Kipr Beynəlxalq
Universiteti azərbaycanlı gənclərə yüksək təhsil
vəd edir
Mayın
27-də Bakı Əyləncə Mərkəzində
Şimali Kiprdə fəaliyyət göstərən Kipr Beynəlxalq
Universitetinin təqdimat mərasimi keçirildi. Universitetin
rektoru Mehmet Əli Yükselen tədbir
iştirakçılarına rəhbərlik etdiyi ali təhsil
ocağı haqqında məlumat verdi.
Onun sözlərinə görə,
Kipr Beynəlxalq Universitetində iqtisadiyyat, hüquq, fənn-ədəbiyyat,
turizm, hotel və qonaqlama, incəsənət və mühəndislik
fakültələri üzrə 4700 tələbə təhsil
alır. Onların arasında 28 xarici ölkənin təmsilçiləri
də var. Dərslər ingilis dilində keçirilir. Dünya
standartlarına uyğun tədris sistemi ilə işləyən
universitetdə hazırda dünyanın bir çox ölkələrindən,
o cümlədən Türkiyə, İsveçrə,
Almaniya, Böyük Britaniyadan tələbələr təhsil
alır. Rektor onu da bildirdi ki, azərbaycanlı gənclərin
Kipr Beynəlxalq Universitetində təhsil alması həm Kipr
dövlətinin, həm də rektor olaraq onun özünün
marağındadır. Çünki Kiprlə Azərbaycanı
təkcə işgüzar əlaqələr və biznes maraqları
deyil, eyni zamanda tarixi bağlılıq, soy-kök
yaxınlığı birləşdirir.
Rektorun sözlərinə görə,
ötən il Azərbaycandan 50 tələbə Kipr Beynəlxalq
Universitetinə daxil olub. O, bu ilin Azərbaycanda «Turizm ili»
olması münasibətilə TQDK-nın qəbul imtahanlarından
600-dən yuxarı bal toplayan tələbələrin
universitetdə pulsuz təhsil almaq imkanı əldə etdiyini
də bildirdi. Kipr Beynəlxalq Universitetinin Azərbaycanda
tanıtımını həyata keçirən «Millennium»
turizm şirkətinin rəhbəri Ruslan Quliyevin dediyinə
görə, bu universitetin maddi-texniki bazası çox
güclüdür. Təkcə kimya laboratoriyasının
qurulmasına 1,5 milyon dollar vəsait ayrılıb. Burada təhsil
almaq 4.446 avroya başa gələcək. Amma yaxşı
oxuyan və nümunəvi davranış göstərən tələbələrə
endirimlər də nəzərdə tutulub. Yemək və
universitet ərazisində yerləşən şəhərcikdə
qalmaq da bu qiymətə daxildir: «Kipr Beynəlxalq Universitetini
bitirən tələbələr Böyük Britaniyanın
«Universty of Sunderland» və «Universty of Wolverhampton» universitetlərinin
diplomlarını almaq imkanı da əldə edirlər. Bu
baxımdan azərbaycanlı tələbələrin burada təhsil
alması həm də onların özü üçün gələcəkdə
yaxşı perspektiv deməkdir».
Qeyd edək ki, Kipr Beynəlxalq
Universitetinin Azərbaycanda tanıtım kampaniyasının
aparılmasını və azərbaycanlı gənclərin
bu universitetdə təhsil almasını Azərbaycan
Respublikasının Təhsil Nazirliyi də dəstəkləyir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 6.