Bakı Turizm İnformasiya Mərkəzində koreyalı qonaqlarla görüş

 

  İyulun 26-da Bakı Turizm İnformasiya Mərkəzində BMT-nin Azərbaycanda turizmin inkişafı layihəsinin koordinatoru Faiq Qürbətov Cənubi Koreyanın şəhər bələdiyyələrinin nümayəndələri ilə görüşüb.

  

   Azərbaycanın turizm potensialını və bu sahənin sürətli inkişafını əks etdirən slaydlar qonaqlara nümayiş etdirildikdən sonra Faiq Qürbətov ölkəmizdə son illər turizm sahəsində görülən işlər barədə məlumat verib. O bildirib ki, Azərbaycanda ildən-ilə bu sahədə 10-12 faiz irəliləyiş əldə edilir. F.Qürbətovun sözlərinə görə, 2001-ci ildə bütün ölkə ərazisində cəmi 6 turizm şirkəti vardı: «Hazırda Azərbaycanda 210 turizm şirkəti Mədəniyyət və Turizm Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərir. Bütün ölkə ərazisində 499 mehmanxana və mehmanxana tipli obyekt turistlərə xidmət edir. Bu il ölkə başçısı tərəfindən Azərbaycanda «Turizm ili» elan edilib. İl ərzində görülən işlər və bundan sonra həyata keçiriləcək layihələr ölkəmizdə turizmin inkişafını daha da sürətləndirəcək. Artıq bir neçə dünya brendi olan hotel istifadəyə verilib. 2011-ci ilin sonuna qədər daha bir neçə beşulduzlu hotelin də fəaliyyətə başlayacağı gözlənilir».

   Cənubi Koreyanın şəhər bələdiyyələrinin nümayəndələri də öz növbələrində Azərbaycanda səfərdə olduqları bir neçə gün ərzində apardıqları müşahidələrə əsasən turizmin inkişafını yüksək qiymətləndiriblər. Qonaqlar Azərbaycanla Cənubi Koreya arasında turizm sahəsində geniş əməkdaşlığın qurulmasının hər iki ölkə üçün əhəmiyyətli ola biləcəyini vurğulayıblar.

   Qeyd edək ki, iyulun 27-də Cənubi Koreya təmsilçiləri Azərbaycanın dilbər guşələrindən olan Şəkiyə səfər ediblər.

 

 

   Fəxriyyə Abdullayeva

  

   Mədəniyyət.- 2011.- 29 iyul.- S. 9.