Keçən
ömrün sorağında:
Fatma Mehrəliyeva
İnsan o vaxt xatırlanır ki, özündən sonra bir yadigar,
iz qoyub gedir. Fatma Mehrəliyeva
(1926-2000) musiqi mədəniyyəti
tariximizdə əsrlərcə yaşayacaq iz qoyub gedib. Həzin, məlahətli,
bəzən də hiss və
duyğuları tərpədən
yanıqlı bir ahənglə
musiqi aləmimizə özünəməxsus
bir bənzərsizlik bəxş edib...
Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub. Hələ orta məktəb illərində onun istedadlı bir gənc olması diqqətdən yayınmır. Xüsusilə nəğmə dərslərində məlahətli səsi sezilir. Onbir yaşında ikən bir musiqi festivalında iştirak etmək üçün onu Bakıya göndərirlər. O, festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edir. Bu ifa dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini çəkir.
Üzeyir bəy ona atalıq qayğısı göstərir. Yaxşı musiqi təhsili almaq üçün şərait yaradır.
Fatma xanım 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Sazçı qızlar” ansamblında işə düzəlir. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edir.
1941-1945-ci illər Böyük Vətən müharibəsi Fatma xanımın həyatında da təsirsiz ötüşmür. O da, digər müğənnilər kimi, tez-tez cəbhə bölgələrində olur. Hərbçilər qarşısında maraqlı proqramla çıxışlar edir. Onlara öz səsi və mahnıları ilə mübarizə əzmi aşılayır. Onun cəbhə repertuarında Ü. Hacıbəylinin vətənpərvərlik mahnıları geniş yer tutub. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı da məhz F.Mehrəliyeva olub. Lakin həmin ifanın lent yazısı qalmayıb. O, müsahibələrinin bir çoxunda bunu təəssüflə qeyd edib.
Beləliklə, sənət yolunda uğurla addımlayan F. Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. O, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filmində Telli rolunu da məharətlə ifa edir.
Fatma xanımın oxuduğu muğamlar arasında “Kəsmə şikəstə“nin məxsusi yeri var. Müğənni “Kəsmə şikəstə”də ömrünün nisgilli məqamlarını yaşayıb. Musiqinin həzin nəfəsi ilə həyatının acısını onu başa düşən insanlara çatdırmaq istəyib.
Onu da qeyd edək ki, Azərbaycan zərb muğamlarından olan “Kəsmə şikəstə”nin poetik mətni xalq bayatılarından ibarətdir. Dinləyicidə son dərəcə lirik hisslər oyadan musiqi cümlələri fasilələrlə səslənir. Başqa muğamlar kimi, professional musiqidə də istifadə olunub. Professor Ramiz Zöhrabov “Zərbi muğamlar” kitabında “Kəsmə şikəstə”ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb.
Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən F.Mehrəliyevanın bizə qalan yadigarı da onun məlahətli səsini, özünəməxsus ifa tərzini əks etdirən lent yazılarıdır. Müğənninin ifasında lentə alınan “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” və s. mahnılar musiqimizin “qızıl fondu”na daxildir.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 3 iyun.- S. 12.