“Məni Laçın rəssam etdi

 

   Yusif Mirzə: “Hərdən həmin o təsvirləri, nostalji hissləri geri qaytarmaq istəyirəm və bu yeni əsərlərin meydana gəlməsinə kömək edir”

  

   Özünəməxsus yaradıcılıq yolu, üslubu, dəst-xətti ilə tanınan rəssam Yusif Mirzənin əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanır.

   Sənətdə ənənələrin qorunub saxlanması ilə bərabər, novatorluğa xüsusi əhəmiyyət verən rəssamın yaradıcılığında arxaikliklə müasirlik, sadəlik, lakonikliklə polifoniklik vəhdət təşkil edir. Rəssamın ənənəvi materiallarla - pastel, tuş, akvarel, yağlı boya, kömür, sangina, sepiya və s. vasitələrlə yaratdığı əsərlər dərin psixoloji təsir gücünə, sehrli bir ovqat yaratmağa, fəlsəfi ümumiləşdirmə qabiliyyətinə malikdir. Onunla söhbətimiz də elə bu mövzuda oldu.

   - Rəssam olmaq arzusu necə yarandı?

   - Doğulduğum Laçın torpağını sanki təbiət özü rəssam fırçası ilə yaradıb. İlin bütün fəsillərində əsrarəngiz təbiəti ilə insanı özünə heyran edən kəndimiz məni uşaq yaşlarımdan yaradıcılığa sövq etdi. Erkən yaşlarımdan rəsmlər çəkməyə başladım və ilk rəsmlərim “Pioner” jurnalında çap olundu. Sonra 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun bədii-qrafika fakültəsinə daxil oldum. 1980-ci ildə institutda “Laçın etüdləri” adlı ilk fərdi sərgim təşkil olundu. 1981-1985-ci illərdə Laçın xalq teatrında rəssam işlədim, bir çox tamaşaların tərtibatını verdim. Dünyanın müxtəlif yerlərində olmuşam, amma Laçınla bağlı uşaqlıq və gənclik təəssüratlarım indiyə qədər yaddaşımda silinməz iz olaraq qalmaqdadır. Hərdən mənə elə gəlir ki, həmin o cizgiləri, təsvirləri, nostalji hissləri geri qaytarmaq istəyirəm və ömür boyu bu arzu məni təqib edərək yeni əsərlərin meydana gəlməsinə kömək edir.

   - Sənətdə müəllimləriniz kim olub?

   - Sənətşünas Ziyadxan Əliyevin mənimlə bağlı belə bir fikri var: “Yusif Mirzə rəssamlıq məktəbini doğma kəndi hesab edir”. Doğrudan da məni Laçın rəssam etdi. Amma bütün bunlarla yanaşı, sözsüz ki, müəllimlərim Nadir Əbdürrəhmanlının, Fikrət Haşımovun rəssamlıq və heykəltəraşlıq sənətində mənə böyük dəstək və köməyi olub. Onlardan çox şey öyrənmişəm.

   - Rəsm çəkmək istəyiniz daha çoxvaxt yaranır?

   - Rəssamlıq özünüifadə sənətidir. Ömrün müəyyən mərhələlərində bir çox şeylərə nail olursanbundan sonra özünütəsdiq, özünüdərk mərhələsi gəlir. Son mərhələdə sən özünlə yanaşı dünyanı da dərk edirsən. Bütün bunlar da istər-istəməz əsərlərdə özünü göstərir.

   - Əsərlərinizə baxanda sanki bir qədimlik, ənənəvilik, tarixilik hiss olunur. Tarixə meylli olmağınız nədən irəli gəlir?

   - Təbii ki, hər bir rəssamın müxtəlif janrlarda seçimi olur. Tələbəlik illərindən miniatürlərə böyük həvəsim var idi. Sonra daha yaxından maraqlanmağa başladım, eksperimentlər apardım. Bu günə qədər də araşdırmalarım davam edir. Tarixi, xalça ənənələrini, saxsı qabları, qədim daş heykəlləri öyrənmək həmişə maraqlıdır. Özümü daha çox tədqiqatçı rəssam hesab edirəm.

   - Əsərləriniz müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır, çox ölkələrdə sərgiləriniz olub. Norveçlə isə daha sıx əlaqələriniz var...

   - Bəli, 10 ildən çoxdur ki, Norveçlə sıx əlaqələrim var. Norveç Humanitar Müəssisəsi ilə əməkdaşlıq edirəm, bir çox maraqlı layihələr həyata keçirmişik. 2002-ci ildə keçirilən fərdi sərgim məşhur Norveç alimi, səyyah Tur Heyerdalın xatirəsinə həsr olunmuşdu. Həmin sərgidə alimin xatirəsinə həsr etdiyimTil Thor Heyrdahls Minne” əsərim də nümayiş etdirildi. İndi bu əsər Kontiki Museum-da saxlanılır. 2007-ci ilidə Norveçdə səfərdə oldum, TrisilStavanger şəhərlərində fərdi sərgilərim təşkil olundu. Bundan başqa, 2001-ci ildə dahi rumın heykəltəraşı Konstantin Brınkuşun yaradıcılığını sevən və təbliğ edən rəssam kimi onun doğma Tırqu-Jiu şəhərinə dəvət aldım, orada fərdi sərgim açıldı. Azərbaycanla Rumıniya mədəni əlaqələrinin inkişafında fəallığıma görə mükafata layiq görüldüm. 2010-cu ildə Finlandiyada, Anne Grohnla birlikdə tərtib etdiyimizNyt Betlehemiin” kitabı çapdan çıxdı. Kitabda 20 rəsmim təqdim olunub. Türkiyə, ABŞ, Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, Danimarka, İsrail, Avstraliya, Hindistan, Kolumbiya, Kanada, Rusiyas. ölkələrdə əsərlərim şəxsi kolleksiyalardadır.

   - Nə vaxtsa Azərbaycandan kənarda yaşayıb yaratmaq haqqında düşünmüsünüz?

   - Mən yaradıcılıq enerjimi doğma torpaqdan alıram və Azərbaycansız yaşamağı təsəvvür edə bilmirəm. Hər səhər pəncərəmdən gördüyüm Xəzər mənim yaşamağıma daha da böyük stimul verir.

   - Rəssam və şöhrət. Bu barədə nə düşünürsünüz?

   - Şöhrət barədə çox düşünmürəm. Şübhəsiz işimiz elədir ki, reklam da lazımdır, təbliğat da olmalıdır. Amma sırf şöhrət ardınca qaçmaq lazım deyil. Mənə elə gəlir ki, yüksək sənət ideyaları ilə yaşayan adamı şöhrət özü gec-tez gəlib tapır.

   - Tələbələriniz var?

   - “Baku İnternational School”da bir müddət dərs demişəm. Mərdəkandakı 3 saylı internat məktəbində xəstə uşaqlara dərs keçmək mənim üçün maraqlıdır. Uşaq Rəsm Qalereyasında onların sərgilərini təşkil etmişdik. Bu da norveçlilərin layihəsi idi. Kolumbiyadan, Xorvatiyadan, Qazaxıstandan rəssamlıqla maraqlanan insanlar var ki, emalatxanama gəlir, nələrisə öyrənməyə çalışırlar.

   - Hazırda hansı əsər üzərində işləyirsiniz?

   - Yeni əsərim özündə Şumer-Akkad, Assuriya ənənələrini əks etdirir. Əsərə NəsimininEyləqəzəlindən bir misranı - “Dünya duracaq yer deyil, ey can, səfər eyləadını vermişəm.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2011.- 29 iyul.- S. 15.