Filarmoniya bağında kitab
bayramı
Bayram, sərgi və yarmarka bir arada…
Mayın 27-də Filarmoniya bağında Bakı şəhər
Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı
ilə kitab bayramı keçirildi. Mədəniyyət və
Turizm Nazirliyinin təşkil etdiyi IV Ümumrespublika kitab
bayramı çərçivəsində baş tutan tədbir
28 May - Respublika Gününə həsr edilmişdi. Tədbirdə
müxtəlif mövzular üzrə stendlərdə kitablar,
yeni nəşrlər sərgilənirdi.
Bayrama xoş əhval qatmaq məqsədilə
təşkil olunan musiqi proqramında Bakı şəhər
uşaq musiqi və incəsənət məktəblərinin
nəfəs alətləri orkestri, xalq çalğı alətləri
ansamblı, kamera orkestri, simfonik orkestr, estrada ansamblı və
muğam üçlüyü çıxış edirdi.
Bayrama təşrif buyuranlar musiqi sədaları altında yeni
nəşrlərlə
“Azərbaycan qadını” stendində
adları tariximizə həkk olunmuş görkəmli
xanımlar, şairələr, alim qadınlar haqqında
kitablar yer almışdı. “XX əsr Azərbaycan qadınları”
adlı yeni nəşr də ilk dəfə sərgidə
nümayiş olunurdu.
İncəsənətə həsr
olunmuş stenddə Üzeyir Hacıbəylinin operettaları,
Cavanşir Quliyevin “Uvertüra” kitabı, “Azərbaycan xalq
mahnıları”, “Azərbaycan klassik aşıq havaları” və
s. kitablar sərgilənirdi. Yeni nəşr olunmuş dünya
ədəbiyyatı nümunələri, uşaq ədəbiyyatı,
turizm, ekologiya və s. mövzularda kitablar, ensiklopediya və s.
ziyarətçilərin diqqətini çəkirdi.
Kitab bayramında həmçinin
Bakı Şəhər 11 Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı
da keçirildi.
Tədbirdə “Yayım
Assosiasiyası”, "Ada", "Nil”, "Akademiya",
"Dom russkoy kniqi", "Əli və Nino" kitab mərkəzləri,
"Nurlar", "Beşik", "Qlobal",
"Qanun", "Qərb-Şərq", "Olaylar" və
"Xəzər" nəşriyyatlarının yeni
çap məhsulları sərgilənirdi.
Daha çox ədəbi əsərləri
təqdim edən “Qanun” nəşriyyat evinin bölməsində
dünya ədəbiyyatından A.Kamyunun “Yad”, Stefan Sveyqin “Bəşəriyyətin
ulduzlu saatları” və s. maraqlı kitablar, gənc yazar Yeganə
Cansailin ilk kitabı olan “Göy adamı” təqdim olundu.
Cəlil Məmmədquluzadə, Nəriman
Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər
Cabbarlının ev-muzeyləri tərəfindən bu görkəmli
ədiblərin həyat və
yaradıcılığını əks etdirən kitab və
müxtəlif nəşrlər də sərgidə yer
almışdı.
Bayrama təşrif buyurmuş kitab
həvəskarlarının bir neçəsinin təəssüratlarını
öyrəndik.
Könül Səid Talıbova (gənc
yazar):
- Kitabın, ədəbiyyatın təbliğ
olunması üçün belə tədbirlərin
böyük əhəmiyyəti var. Tədbirdən razı
qaldım, sadəcə kitabların qiyməti bir az bahadır.
Bir də kitabları sərgilənən müəlliflərin
burada olması, məncə, daha yaxşı olardı. Bu,
oxucuları da razı salardı.
Oqtay Hacı Musalı (jurnalist):
- Hazırda kitabın sürətlə
əmtəəyə çevrilməsi prosesi gedir. Kitabdan həm
müəllif, həm də naşir qazanmalıdır. Bu
balansı qorumaq vacibdir.
Vüsal Qulamov (ticarətçi):
- Kitab bayramının keçirilməsini
çox bəyəndim. Bir neçə kitabı almaq istəyirəm.
Məncə, kitab bazarında qiymətləri
ucuzlaşdırmaq daha yaxşı olardı.
Telnaz İsgəndərova (müəllimə):
- Azərbaycan
mətbəxi, kulinariya ilə bağlı kitab əldə
etdim. Həmçinin nəvələrim üçün
uşaqlara aid kitablar aldım. Çox qəşəng
kitablar var.
Elbrus Vahidov (tələbə):
- Burada çoxlu maraqlı kitablar
sərgilənir. Bəzi kitabları heç kitabxanada görməmişəm.
Kino tarixi haqda kitabların olmasını istərdim, amma nədənsə
gözümə dəymədi.
Səadət Məmmədova (turizm
sahəsində çalışır):
- Ekologiya və turizm stendində
maraqlı kitablar gördüm. Bədii ədəbiyyatla
bağlı bir neçə kitab almışam. Bu cür tədbirlərin
tez-tez keçirilməsi, hətta mən deyərdim hər bir
mərkəzi parkda ayda bir dəfə kitab sərgisinin təşkil
olunmasını arzu edirəm.
Reyhan
İsayeva
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 7.