Xalq şairi Nəriman Həsənzadənin yubileyi doğma rayonunda qeyd olunub
Mayın 30-da Ağstafa şəhərindəki Heydər
Əliyev Mərkəzində müasir Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi, Xalq
şairi, Prezident təqaüdçüsü Nəriman Həsənzadənin
anadan olmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli
mərasim keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə Heydər Əliyev
Mərkəzinin qarşısında böyük öndərin
abidəsi önünə tər çiçək dəstələri
qoyaraq xatirəsini yad ediblər.
Mərasimi rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Ramiz Tatarov
açaraq Nəriman Həsənzadənin doğulduğu
Poylu qəsəbəsində, onun ata mülkündə rayon
İcra Hakimiyyətinin təşəbbüsü ilə
inşa olunmuş evin açarlarını şairə təqdim
edərək onu yubileyi münasibətilə bir daha təbrik
edib.
Tədbir iştirakçılarına
“Türkel” televiziyasının şairin uşaqlıq illərinə
həsr edilən qısametrajlı filmi təqdim olunub.
Sonra Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərov, ədəbiyyatşünas
Rüstəm Kamal, şairlərdən Barat Vüsal, Ramiz
Muxtar, İlyas Tapdıq, “Qazax” xeyriyyə cəmiyyətinin sədri
Vidadi Bayramov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov
və başqaları çıxış edərək
şairin həyat və yaradıcılığı barədə
danışıblar. Çıxışlarda qeyd olunub ki, Nəriman
Həsənzadə 34 bədii-poetik kitabın, ”Tariximiz, taleyimiz”
adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr
toplusunun müəllifidir. Şairin
yaradıcılığında azərbaycançılıq,
Vətənə, xalqa bağlılıq hisslərinin
güclü olduğu vurğulanıb. Yubiley mərasimində
incəsənət ustaları şairin sözlərinə bəstələnmiş
mahnılar ifa edib və lirik şeirlərindən
parçalar söyləyiblər.
Tədbirin sonunda şair
bütün iştirakçılara minnətdarlığını
bildirib, xatirələrini tamaşaçılarla
bölüşüb.
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 13.