İtaliyada Azərbaycan muğamı səslənib
Mayın 25-26-da İtaliyanın Turin şəhərində
Şərq İncəsənəti Muzeyində “Darbar” adlı
mühazirə və konsert proqramı təşkil olunub.
Ölkəmizin zəngin mədəniyyət
nümunələrinin Avropada təbliğinin genişləndirilməsi
məqsədilə Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən dəstəklənən tədbirdə
sənətşünas Sənubər Bağırova, xanəndə
Qoçaq Əsgərov və onun “Turan” ansamblı iştirak
edib.
Tədbirin birinci günündə
Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq
namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə
eksperti S.Bağırova Azərbaycanın zəngin mədəni
irsi, tarixi, musiqisi haqda geniş mühazirə ilə
çıxış edib. Mühazirə zamanı Əqdəs
Bağırzadənin Bakının 19-cu əsrin sonları və
20-ci əsrin əvvəllərindəki simasını əhatə
edən orijinal foto illüstrasiyalarından, İçərişəhərin
və İslam arxitekturasının nümunələrindən
ibarət slayd-şoular göstərilib.
Mayın 26-da təşkil olunan
konsert proqramında isə Qoçaq Əsgərovun
ifalarından ibarət “Muğam - Azərbaycanın müqəddəs
musiqisi” adlı diskin təqdimat mərasimi keçirilib. Təqdimat
mərasimindən sonra isə xanəndə Qoçaq Əsgərov
və “Turan” ansamblı geniş proqramla çıxış
edib. Azərbaycan incəsənət ustalarının ifası
dinləyicilər tərəfindən rəğbətlə
qarşılanıb.
İtaliyaya səfər çərçivəsində
incəsənət xadimləri həmçinin 28 May -
Respublika Günü münasibətilə Milan şəhərində
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən
təşkil olunmuş tədbirdə də iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan ilk dəfədir
ki, İtaliyanın Turin şəhərində keçirilən
bu konsert proqramında iştirak edirdi. Hər il keçirilən
bu tədbirlərdə Şərq dünyasından olan
ölkələrdən, xüsusilə Türkiyədən,
Pakistandan, Hindistandan, Yaponiyadan və s. olan incəsənət
ustaları konsert proqramı ilə çıxış edirlər.
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 4.