
müəllim maraqlı bir faktı da diqqətə
çatdırdı: «Orta əsr səyyahları, XIX əsrə
aid rəsm əsərlərindən və fotoşəkillərdən
görünür ki, Möminə xatun türbəsinin
yanında monumental tikililər, o cümlədən, Came məscidi,
baş tağ olub. Əfsuslar olsun ki, kompleks bizə qədər
gəlib çatmayıb».
Gülüstan türbəsi
Mədəni irs siyahısına
salınması nəzərdə tutulan digər abidə isə
Culfa rayonu yaxınlığında yerləşən
Gülüstan türbəsidir. Abidə Araz
çayının sahilində sərhədə yaxın yerdə
tikilib. Türbənin digər abidələrdən fərqli
olaraq kərpicdən deyil, daşdan tikildiyini deyən mütəxəssis
onun Türkiyənin ərazisində olan Səlcuq sülaləsi
dövrünə aid kiçik türbələrə bənzədiyini
bildirdi: «Abidə XIII əsrdə Möminə Xatun türbəsinin
təsiri altında inşa olunub və Azərbaycanın
qülləvari türbələri qrupuna daxildir. Türbənin
12 üzlü gövdəsi qırmızı
qumdaşından, orijinal quruluşlu kürsülüyü
(küncləri kəsilmiş kub formasındadır) isə
yonulmuş daşdan tikilib. Azərbaycanın digər türbələrindən
fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi
yerüstü hissədə (kürsülü) yerləşir.
Kürsülük xaricdən kəsik piramida, daxildən
silindrik quruluşa malikdir. Türbənin üst çadır
örtüyü tamamilə dağılmışdır. Odur
ki, bu çadır örtüyünün piramidaya oxşar və
ya konik biçimdə olmasını müəyyənləşdirmək
çətindir. Türbənin səthləri oyma həndəsi
ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla
çərçivələnib. Əcəmi
Naxçıvaninin türbələrində olduğu kimi,
burada da taxçaların içi incə həndəsi
naxışlarla örtülüb. On iki üzdə
naxışları diqqətlə nəzərdən
keçirdikdə aydın olur ki, burada ardıcıllıq
yalnız ardıcıl təkrarlanan üç növ həndəsi
naxış çeşnisindən ibarətdir. Belə
türbələrin geniş yayıldığı ərazi
Anadolu olduğuna görə, Gülüstan türbəsini mərkəzi
Azərbaycan və Anadolu Səlcuq türbələrinin soy
birliyinin baş göstəricisi hesab etmək olar».
Quda xatun türbəsi
Orta əsr
memarlığının ən qiymətli yadigarlarından
biri də Naxçıvanın Kəngərli rayonunun
Qarabağlar kəndində yerləşir. Quda xatın
türbəsi də bu kompleksə aiddir. Qarabağlar abidələri
bir kompleks şəklində olub, buraya türbə, qoşa
minarə və bu iki abidənin arasında yerləşən
dini binanın qalıqları daxildir.
Fazil müəllimin sözlərinə
görə, bu kompleksə daxil olan qoşa minarələrin
XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində
tikilməsi güman edilir: «Bu iki minarəni bir-birinə
bağlayan portal quruluşu isə XIV əsrə aid
quruluşdur. Bu kiçik portalın üzərində Qoday
xatunun adı oxunur. Bəzi mənbələrə görə,
Qoday xatun Hülakülər dövlətinin hakimi olmuş
Abaqa xanın xanımı olub. Belə mülahizə
yürütmək olar ki, hələ XII-XIII əsrlərdə
tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə
bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd
qoymuş memar, o zaman bu portalı tikib. Belə olduqda
Qarabağlar türbəsinin Qoday xatunun xatirəsinə həsr
edilməsi imkan daxilindədir».
Qoşa minarənin XII əsrin sonu
- XIII əsrin əvvəllərində tikildiyinin ehtimal
olunduğunu deyən sektor müdiri minarələri bir-birinə
bağlayan baştağın isə XIV əsrə aid
olduğunu deyir. Qeyd edək ki, Qarabağlar türbəsinin səthi
qırmızı və firuzəyi kaşılı kərpiclə
örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə
bəzədilib. Türbənin kompozisiya xüsusiyyəti 4
baştağlı olmasıdır. Bu baştağlar şimal,
cənub, qərb və şərq istiqamətlərində
yerləşərək türbəyə 4 fasadlı görkəm
verir. Baştağların səthi kaşı ilə
örtülüb, həndəsi və nəbati
naxışlarla bəzədilib. Fazil müəllimin sözlərinə
görə, Quda xatun türbəsinin konus şəklində
olmuş yuxarı günbəzi və müvafiq kitabələri
dağıldığından türbənin tarixini dəqiq təyin
etmək mümkün deyildir: «Lakin bütün tədqiqatlar
türbənin XIV əsrin əvvəllərində tikildiyini
göstərir».
Abidələrin vəziyyətinə
gəlincə, Fazil müəllim bildirdi ki, Mömünə
xatun türbəsi artıq bərpa olunub. Quda xatun türbəsində
də Mədəniyyət Nazirliyinin xətti, Dünya
Bankının dəstəyi ilə 2004-2005-ci illərdə
alman mütəxəssisləri tərəfindən təmir-bərpa
işləri aparılıb».
Bir sözlə, Şərq
memarlıq inciləri hesab edilən abidələrimizin
Dünya İrs Siyahısına salınması, onların
UNESCO-nun tələblərinə
uyğunlaşdırılması istiqamətində müəyyən
işlərə başlanılır. F.Məmmədovun fikrincə,
belə bir addım bizə həm də siyasi cəhətdən
vacibdir: «Bilirsiniz ki, bizim bədnam qonşularımız öz
acgöz baxışlarını indi də Naxçıvana tərəf
yönəldiblər. Bütün elmi konfranslarda
Naxçıvandan söz açırlar. Guya bu torpaqda ermənilərə
aid mədəni irs var. Doğrudur, biz onlara lazımi cavabı
veririk. Bu qədim diyarın abidələrini UNESCO-ya daxil etməklə
onların Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyəcəyik».
Mehparə
Mədəniyyət.-
2011.- 29 iyul.- S. 8.