Milli vokal sənətimizin ustaları: Xuraman
Qasımova
Tanınmış
müğənni, Xalq artisti, professor Xuraman Əkrəm
qızı Qasımova 1951-ci il iyun ayının 6-da Bakıda
anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirib. 1976-cı ildən Azərbaycan
Opera və Balet Teatrının solistidir. Səsinin tembri
sopranodur. Bir müddət Musiqili Komediya Teatrında işləyib.
Sənətdə ilk böyük
mükafatını 1977-ci ildə ifaçıların 5-ci Cənubi
Qafqaz müsabiqəsində qazanıb. Həmin ildə
vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin
laureatı olub. Müğənninin opera səhnəsində əsas
partiyaları: Üzeyir Hacıbəylinin “Koroğlu”
operasında Nigar, Fikrət Əmirovun “Sevil” operasında Sevil
və Dilbər, Ciakomo Puççininin “Bohema” operasında
Mimi və Müzetta, Cüzeppe Verdinin “Otello” və “Aida”
operasında Dezdemona və Aida, Pyotr Çaykovskinin “Yevgeni
Onegin” operasında Tatyana, Covanni Perqomzininin “Xanımın
qulluqçusu” operasında Serpina, Şarl Qunonun “Faust”
operasında Marqarita, Zakir Bağırovun “Qoca Xottabıç”
operasında Leyla və s.
Xuraman Qasımova 1981-ci ildə
Mariya Kallas adına Beynəlxalq müsabiqənin laureatı
olub, “Qran pri” mükafatının qızıl medalına layiq
görülüb. 1982-ci ildə Moskvada keçirilən
ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq
müsabiqəsinin laureatı adını qazanıb. 1988-ci ildə
8-ci Beynəlxalq Çaykovski müsabiqəsinin
gümüş medalına layiq görülüb.
Xuraman Qasımova Opera və Balet
Teatrında solist kimi fəaliyyətə başlamazdan öncə
incəsənətin başqa bir sahəsində, kinoda
artıq tanınmışdı. O, hələ orta məktəbdə
oxuyarkən “Liftçi qız” filmində (1966) baş rolu ifa
etmiş və populyarlıq qazanmışdı. Bundan əlavə,
“Mən ki, gözəl deyildim” (1968), “Həyat bizi
sınayır” (1972) filmlərində də maraqlı rollar
oynayıb.
Bundan sonra isə artıq vokal
ifaçılığında böyük uğurlar
qazanıb. Xuraman Qasımova 1982-ci ildən Bakı Musiqi
Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
1996-cı ildən bu təhsil ocağının professorudur.
Sənət nailiyyətlərinə
görə 1984-cü ildə Azərbaycan Dövlət
mükafatı laureatı, 1986-cı ildə isə
respublikanın Xalq artisti fəxri adlarına layiq
görülüb. 1994-cü ildən İstanbul Dövlət
Universitetinin Konservatoriyasının professorudur. 2001-ci ildə
isə “Şöhrət” ordeni ilə təltif edilib.
Xuraman Qasımova bir sıra xarici
ölkələrdə (Bolqarıstan, Fransa, Avstriya,
Norveç, Finlandiya və s.) çıxışlar edib.
Hazırda vokal sənətinin sirlərini gənc
ifaçılara öyrədir. Təcrübəli pedaqoqun
yetirmələri respublikamızda və onun hüdudlarından
kənarda uğurla çıxışlar edirlər.
Mədəniyyət.-
2011.- 3 iyun.- S. 14.