Mədəniyyət turizm naziri britaniyalı deputatları qəbul edib

 

   Mayın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mark Fieldin rəhbərlik etdiyi Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyətini qəbul edib.

 

   Qonaqları salamlayan nazir Əbülfəs Qarayev Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıqdan söz açıb, mədəni əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

   Britaniya parlamenti nümayəndə heyətinin başçısı Mark Field öncə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki parlaq qələbəsi münasibəti ilə naziri təbrik edərək Azərbaycanın 2012-ci ildə bu müsabiqəni böyük uğurla keçirəcəyinə əminliyini ifadə edib.

   Sonra tərəflər Azərbaycan ilə Böyük Britaniya arasında turizmi daha da inkişaf etdirmək məqsədi ilə Azərbaycanda info-turların keçirilməsi, viza rejiminin asanlaşdırılması məsələsini müzakirə ediblər. Mark Field bildirib ki, bu məsələ ilə bağlı Böyük Britaniya parlamentinin üzvləri tərəfindən köməklik göstərilməsi mümkündür.

   Görüşdə həmçinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında mədəniyyət nümunələrinin, mədəni irs abidələrin qorunması üzrə işlərin görülməsi, eləcə də regional, qlobal qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

   Görüşün sonunda Əbülfəs Qarayev iki ölkə arasında turizm mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib. Nazir Britaniya-Azərbaycan parlament qrupuna ikitərəfli əməkdaşlığın genişlənməsi və Azərbaycanda əldə edilən nailiyyətlərlə bağlı məlumatların Böyük Britaniyaya çatdırılması işində uğurlar arzulayıb.

 

 

  Mədəniyət.- 2011.- 1 iyun.- S. 4.