“Tamaşaçılarımıza
öz seriallarımızı sevdirməliyik”
Azərbaycanda teleserial çəkilişi
hansı qaydalarla inkişaf edir?
Sovet teleməkanında ilk teleserial nümayişi
1988-ci ildə “Kölə
İzaura” ilə başladı. Mərkəzi telekanalla nümayiş olunan Braziliya teleserialı bütün sovet respublikalarında, o cümlədən Azərbaycanda
populyar oldu. Bunun ardınca digər əcnəbi serialların telekanallara axını başladı:
“Varlılar da ağlayır”, “Sadəcə Mariya” və s. Çox keçmədi ki, teleekrana çıxan “İtkin gəlin” (1994) adlı yerli serialımız reytinqinə
görə heç də yuxarıda sadalananlardan geri qalmadı. Əlibala Hacızadənin eyniadlı romanı əsasında rejissor Lütfi Məmmədbəylinin
çəkdiyi 12 seriyalı
ekran əsəri azərbaycanlı tamaşaçı
üçün yenilik
olmaqla bərabər, doğma idi. Hərçənd onu da etiraf etmək lazımdır ki, bu doğmalıq filmin bədii keyfiyyətlərindən daha
çox yazıçı
Ə.Hacızadənin Azərbaycanda
böyük populyarlıq
qazanmış əsərindən
irəli gəlirdi.
90-cı illərin
teleserial mənzərəsindən
sonra 2000-ci illərdə
bir az
fərqli məkana, Türkiyəyə üz tutduq. Teleefir Azərbaycan tamaşaçısını
Avropa və ya Latın Amerikası
ekran qəhrəmanlarından
uzaqlaşdırıb daha
doğma personajlarla üz-üzə qoydu.
Bu gün “Kurtlar vadisi”, “Öyle bir geçer zaman ki”, “Aşk
və ceza”, “Fatmagülün suçu
ne?” və s. Türkiyə
teleserialları evlərimizə
növbə ilə qonaq gəlir. Təbii ki, bu ilk olaraq
tamaşaçının seçimidir.
Çünki yerli teleserialların az
və ekran əsəri kimi zəif olması bu seçimi şərtləndirir. Düzdür,
son vaxtlar Azərbaycan
telekanallarında nümayiş
olunan “Bacanaqlar”, “Qızlar”, “Susmuş vicdan”, “Küləklər
şəhəri”, “Aramızda
qalsın” yerli teleseriallar müəyyən
qığılcımın yaranmasından xəbər
verir.
Dinamik inkişaf tələb
edən dövrümüzdə
tamaşaçının teleseriallara
olan münasibətini
öyrənmək üçün
kiçik bir sorğu keçirdik.
Teleseriala münasibətiniz necədir?
Afaq Həşimova (33 yaş, iqtisadçı): - İşdən
yorğun gəlib ev işləri
görürəm və
seriala baxmaq mənim üçün həm də bir istirahətdir. Türkiyə seriallarına üstünlük
verirəm. Ancaq yerli
seriallara da hərdən baxıram.
İstərdim ki, özümüzün
baxımlı, maraqlı
dramatik seriallarımız
olsun.
Rəna Axundova (23 yaş, tələbə) - Teleseriala
o qədər ciddi yanaşmıram. Adətən boş vaxtı
olanlar seriala dəyər verir. Mənim buna vaxtım yoxdur. Amma hər hansı
teleserial cəmiyyətə
müsbət fikirlər
aşılayırsa bunu
alqışlayıram.
Baba Hüseynov
(30 yaş, həkim) -
Məncə, buna tələbat varsa, deməli lazımlıdır.
Özüm xüsusi olaraq
izləmirəm, sadəcə
pult əlimdə telekanalları çevirəndə
marağımı çəkən
nəsə olsa, baxıram. Bunun bir aludəçiliyə
çevrilməsinə qarşıyam.
Esmira Məmmədova (27 yaş,
reklam mütəxəssisi)
- Teleserialın öz
yeri var. Ağır iş günündən sonra “art-house” filmə baxmaq mümkün deyil. Beynin həzmi üçün
yüngül qida lazımdır. Serial da bu rolu
oynayır. Amma daha
çox keyfiyyətli,
güclü dramaturji bazası olan seriallara üstünlük
verirəm. Bu baxımdan yerli teleseriallarımız zəifdir.
Ülvi Rəhimov (40 yaş, icraçı direktor) - Mən ancaq Rusiya telekanallarında yayımlanan teleseriallara baxıram. Xüsusən komediya janrına
üstünlük verirəm.
İşim gərgindir. Yorğunluğumu çıxarmağa komediya janrlı seriallar kömək edir. Yerli teleserialları izləmirəm.
Səadət Allahverdiyeva (50 yaş, evdar qadın) - İzləyirəm. Çox da
xoşlayıram. Mən
adətən evdə iş görə-görə
seriala baxıram. Digər insanların taleləri mənə çox maraqlıdır. Bu hər hansı bədii əsər kimidir. Qəhrəmanların pərəstişkarına çevrilirik. Onlar hər
gün evimizə qonaq gəlir. Hətta
serial bitəndə təəssüflənirik.
Ancaq heyf ki, öz
seriallarımız elə
də baxımlı deyil.
Mədinə İbrahimova (75 yaş, təqaüdçü) - Günümün
çox hissəsi
radio dinləmək və
ya televiziya seyr etməklə keçir. Yerli kanallarda nümayiş
olunan teleseriallara baxıram. “Həzrəti
Yusif”i sevə-sevə
izləyirdik. İstərdim ki, bizdə də bu cür
tərbiyəvi, maarifləndirici
seriallar çəkilsin.
Kamran Ağabalayev (30 yaş. kinoşünas) - Üstünlüyü
Amerika seriallarına verirəm. Güclü dramaturgiyası olmaqla
bərabər, xüsusi
effektlərlə zəngin
seriallar bədii filmlərin çoxseriyalı
versiyasıdır. Bunun müəyyən
maddi və texniki tərəfləri
var. Hər halda bizdə də bu sahədə aşağıdan başlayıb,
yuxarıya doğru irəliləməyin zamanı
gəlib.
Azərbaycanda serial bazarı necə
inkişaf edir?
“Küləklər
şəhəri” serialının
rejissoru Samir Qulamov bu suala
belə cavab verdi: “Azərbaycanda
serial çəkmək müəyyən
çətinliklərlə bağlıdır. “Artist” kinoşirkəti olaraq çəkdiyimiz “Küləklər
şəhəri” serialının
maliyyələşməsini də özümüz həyata keçiririk.
Serialın ssenaristi, operatoru,
rejissoru da mənəm. 4 nəfərlik texniki heyətlə çalışmaq
asan deyil. Serial kinoda yetişmək,
püxtələşmək üçün ideal imkandır.
Həmçinin kinomuzda
aktyor heyəti formalaşdırmaq, azərbaycanlı
obrazını yaratmaqda
serial yardımçı ola bilər. Ətrafda peşəkarlar və ya peşəkar mühit olduqda inkişaf asan gedir. Hələlik bu sahə bizdə yeni inkişafa başlayıb.
Tamaşaçılarımıza öz teleqəhrəmanlarımızı
nümayiş etdirməli,
onlara tədricən öz seriallarımızı
sevdirməliyik. Mən çıxış
yolunu telekanallarda xarici serialların nümayişini məhdudlaşdırmaqda
görürəm. O zaman
biz məcburən çəkməyə
başlayarıq. İlk mərhələdə
pis çəkəcəyik,
ancaq təbii ki, inkişaf olacaq. Və nəticə bizim
xeyrimizə olacaq.
Serial çəkilişi telekanal sifarişi əsasında həyata keçirilməlidir. Bizdə isə
vəziyyət tam fərqlidir.
Çəkdiyimizi təqdim edirik
və telekanal da maddi qarşılığı
olmadan bunu efirə verir”.
“Arı” prodakşnın çəkdiyi
“Bacanaqlar” serialının
rejissoru Ramin Hacıyev əsas problemin maliyyəyə söykəndiyini dedi: “Türkiyə seriallarına
olan tamaşaçı
marağı inkaredilməzdir.
Lakin Türkiyə serialının
bir seriyasına verilən pul bizə ödənilsə
inanın ki, biz də o səviyyədə
serial çəkə bilərik.
O halda aktyor seçimi də uğurlu olar, onlara yüksək qonorar ödəyərik və aktyor yaxşı oynamaqda maraqlı olar. Məsələn, “Bacanaqlar” serialını
evdə çəkirik.
Bizə isə pavilyonda işləmək lazımdır.
Texniki məsələlər çox
önəmlidir. Peşəkar, göz oxşayan işin peşəkar tələbləri var. Mənim
istədiyim odur ki, problemlə üzləşib ondan qaçmayaq. Çəkməyi davam edək. Biz 2005-ci ildə “Qonşular” serialını
çəkməyə başlayanda
çox istəyirdik ki, bizdə serial olsun və çox
sevindirici haldır ki, bu gün
az da olsa
bizdə seriallar çəkilir”.
Hansı mövzuda seriallar çəkməliyik?
Samir Qulamov: “Küləklər
şəhəri” serialı
narkomaniyadan bəhs edir. Biz daha çox ibrətamiz məqamları göstərməyə
çalışırıq. Bundan başqa, cəmiyyətimizdə qadına
münasibəti, gender məsələlərini
gündəmə gətirmək
lazımdır. Zənnimcə, cəmiyyətdə aktual nədirsə, onu məhz serial vasitəsilə
çatdırmaq olar.
Çünki serial hər evin
gündəlik qonağıdır.
Təsir baxımından
daha güclü ola bilər”.
Ramin Hacıyev: “Serial mütləq
tamaşaçının zövqünə
uyğun çəkilməlidir.
Digər ölkələrdə
sistem belədir: bəyənilməyən, reytinq
gətirməyən serialın
istehsalı dərhal dayandırılır. Serialın mövzusu
aktual olmalıdır.
Müxtəlif janrlı seriallar
çəkilməlidir. Bizim prodakşn komediya janrına üstünlük
verir və daha çox məişət mövzusunda
çəkirik. Ancaq çox
istərdim ki, Azərbaycanda müxtəlif
janr və mövzulu seriallar çəkilsin. Əsas bu
bazara atılmaqdır.
Əminəm ki, bizdə
də alınacaq”.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 29 iyul.- S. 11.