Uşaqlardan
ilham alan bəstəkar
1 İyun - Beynəlxalq
Uşaqların Müdafiəsi Günüdür
Uşaq hər bir evin, ailənin sevincidir. Bu sevincin dadını onu yaşayanlar daha yaxşı
bilirlər. Bəs görəsən, uşaqlardan ilham alıb
böyük yaradıcılıq yolu ilə addımlamaq nə
dərəcədə sevinclidir? Sevimli bəstəkarımız,
Xalq artisti Oqtay Zülfüqarovla söhbətə də bu
mövzudan başladıq. O, uşaqlara sevgisini belə ifadə
etdi:
- Uşaq dünyası həmişə
məni özünə cəlb edib. Yaşımın
üstünə yaş gəldikcə mən uşaq aləminə
daha da yaxın olurdum. Məsələn, 9-10 yaşında
olarkən 4-5 yaşlı uşaqlarla oynamağa daha çox
üstünlük verirdim. İllər keçdi, yaşa
dolurdum, amma həmişə ürəyim uşaq sevinci ilə
döyünər və özümü uşaq
dünyasından ayıra bilməzdim. Elə indi də belədir.
Bir günüm də uşaqlarsız keçmir. Əgər
keçsə də elə bilirəm ki, həmin gün nə
isə itirmişəm. Uşaqlarla belə sıx ünsiyyətdə
olmağım sanki mənim gələcək taleyim, yəni
bugünkü sənət yolum üçün bir
körpü idi. Çünki o məhəbbət məni sənətdə
də tərk etmədi. Bir sözlə, uşaq aləmindən
heç vaxt ayrıla bilmədim və bilmirəm də. Onlar
doğrudan da mənim ilham mənbəyimdir. Mənim
yaradıcılığımın əsas qayəsi məhz
uşaqlardır, onlarsız sənətimi təsəvvür
edə bilmirəm.
Bu, ömrünün 82-ci
baharını yaşayan qocaman bir sənətkarın fikirləridir.
O, danışdıqca üz-gözündə uşaq
gülüşünə bənzəyən bir təbəssüm
yaranır. Yaşının bu müdrik çağında da
o, uşaqlarla işləməkdən doymur, usanmır. Amma onu
da nəzərə almaq lazımdır ki, uşaqlarla işləmək
elə də asan deyil. Çünki uşaqlar çox incə
qəlbli varlıq olduqlarından onlarla çox həssas
davranmaq lazımdır. Yalnız belə olan halda onlara nə
isə öyrətmək və onlarla işləmək
mümkündür.
Oqtay müəllim də bu fikirləri
bölüşür:
- Siz haqlısınız. Uşaq
aləmi çox zəngin və mürəkkəbdir. Odur ki,
onlarla dil tapmaq da çox çətindir. Bunun
üçün ən vacib olan iki amil var. Bunlardan biri sevgi,
digəri isə səbrdir. Uşaqları sevdikcə həm
onların ürəyinə yol tapa bilirsən, həm də
onlarla təmkinlə davranırsan. Bu zaman uşaq da səni
sevir, yəni sənə meyli artır və dediklərini mənimsəməyə
başlayır. Bundan sonra isə iş qalır pedaqoji təcrübəyə.
Fürsətdən istifadə edib gənc müəllimlərimizə
də üz tutub demək istərdim ki, ilk növbədə
çalışıb uşaqların sevimlisi olsunlar. Belə
olduqda onlarla uşaqlar arasında böyük səmimiyyət,
doğmalıq yaranacaq və öyrətdiklərinin
müqabilində uşaqlardan uğurlu nəticələr əldə
edəcəklər. Uşaqla sərt davrandıqda isə o, səndən
uzaqlaşar. Beləliklə də nə o öyrənmək
istəyər, nə də sən öyrədə bilərsən.
Mən belə düşünürəm. Əslində mən
bu dediklərimi daim öz təcrübəmdə həyata
keçirmişəm.
Hörmətli sənətkarımız
Oqtay Zülfüqarovun bu dedikləri əsil tövsiyədir. Əminik
ki, gənc pedaqoqlar belə dəyərli tövsiyələrdən
bəhrələnərək “uşaqlar bizim gələcəyimizdir”
kəlamını öz əməlləri ilə doğrulda
bilərlər.
Bu yerdəcə bir maraqlı məqama
da toxunmaq istəyirəm. Bu da Oqtay müəllimin doğum
tarixi ilə bağlıdır. Belə ki onun anadan olduğu
gün, yəni 31 may uşaqların bayramı ilə sanki
üst-üstə düşür. Bu tarixlərin yaxın
olması da bəstəkarı çox sevindirir. Bu barədə
o belə deyir:
- 1 iyun “Uşaqların beynəlxalq
müdafiə günü” elan olunanda mən buna çox
sevindim. Hesab etdim ki, bu da mənim ad günümün
davamıdır.
Sevimli bəstəkarımız
Oqtay Zülfüqarovla onun uşaqlara məhəbbətindən,
onlarla iş prosesi ilə bağlı söhbət etdik.
İndi isə bir qədər bəstəkarın həyat və
yaradıcılığına nəzər salaq.
Uşaqlıqdan musiqiyə həvəsi,
yüksək musiqi duyumu olan Oqtay Zülfüqarov 1947-ci ildə
A.Zeynallı adına Musiqi Texnikumunun violonçel sinfinə
daxil olur. Burada məşhur musiqiçi A.Şvartsdan dərs
alır. Violonçel ifaçılığı ilə bərabər,
bəstəkarlıqla da məşğul olur. Violonçel
üçün pyeslər və bir neçə mahnı
yazır. Hətta 1949-cu ildə keçirilən mahnı
müsabiqəsində laureat olur.
Sonra Dövlət
Konservatoriyasının violonçel sinfinə daxil olur.
İmtahanda öz əsərlərindən birini də ifa
edir. Bəstəkar o hadisəni belə xatırlayır:
“İmtahan komissiyasının sədri görkəmli bəstəkar
Cövdət Hacıyev idi. O, biləndə ki, mən
violonçel üçün əsərlər yazıram,
onlardan birini ifa etməyimi təklif etdi və əsərimi də
çox bəyəndi”.
Oqtay Zülfüqarov III kursdan təhsilini
bəstəkarlıq sinfində davam etdirərək dünya
şöhrətli sənətkarımız Qara Qarayevdən dərs
alır. O, bəstəkarlıq texnikasına yiyələndikcə
musiqinin müxtəlif janrlarına müraciət edir. Əsərlərindən
violonçel üçün pyeslər, trio, fortepiano
üçün prelüdlər, variasiyalar, «İntizar»
simfoniyası, digər simfonik əsərlər, «Şəngülüm,
Şüngülüm, Məngülüm» operettası,
«Meşə nağılı», «Pişik və sərçə»
operalarını, “Məlikməmməd” nağılı əsasında
yazdığı «Sehirli alma» baletini və başqalarının
adını çəkə bilərik. Bu əsərlərin
əsas qayəsini uşaq mövzusu təşkil edir.
Bəstəkarın 300-ə qədər
uşaq mahnısı var. Bunlardan «Ovçu oğlan», «Dumbulumu
çalaram», «Rəssam», «Növbətçiyik», «Kuklam», «Nə
əzizsən, vətən», «Əziz ana, can ana» və başqalarının
adını çəkə bilərik. Adından da
göründüyü kimi, bu mahnılar müxtəlif
mövzuları əhatə edir. Körpələr bu
mahnıları oxumaqla ana, vətən, təbiət, gözəllik,
məktəb, müəllim və s. bu kimi mətləbləri
daha dərindən mənimsəyə bilirlər. Bu da
onların inkişafına müsbət təsir göstərir.
Bu mahnıların sözləri və musiqisi uşaqların
yaş dövrünə görə elə tənzimlənir
ki, körpələr onu öyrənməyə çətinlik
çəkmirlər. Belə ki bu cəhətləri bəstəkar
əvvəlcədən nəzərə alır. Sadə
musiqi quruluşu və gözəl, yaddaqalan melodiyaya əsaslanan
mahnıları uşaqlar olduqca yaxşı mənimsəyə
bilirlər. Özü də bu mahnıları uşaqlara Oqtay
müəllim şəxsən özü öyrədir.
Bu da onun yalnız bəstəkar və
müəllim kimi deyil, mədəniyyətimizin
inkişafında müstəsna xidmətləri olan bir ictimai
xadim kimi də yüksək fəaliyyətindən soraq verir.
Bir halda ki, söz Oqtay müəllimin ictimai fəaliyyətindən
düşdü, onda qeyd etməliyik ki, o, 1959-cu ildən Azərbaycan
Bəstəkarlar İttifaqının üzvüdür.
İttifaqın bütün tədbirlərində çox fəal
iştirak edir. Onun təklifləri, tövsiyələri gənc
bəstəkarlar və musiqişünaslar üçün
çox dəyərlidir.
Sevimli bəstəkarımız
öz xidmətləri ilə daim sənətsevərlərin
böyük məhəbbətini qazanıb. Bu xidmətlər
dövlət tərəfindən də yüksək qiymətləndirilib.
O, 1972-ci ildə Əməkdar incəsənət xadimi,
1990-cı ildə isə Xalq artisti fəxri adlarına layiq
görülüb. 2010-cu ildə isə anadan olmasının
80 illiyi münasibəti ilə «Şöhrət” ordeni ilə
təltif edilib.
Maraqlı həyat və
yaradıcılıq yolu keçən Oqtay Zülfüqarov
söhbətimizin sonunda onun üçün unudulmaz olan bir
hadisəni xatırladı. Biz də onu qələmə
almağı özümüzə mənəvi borc saydıq.
Çünki bu dahi Üzeyir bəylə bağlı bir əhvalatdır.
Beləliklə, Oqtay müəllimin dediklərindən:
- Mənim həyatımda elə
bir hadisə olub ki, onu heç vaxt unuda bilmərəm. Bəlkə
də məni sənətdə yaşadan bu unudulmaz hadisədir.
Bu mənim Üzeyir bəylə görüşümdür.
1947-ci il idi. Mən musiqi texnikumunda oxuyurdum. Bu tədris
ocağı da o zaman konservatoriyanın binasında yerləşirdi.
Bir gün dəhlizdə Üzeyir bəyi gördüm.
Özümdə cəsarət toplayıb, ona
yaxınlaşdım. Salam verdim. O da böyük məmnuniyyətlə
mənimlə salamlaşıb, bir qədər söhbət
etdi. Dediyi bu sözlər indi də qulağımdan getmir:
«Yaxşı oxuyun, siz bizim gələcəyimizsiniz».
İndi isə mən
üzümü bizim uşaqlarımıza, gənclərimizə
tutub deyirəm ki, «Balalarım, siz bizim gələcəyimizsiniz.
Siz daim mənim ilham mənbəyim olmusunuz. Tanrı sizi
qorusun!»
Biz də sonda Oqtay müəllimi
doğum günü münasibətilə təbrik edir, ona
cansağlığı arzulayırıq. Onun maraqlı
söhbətləri, tövsiyələri, ən başlıcası
isə sənət yolu bizim üçün örnəkdir.
Çünki Oqtay Zülfüqarov bəstələdiyi
musiqisi, qələmə aldığı bədii mətnləri,
çəkdiyi rəsmləri, pedaqoji fəaliyyəti, səmimi
insani keyfiyyətləri ilə əsil vətəndaş və
şəxsiyyət nümunəsidir.
Səadət
Təhmirazqızı,
musiqişünas
Mədəniyyət.-
2011.-1 iyun.- S. 11.