Sabir Poeziya Günləri keçirildi

 

   Böyük satirik şairin doğum günü ənənəvi tədbirlərlə mayın 30-da Şamaxıda, 31-də isə Bakıda qeyd olundu

  

   Mirzə Ələkbər Sabirin bu qədər sevilməsinin, uşaqlı-böyüklü hər kəsin yaddaşına ömürlük həkk olunmasının sirri nədir, görəsən? Sən demə, dahi satirik məktəbə qədəm qoyduğumuz gündən könül dünyamızda yuva qurmağı bacarırmış; “Cütçü”, “Yaz günləri”, “Uşaq və buz”, “Məktəb zamanı” kimi bənzərsiz istedad və böyük sevgi ilə qələmə alınmış ölməz şeirləri ilə... Və sonra bizimlə birlikdə böyüyən onlarla bənzərsiz şeir...

     

   Bu fikirlər mayın 30-da Şamaxı şəhərində keçirilən Sabir Poeziya Günlərində səsləndi. Tədbirdə o da qeyd olundu ki, Sabirdən bir şeir, ən azı bir bənd və ya bir misra əzbər bilməyən adam tapmaq, demək olar ki, mümkün deyil. Çünki Sabir ömrünü xalqının, vətəninin yolunda şam kimi əridən, məhz buna görə də hər kəsə ata-qardaş qədər doğma olan bir sənətkardır.

   Sabir Poeziya Günləri ənənəvi olaraq şairin Bakı şəhərindəki abidəsinin önündən başladı. Tədbirin təşkilatçıları - Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, tanınmış ədəbiyyat adamları, mətbuat nümayəndələri şairin abidəsi önünə gül dəstələri qoydular və Şamaxıya yola düşdülər.

   Sabir poeziyasının işığına toplaşanlar əvvəlcə Şamaxıda böyük şairin məqbərəsini ziyarət etdilər. Bakıdan gələn qonaqlara Şamaxı rayonunun rəhbərliyi, rayon ictimaiyyəti, məktəblilər qatıldılar.

   Məlumat üçün bildirək ki, Sabir Poeziya Günləri 1962-ci ildən - M.Ə.Sabirin 100 illik yubileyi qeyd olunan vaxtdan etibarən Şamaxıda mütəmadi olaraq keçirilir. Son illər isə poeziya günlərinin təşkil olunmasında Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir. Ötən il Şamaxı və Ağsuda, 2009-cu ildə isə İsmayıllıda keçirilən Sabir Poeziya Günlərində nazirlik yaxından iştirak edib və daha geniş auditoriyanı əhatə edən tədbir öz rəngarəngliyi ilə yadda qalıb.

   Sevindirici haldır ki, Sabirin xeyriyyəçi-şair Gülağa Tənha tərəfindən tikdirilmiş məqbərəsi ötənilki kimi baxımsız deyildi. Bu il məqbərə təmir olunmuşdu və Sabir poeziyasını sevənləri qarşılamaq üçün hazır idi.

   Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimov, şair Əjdər Ol və digər tanınmış şəxslərin, Şamaxı rayonun rəhbərliyi və Sabirin ailə üzvlərinin daxil olduğu nümayəndə heyəti şairin ustadı Seyid Əzim Şirvaninin yeni təmir olunmuş qəbirüstü abidəsini də ziyarət etdi.

   Qonaqları M.Ə.Sabirin ev-muzeyinin qarşısında böyük bir qələbəlik gözləyirdi. Havanın isti olmasına baxmayaraq bu qələbəliyin təxminən saat yarım davam edən tədbir boyu seyrəlib azalmamağı Sabir irsinə və onun şəxsiyyətinə dərin ehtiramın göstəricisi idi.

   Tədbiri giriş sözü ilə şair Əjdər Ol açdı və Sabir yaradıcılığının dəyərindən, builki Sabir Poeziya Günlərinin özəlliyindən danışdı. Ölkə prezidentinin “M.Ə.Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli sərəncamını yada salan natiq Sabir yaradıcılığına olan böyük diqqət və qayğıdan bəhs etdi. Qeyd olundu ki, 2012-ci ildə Sabir Poeziya Günləri daha təmtəraqlı və daha geniş məkanlarda keçiriləcək.

   Sonra söz Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verildi. Anar müəllim Sabir yaradıcılığının bənzərsizliyindən, aktuallığından söz açaraq bu dəyərli irsin heç zaman unudulmayacağını bildirdi: “Sabir təkcə Şamaxının deyil, bütün Azərbaycanın, bütün türk dünyasının, bütün dünyanın şairidir” - söyləyən natiq Sabir Poeziya Günlərinin tarixçəsindən və əhəmiyyətindən də danışdı.

   Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov qonaqları dahilər yetirən Şamaxı yurdunun sakinləri adından salamladı. O, ölkə başçısının məlum sərəncamını bir daha yada saldı və onu Sabir yaradıcılığına verilən ən yüksək qiymət kimi dəyərləndirdi.

   Daha sonra çıxış edən şair və yazıçılar - Xalq şairi Sabir Rüstəmxanlı, Ənvər Əhməd, Ağacəfər Həsənli, Zahid Sarıtorpaq, Yusif Həsənbəy, Narıngül, Saday Şəkərli, Azər Abdulla, Xəzangül, Yaşar, Akif Əhmədgil, Qismət, tənqidçi Əsəd Cahangir, gənc satirik Əvəz Qurbanlı, Quba rayonundan gəlmiş şair Ramiz Qusarçaylı, Gəncə şəhərindən gəlmiş Məmməd Alim, Şirvan şəhərindən gəlmiş Tofiq Hüseyn çıxış edərək böyük Sabirə olan oxucu sevgisindən, onun ədəbiyyatdakı yerindən bəhs etdilər və yeni şeirlərindən nümunələr oxudular.

   Tədbirdə daha bir maraqlı qonaq var idi: Rusiya Federasiyasının Udmurtiya Respublikasının Xalq yazıçısı Vyaçeslav Arsergi... O, Azərbaycanın bu gözəl diyarında belə bir tədbirə qatılmaqdan şərəf duyduğunu söylədi.

   Tədbirin aparıcısı Əjdər Ol ara-sıra Sabirin şeirlərindən parçalar söyləməklə tədbirə rəng qatırdı. Aktyor-qiraətçi Ağalar Bayramov da öz çıxışında Sabirdən maraqlı şeir nümunələri söylədi. Onun ifasında Xalq şairi Məmməd Arazın Sabirə “Dədə” deyə xitabən yazdığı şeir alqışlarla qarşılandı.

   Ümumiyyətlə, Şamaxıya qonaq gələn şair və yazıçıların çıxışları dinləyicilərin böyük marağına səbəb olurdu. Şair Ənvər Əhmədin Qarabağ ağrıları ilə yoğurulmuş çıxışı və şeiri oxucuları əməlli-başlı təsirləndirdi. Tənqidçi Əsəd Cahangir Sabir yaradıcılığının özəlliklərindən, şəxsiyyətindəki ibrətamiz məqamlardan, eyni zamanda keçdiyi çətin həyat yolundan söz açdı və onun irsinin Azərbaycan yaşadıqca yaşayacağını söylədi.

   Ramiz Qusarçaylının və gənc şair Qismətin Sabir yaradıcılığından rişə götürən şeirləri, Əvəz Qurbanlının söylədiyi bəhri-təvil tədbirin maraqlı məqamlarından oldu.

   Sonda Sabirin ailə üzvləri və qohumları adından çıxış edən Zemfira Tahirli bu gözəl təbir üçün bütün təşkilatçılara, eyni zamanda doğma Şamaxı əhlinə dərin təşəkkürünü bildirdi.

   Sabir Poeziya Günləri mayın 31-də Bakıda M.F.Axundzadə adına Milli Kitabxanada davam etdirildi.

  

   Sabir Poeziya Günlərinə yekun vuruldu

  

   Milli Kitabxanada tanınmış ziyalıların, qələm adamlarının və gənc yazarların iştirak etdiyi tədbiri giriş nitqi ilə açan şair Əjdər Ol ənənəvi olaraq keçirilən Sabir Poeziya Günlərinin təşkilatçılarına minnətdarlığını bildirdi. Sabirin Azərbaycan xalqı tərəfindən ən çox sevilən şairlərdən olduğunu deyən natiq onun ədəbi fəaliyyətindən söz açdı. Bildirdi ki, Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə satirik şeirlər yazan şairlər çox olsa da, çox vaxt bu tənqid konkret hədəflərə yönəlirdi. Sabir isə ilk dəfə sistemli olaraq satirik üslubda xalqın ümumi bəlalarından yazır, nadanlığı, cəhaləti bədii dillə tənqid edirdi.

   Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri Ənvər Əhməd çıxışında şairin həyat və yaradıcılığından danışdı. O, özünəməxsus üslubu yazıb-yaratmış Sabirin mənəvi keyfiyyətlərindən söz açdı. Vurğuladı ki, Sabir öz şeirləri ilə əsl zəmanə şairi olub. O, ana dilində anlayışlı və səlis bir dildə bədii yaradıcılıqla məşğul olub, millətin ağrı-acısını əks etdirməyə, insanların cəhalətdən uzaq olmasına çalışıb.

   Sonra şairlər və qiraət ustaları şeirlər oxudular. Qiraət ustası Ağalar Bayramovun, şairlərdən Faiq Balabəyli, Tofiq Abdin, Ağacəfər Həsənli, Fərqanə Mehdi, Məlahət Yusifqızı və başqalarının oxuduqları şeirlər alqışlarla qarşılandı.

  

 

   Şərif

 

  Mədəniyyət.- 2011.- 1 iyun.- S. 9.