“Türkiyə-Rusiya münasibətlərində
Azərbaycan məsələsi”
1917-1922-ci
illərin tarixini əks etdirən kitab təqdim olundu
Mayın 27-də Azərbaycan Universitetində tarix elmləri
üzrə fəlsəfə doktoru Vasif Qafarovun yeni
çapdan çıxmış «Türkiyə-Rusiya münasibətlərində
Azərbaycan məsələsi (1917-1922)» adlı
kitabının təqdimatı keçirildi.
Kitabda tariximizin mürəkkəb,
ziddiyyətli bir dövrünü, Rusiya imperiyasının
dağılması, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması, süqutu və Azərbaycanda sovet hakimiyyətinin
ilk illəri, bu dövrdə cərəyan edən Türkiyə-Rusiya
münasibətləri əksini tapıb.
Tədbirdə iştirak edən
tanınmış tarixçi alimlərdən Süleyman Əliyarlı,
Cəmil Həsənli, Xaləddin İbrahimli, Azad Rzayev,
Firdovsiyyə Əhmədova və digərləri
çıxış edərək kitabla bağlı fikirlərini
qeyd etdilər və bu əsəri Azərbaycan tarix elminin
mühüm bir nailiyyəti kimi qiymətləndirdilər.
Azərbaycan və xarici ölkələrin
ilkin arxiv sənədlərinə əsaslanan müəllif
1917-1922-ci illərdə Türkiyə-Rusiya münasibətlərinin
düyün nöqtəsinə çevrilən «Azərbaycan
məsələsi»ni regionda və bütövlükdə beynəlxalq
münasibətlərdə cərəyan edən hadisələr
fonunda tədqiq edərək bu dövrün obyektiv tarixi mənzərəsini
yarada bilib. Kitabda «Azərbaycan torpaqlarında Ermənistan
dövlətinin yaranması və İrəvanın ermənilərə
verilməsi», «Naxçıvanın statusunun müəyyən
edilməsi», «Bakı nefti uğrunda beynəlxalq mübarizə»,
«1920-ci ilin aprel işğalının əsl mahiyyəti» kimi
məsələlər arxiv sənədləri əsasında
incəliklərə qədər araşdırılıb.
Kitabda istifadə edilən sənəd və materialların
böyük bir qismi ilk dəfə geniş oxucu kütləsinə
təqdim edilir. Kitab beynəlxalq münasibətlər tarixi ilə
məşğul olan mütəxəssislər, bu ixtisas
üzrə təhsil alan tələbə və magistrlər,
eləcə də kütləvi oxucu auditoriyası
üçün nəzərdə tutulub.
Vasif Qafarov bizimlə söhbətində
bildirdi ki, bu onun Azərbaycanda nəşr olunan ikinci
kitabıdır. Tarixçi-alimin ilk kitabı «I Dünya
müharibəsinin son mərhələsində böyük
dövlətlərin Bakı nefti uğrunda mübarizəsi»
adlanır. Kitab «Birinci Cahan hərbində Bakı petrolu»
adı ilə Türkiyədə də çap olunub. Alimin
«Böyük dövlətlər qısqacında
bağımsız Azərbaycan» adlı daha bir kitabı 2010-cu
ildə Türkiyədə işıq üzü görüb
və böyük maraq doğurub, 5 min nüsxə
satılıb.
Yeni kitabı barədə
danışan müəllif onun son 5 ildə
apardığı tədqiqatlar nəticəsində ərsəyə
gəldiyini dedi. Kitabda Türkiyə (Osmanlı), Almaniya,
Gürcüstan, Rusiya və Azərbaycan arxivlərinin
materiallarına istinad olunub. Müəllif kitab üzərində
çalışarkən xüsusilə Osmanlı arxivlərində
geniş tədqiqat işi aparıb: “Bu arxivlərdə bir
çalışdım və 30 min səhifədən
yuxarı sənəd əldə etdim. Bu sənədlər o
vaxtadək Azərbaycan arxivlərindən bəlli olan bir
çox sənədlərə bizi yenidən baxmağı zəruri
etdi. O dövrdə Azərbaycanla Türkiyə arasında
imzalanmış ilkin sənədlərdə müqavilələr
Osmanlı türkcəsində yazılıb, sonradan Azərbaycan
və rus dillərinə tərcümə olunub. Tərcümə
variantlarında böyük səhvlər vardı. Məsələn,
1918-ci ilin iyununda imzalanan Batum müqaviləsi 11 maddədən
ibarətdir. Bu maddənin 9-u Azərbaycan dilinə səhv tərcümə
olunub. Digər mühüm məsələlərdən biri
İrəvanın Ermənistana verilməsi ilə
bağlıdır. Tarixi sənədlər göstərir ki,
M.Ə.Rəsulzadə, F.Xoyski bu məsələdə kəskin
müqavimət göstəriblər. Amma dövrün
reallıqları da başqa idi. İrəvanın verilməsi
məsələsi ilə bağlı aparılmış
danışıqlar, onların yekunları tam şəkildə
bu kitabda öz əksini tapıb. Ümumiyyətlə,
cümhuriyyət dövrü ilə bağlı bir çox
tarixi sənədlər var ki, onlar hələ öz tədqiqatçılarını
gözləyir”.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 15