Dəniz
turu maraqlı proqramlarla yadda qaldı
28
May - Respublika Günü münasibətilə Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft
Şirkətinin dəstəyi, “Millennium Tourism & Congress
DMC”nin təşkilatçılığı ilə Xəzər
dənizində kruiz keçirildi. “General Əsədov” gəmisində
200 nəfərin iştirak etdiyi dəniz gəzintisi rəngarəng
proqramlarla yadda qaldı. Gəzintinin
iştirakçıları arasında Azərbaycanda akkreditə
olunmuş səfirliklərin nümayəndələri, xarici
qonaqlar, media təmsilçiləri də vardı.
Azərbaycanın
torpağı da, suyu da zəngin turizm mənbəyidir
Tədbiri «Millennium» turizm şirkətinin
rəhbəri Ruslan Quliyev açaraq bildirdi ki, 28 May Azərbaycan
xalqının tarixinə müstəqillik və şərəf
səhifəsi kimi yazılıb: «Bu tarixi əlamətdar
gün kimi qeyd etmək vətəndaş olaraq hər birimizin
borcudur. Çünki, məhz 1918-ci ilin 28 mayından sonra
azadlığın nə demək olduğunu dərk etdik. O
dövrdə qurulan Xalq Cümhuriyyətinin ömrü
qısa olsa da, 1991-cı ildə yenidən əldə etdiyimiz
və bu gün qürur duyduğumuz müstəqillik yeni Azərbaycan
dövlətinin bünövrəsi oldu”.
Mədəniyyət və Turizm
Nazirliyinin Turizm şöbəsinin müdir müavini, Daxili
turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov tədbir
iştirakçılarını Xalq Cümhuriyyətinin elan
olunmasının 93-cü ildönümü münasibətilə
təbrik etdi. Böyük tarixə malik Azərbaycanın əlverişli
təbii şəraiti, geniş turizm imkanlarının
olduğunu vurğulayan M.Qəhrəmanovun sözlərinə
görə, ölkəmizin Xəzər dənizi boyunca 800
km-dən artıq su sərhədinin olması turizm
üçün də münasib zəmin yaradır: “Biz bu
potensialdan istifadə edərək, Azərbaycanın yaxın
illərdə regionda ən müasir və inkişaf etmiş
turizm ölkəsinə çevrilməsinə nail
olmalıyıq. Bu istiqamətdə dövlətimiz tərəfindən
bir çox işlər görülür. Son illər qəbul
edilən qanunlar, dövlət başçısı tərəfindən
imzalanan sərəncamlar və 2011-ci ilin Azərbaycanda «Turizm
ili» elan olunması bunu deməyə əsas verir. Əsas məqsədimiz
ölkəmizdə mövcud olan turizm potensialını daha
geniş miqyasda, müvafiq tədbirlərlə, müxtəlif
vasitələrlə tanıtmaqdır».
Kruiz zamanı «Skal Bakı»nın toplantısı da oldu
Kruizə start veriləndən sonra
«General Əsədov» gəmisində «Skal İnternational» beynəlxalq
turizm təşkilatının Bakı klubunun növbəti,
9-cu toplantısı keçirildi. Toplantıda
çıxış edən «Skal Bakı»nın prezidenti
Ruslan Quliyev skalçıların Respublika Günü
münasibətilə təşkil edilən kruiz çərçivəsində
toplanmasının əlamətdar hadisə olduğunu bildirdi.
2011-ci ilin ölkəmizdə «Turizm ili» elan olunması ilə
bağlı müxtəlif silsilə tədbirlər həyata
keçirildiyini nəzərə çatdıran R.Quliyev
2012-ci ildə «Eurovision» beynəlxalq mahnı müsabiqəsinin
Azərbaycanda keçirilməsinin də turizm sektoru
üçün əlavə fəaliyyət imkanları
açdığını vurğuladı: “Bununla
bağlı turizm fəaliyyəti ilə məşğul olan
təşkilatların qarşısında duran vəzifələr
və görüləcək işlər müzakirə
olunmalıdır”.
Mədəniyyət və Turizm
Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov
bildirdi ki, “Turizm ili”nin əsas hədəfi, ölkəmizdə
mövcud olan turizm potensialının bütün vasitələrdən
istifadə etməklə daha geniş miqyasda təbliği,
yeni potensialların üzə çıxarılması, bu
sahədə maraqlı olan dünya səviyyəli ekspertlərin
ölkəmizə cəlb olunması və yeni layihələrin
həyata keçirilməsidir: «Skal İnternational»
dünyadakı turizm professionallarının birliyidir. Məqsədimiz
«Skal Bakı»nın köməyi ilə “Turizm ili” çərçivəsində
mövcud potensialdan istifadə edərək ekspertlərin
marağını ölkəmizə cəlb etmək, turizm
sahəsində uğurlar əldə etmiş ölkələrin
təcrübəsinə istinad edərək Azərbaycanı
gözəl bir turizm məkanı kimi tanıtmaqdır. Bu
istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi
geniş miqyaslı işlər görür. İndi bizim əsas
hədəfimiz turizmdə xidmət səviyyəsinin
qaldırılması və turizm sahəsində
çalışanların peşə
hazırlığının
yaxşılaşdırılmasıdır. Bu il «Eurovision»da Azərbaycan
nümayəndəsinin qələbəsi turizm sahəsində
çalışanlar üçün də böyük
bayramdır. Növbəti il həm imtahan, həm də
ölkəmizə gələn turistlərin sayının
artırılmasına rəvac verən bir vasitədir.
Yarışmada iştirak etmək üçün ölkəmizə
gələn turistlərə yüksək səviyyədə
xidmət göstərilməsini, Bakı şəhərində
yerləşdirilməsini təmin etməklə bərabər,
onları Azərbaycan haqqında yüksək təəssüratlarla,
yaxşı xatirələrlə, mədəniyyətimizi,
irsimizi, mətbəximizi yadda saxlamaqla yola salmaq niyyətindəyik.
Məqsədimiz turizm sahəsində çalışan
bütün insanları, skal üzvlərini, qeyri-hökumət
təşkilatlarını bu işə cəlb etmək,
müxtəlif turizm marşrutları yaratmaq, daha maraqlı
proqramları ortaya atmaqdır».
«Turizmə dəstək» Gənclər
Koalisiyasının rəhbəri Ramiz Alıyev, «Avropa»
hotelinin baş müdiri Tolqa Akkaş və digər
iştirakçılar çıxış edərək
müzakirə olunan məsələlərlə bağlı
təklif və rəylərini bildirdilər.
Sonra kruiz
iştirakçıları estrada qruplarının
ifalarını dinlədilər. Altı saat davam edən dəniz
turu iştirakçılarda zəngin təəssürat
yaratdı.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 6.