Elektron vizanın tətbiqi ölkəyə turist axınını sürətləndirəcək
Azərbaycanda
istirahət etmək xaricdə dincəlməkdən baha deyil
Azərbaycan vətəndaşları
ölkə daxilində istirahətə daha çox
üstünlük verirlər. Mədəniyyət və Turizm
Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın
İsmiyevin sözlərinə görə, son illərin
müşahidələrinə əsasən bunu söyləmək
olar.
Şöbə müdiri hesab edir
ki, bu, Azərbaycanın turizm şirkətlərinin göstərdiyi
xidmətlərin səviyyəsinin yüksəlməsi və
ölkə daxilində infrastrukturun qurulması ilə
bağlıdır: «Daxili turizm bazarında artıq müəyyən
infrastruktur qurulub, mehmanxana və turizm şirkətlərimiz
çeşidli xidmətlər göstərirlər. Əksər
hotellərdə müştərilərə gün ərzində
3 dəfə yemək daxil olan xidmət paketi təklif edilir.
Hesab etmirəm ki, Azərbaycanda daxili turizm xidmətlərinin
qiymətləri bahadır. Çünki indi Azərbaycan
hotellərində gündə 40 manat ödəməklə
normal istirahət etmək mümkündür. Bu qiymətə
gün ərzində 3 dəfə yemək yeməklə normal
istirahət etmək olar. Bu, o deməkdir ki, 10 gün dincələn
şəxs yeməklə birlikdə istirahətinə 400 manat
xərcləyəcək. Amma Azərbaycandan Antalyaya, ya da
harasa getmək istəyən şəxs təkcə nəqliyyat
xərci üçün 300-400 manat sərf edir. Buna görə
də Azərbaycanın daxilində istirahət etmək xaricdə
dincəlməkdən baha alınmır».
Şöbə müdirinin sözlərinə
görə, Azərbaycan turistləri xarici ölkələrdən
daha çox Türkiyə və Gürcüstana səfər
edirlər. Turistlərimizin Türkiyə və
Gürcüstanı seçmələrinin əsas səbəbi
həmin ölkələrin Azərbaycanla qonşu
olmasıdır: “Digər bir səbəb də dil baxımdan
problemin olmamasıdır. Xarici dilləri bilənlər isə
Avropa ölkələrində özlərini daha rahat hiss edirlər».
A.İsmiyev ölkəmizdə gəlmə
turizmin inkişafından da danışaraq bildirib ki, Azərbaycanda
turistlərə elektron vizalar veriləcək. Onun sözlərinə
görə, elektron vizaların verilməsi ilə əlaqədar
bu prosesin sadələşdirilməsi təklifi irəli
sürülüb: «Hazırda elektron vizanın tətbiqi
üçün işlər aparılır. Amma elektron
vizaların verilmə prosesinin nə vaxtdan
başlayacağı hələ məlum deyil. Bu yeniliyin tətbiqi
üçün yeni sistem qurmaq,
avtomatlaşdırılmış sistem yaratmaq, blanklar
hazırlamaq lazımdır. Elektron viza sistemi tətbiq edildikdən
sonra turistlər sənədlərini internet vasitəsilə səfirlik
və konsulluğa təqdim edəcəklər. On beş
gündən sonra isə onlara müsbət və ya mənfi
cavab veriləcək».
Şöbə müdirinin sözlərinə
görə, elektron vizanın tətbiqi ölkəyə turist
axınının artmasına zəmin yaradacaq.
Qeyd edək ki, ötən il Azərbaycana
xaricdən 1 milyon 968
min turist gəlib. Bu ilin ilk 6 ayında
isə bu göstərici 1 milyon 16 minə yüksəlib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 29 iyul.- S. 9.