Dili yaşadan onun mənsub olduğu xalqdır

 

   1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

  

   Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin özünü isbatı, həyat tərzi, mədəni irsidir. Bunu qərinələr, tarix sübut edir. Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlamışdır.

  

   Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir. Ana dili elə bir ünsiyyət vasitəsi, ictimai, mədəni-mənəvi hadisədir ki, başqa dillərdə yaranmış mədəniyyətləri özündə ehtiva edir.

   Ümumiyyətlədilüç hərfdən ibarət olan sözdür. Birinci hərf mənəviyyat adlı daxili dünyadır, ikinci hərf içimizdən xaricdəki dünya, üçüncü hərf isə bu iki dünya arasında olan körpüdür. Dil hər ölənlə birgə ölməsə , hər doğulanla birgə doğulan əbədiyaşar bir varlıqdır. Planetimizin ilk millətlərindən olan latınlar bu gün tarix səhnəsində olmasalar da, dilləri qalıb. İndi bu dil cahan boyu addımlamaqda, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşəriyyətin sağlamlığına xidmət edən tibb elminin terminlər dünyasını öz varlığında daşımaqdadır. Ağır xəstəliklərə düçar olub, ölən xalqın dili bu gün bütün dünya xalqlarını xəstəliklərdən xilas etməkdədir.

   Dil haqqında görkəmli rus yazıçısı pedaqoqu Konstantin Uşinski demişdir: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”. Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı.

   Hər bir xalqın milli-mənəvi sərvəti olan dil zaman keçdikcə ya inkişaf edib zənginləşir, ya da əksinə, başqa dillərin təsiri ilə əriyib yoxa çıxır. Ona görə dili yaşadan, inkişaf etdirən, zənginləşdirən onun mənsub olduğu xalqdır. Dil ürəyin güzgüsü, insan kamilliyinin açarıdır.

   Hər xalqın öz dili var, mənim eləcə. Azərbaycan dili zaman-zaman inkişaf edib, zənginləşib. Bu gün Azərbaycan dili təkcə 9 milyonluq Azərbaycan Respublikasının deyil, Şimaldan Cənuba, Şərqdən Qərbədək planetimizin 70-dək ölkəsində yaşayıb-yaradan 50 milyonluq xalqın dilidir. XIX əsrdə Qafqaza gələn fransız yazıçısı Aleksandr Düma öz qeydlərində yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”.

   Milli liderimiz, uzaqgörən şəxsiyyət Heydər Əliyevin dilimizə olan münasibətini xüsusilə vurğulamaq lazımdır. O, ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Milli lider ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Böyük öndərin 2001-ci ilin 9 avqustunda imzaladığıAzərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqındafərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilimizə yeni nəfəs, yüksəliş verdi.

   Ana dili millətin mövcudluğu, gələcəyi, soyumuzun, mədəniyyətimizin ifadəsidir. Gəlin, dilimizi qoruyaq, ona hörmət edək, onu yabançı sözlərlə korlamayaq. Ana dilimizə övlad sevgisi ilə yanaşaq.

   Azərbaycan dili dünyanın ən şirin, ən mükəmməl, ən zəngin, ən poetik dillərindən biridir. Onun saflığını, büllurluğunu göz bəbəyi kimi qorumaq, milli sərvətimizin keşiyində ayıq-sayıq dayanmaq hər bir vətəndaşın müqəddəs borcu, gündəlik vəzifəsidir.

  

 

   Şəbnəm Babaşova,

   Səbail rayon MKS-nin Mərkəzi

   Kitabxanasının baş metodisti

 

   Mədəniyyət.- 2011.- 29 iyul.- S. 12.