Azərbaycan təsviri sənəti Venesiyada nümayiş olunur

 

   Ölkəmiz İtaliyada Dünya Təsviri İncəsənət Sərgisində üçüncü dəfə iştirak edir

     

   İyunun 1-də İtaliyada keçirilən Dünya Təsviri İncəsənət Sərgisində - 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılışı olacaq.

 

   Venesiya Biennalesi dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər bir sərgi aksiyasıdır. Belə bir sərgidə iştirak etmək bir çox rəssamların arzusu, dünya ölkələrinin sənət yarışına qədəm qoyduğu şərəf meydanıdır. Budəfəki biennaledə 100-ə yaxın ölkə öz pavilyonları ilə iştirak edəcək.

   Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə burada 2007-ci ildə Azərbaycan pavilyonu təşkil edilib. Prezident İlham Əliyevin ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə həmin pavilyonu ziyarət etməsi respublikamızın bu möhtəşəm tədbirdə iştirakının vacibliyini bir daha təsdiqləyib. 2009-cu ildə Azərbaycan yenidən öz pavilyonunu təşkil edib. 2007-ci və 2009-cu illərdə Azərbaycan pavilyonunun ideya müəllifi, komissarı və kuratoru tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi, mərhum professor Leyla Axundzadə olub.

   Bu il keçiriləcək 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarının birində-məşhur Realto körpüsü yaxınlığındakı Qrand Kanalın üzərində qərarlaşan və XV əsrdə ucaldılan Benzon Sarayında (Palazzo Benzon) öz ünvanını tapıb.

   Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzun komissarı Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. Çingiz Fərzəliyev gözəl rəssam və sənətşünaslıq sahəsində yazılmış bir çox fundamental əsərlərin müəllifi, peşəkar sənət bilicisi, yaxşı təşkilatçıdır.

   Pavilyonun assistent-kuratoru beynəlxalq sənət dairələrində böyük nüfuz sahibi olan türkiyəli mütəxəssis xanım Beral Madradır. O, İstanbul şəhərinin 2010-cu ildə Avropanın Mədəni Paytaxtı olduğu zaman həmin tədbirin vizual sənətlər üzrə direktoru olub. Bundan əlavə, işçi qrupuna pavilyonun tərəfdaş-komissarı, Azərbaycanın ənənəvi olaraq Venesiya biennalelərində təmsil olunmasına yardım göstərən Nuova İcona Yaradıcılıq Təşəbbüsləri Assosiasiyasının rəhbəri Vittorio Urbanı, sərgi komissarının köməkçisi Əminə Məlikova, koordinatorlar Suad Qarayeva və Mila Əsgərova, redaktor Toğrul Əfəndiyev və fotoqraf-dizayner Fərhad Fərzəliyev daxildirlər. Pavilyonumuzun sponsorları Azercell, Gazelli Art House və Azeurotel şirkətləridir.

   Bu il pavilyonumuz “Relations of Baku” şüarı altında çıxış edir. İşçi qrupunun və iştirakçıların vahid qənaətinə görə, bu, “Bakıya məxsus olan münasibət” kimi izah olunur, yəni “Bakı” müsbət münasibətlərin, müsbət emosiyaların və sonluğu yaradıcılığa gətirib çıxaran əlaqələrin mənbəyi anlamı ilə eyniləşdirilir.

   Bu dəfə Azərbaycanı Venesiya Biennalesində altı rəssam - Altay Sadıqzadə, Mikayıl Əbdürrəhimov, Aydan Salahova, Zeyqəm Əzizov, Xanlar Qasımov və Ağa Hüseynov təmsil edəcəklər.

 

 

   Mədəniyyət.- 2011.- 1 iyun.- S. 3.