Görkəmli aktrisa Ətayə Əliyevanın
xatirəsi yad edildi
Mayın 31-də Dövlət Film
Fondunda görkəmli teatr və kino aktrisası, Əməkdar
artist Ətayə Əliyevanın 90 illik yubileyi münasibətilə
tədbir keçirildi.
Tədbiri Dövlət Film Fondunun
direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev
açaraq aktrisanın yaradıcılığı, teatr və
kinoda fəaliyyəti barədə söz açdı. Aktrisanın
yaradıcılıq yolunu əks etdirən fotoşəkillərdən
hazırlanmış xatirə çarxı tədbir
iştirakçılarına təqdim edildi.
Sonra yazıçı-publisist,
professor Aqşin Babayev Ətayə xanımın
yaradıcılığından danışdı: “Ətayə
xanım və onun həyat yoldaşı Həsənağa
Mirzəyev Azərbaycan mədəniyyətinə, Azərbaycan
teatr sənətinə gözəl töhfələr veriblər.
Ətayə xanım teatr və kinoda maraqlı obrazlar
yaratmaqla bərabər, filmlərin səsləndirilməsində
özünəməxsus dəst-xətti ilə seçilib”.
Xalq artisti Amaliya Pənahova aktrisa
haqda xatirələrini bölüşdü: “Böyük sənətkarlar
daim yaddaşlarda yaşayırlar. Ətayə xanım öz
sənəti ilə bu gün də yaşayır. Mənim səhnəyə
gəlməyimdə onun rolu böyükdür. Bu böyük
aktrisa ilə tərəf-müqabil olmaq xoşbəxtliyi mənə
də qismət olub”.
Teatrşünas İlham Rəhimli
Ətayə Əliyevanın teatr fəaliyyətindən
danışdı. Onun müxtəlif tamaşalarda 40-a
yaxın ana obrazı yaratdığını bildirdi.
Daha sonra xalq artistləri Fuad
Poladov, Ramiz Məlik və digərləri Ətayə Əliyevanın
sənətə olan vurğunluğundan, kinoda
yaratdığı obrazlardan söz açdılar.
Tədbirdə Ətayə Əliyevanın
çəkildiyi filmlərdən fraqmentlər də
nümayiş olundu.
Reyhan
Mədəniyyət.- 2011.- 1 iyun.- S.
2.