Ömrünü milli
kinomuza həsr edən sənətkar
Əhmədağa
Muğanlı - 85
O, böyük şair Xəqaninin
belə bir fikrini yeri düşəndə söyləməyi
xoşlayırdı: “Öz ürəyimi sındıra bilərəm,
ancaq başqasının ürəyinə toxunmaram. Bu məndə
uşaqlıqdan adətdir”.
Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, tanınmış nasir və kinodramaturq Əhmədağa Əkbər oğlu Muğanlı (Qurbanov) bütün ömrü boyu sadə həyat tərzi keçirib. Heç kimin qarşısında gözükölgəli olmayıb. Yazıb-yaradıb, qələminin fəhləsi olub, çəkdiyi zəhməti müqabilində istər ədəbiyyat, istərsə də kinematoqrafiya sahəsində peşəkar sənətkar kimi tanınıb. Həyatda elə sənət, elm adamları var ki, şəxsiyyəti və vicdanı ilə yaradıcılığı, yazıb-yaratdıqları uyğun gəlmir. Amma Əhmədağa Muğanlının şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edirdi. Elə buna görə də ədiblər, kino işçiləri və müxtəlif peşə adamları onu sevir, ona hörmət edirdilər.
Əhmədağa Muğanlı 1926-cı il mayın 10-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş, ibtidai təhsilini doğma kəndində, orta təhsilini isə Xırmandalı kənd məktəbində almışdır. Böyük Vətən müharibəsi başlayanda (1941) şəhər və kəndlərimizdə müəllim çatışmadığından 9-cu sinif şagirdi Əhmədağanı əlaçı olduğu üçün dörd aylıq kursa göndərib, pedaqoji fəaliyyətə cəlb etmişlər. Lakin 10-cu sinifdə ikən o, səfərbərliyə alınmış, 1944-1946-cı illərdə ordu sıralarında əsgəri xidməti borcunu yerinə yetirmişdir. Əsgər həyatından sonra təhsilini uğurla başa vurmuş, orta məktəbi gümüş medalla bitirmiş, daha sonra 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.
Universiteti bitirən Ə.Muğanlı əmək fəaliyyətinə “Bakı kommunisti” qəzetində müxbir kimi başlamış, az sonra Bakı kinostudiyasında işə qəbul olunmuşdur. 1953-cü ildən təqaüdə çıxana kimi (1993) kinostudiyada çalışmış, 46 il ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyinin baş redaktoru vəzifələrində işləmiş, ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur.
Ədəbi fəaliyyətə 25 yaşında başlamışdır. 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində onun “Biz qol çəkirik ki...” hekayəsi dərc olunmuşdur. Sonrakı illərdə 11 kitabı, o cümlədən “Vicdan”, “Şəhriyar əfsanəsi”,“Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görür.
Əhmədağa müəllim kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin, dövrü kinojurnalların redaktoru olmuşdur. Redaktor kimi çox peşəkar idi. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”. “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami”, “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor süzgəcindən keçmişdi.
O, 30-a qədər sənədli
filmin - “Azərbaycan... Azərbaycan...” (C.Əlibəyovla birgə),
“Alagöz yaylağında”, “Muğanın dastanı”,
“Çobanbayatı”, “Məndə sığar iki cahan...”
(X.Muradovla birgə), “Vətən sizə arxalanır”,
“M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm”
və s. kinolentlərin ssenari müəllifidir. Bu filmlərdə
Azərbaycan tarixinin keçmişi və bu günü, onun
igid oğulları, kənd həyatı, bərəkətli
torpağı, Vətənin sərhədlərini qoruyan sərhədçilərin,
Azərbaycan ədəbiyyatı klassiklərinin, Azərbaycanın
tanınmış əmək və elm adamlarının həyatı
bütün dolğunluğu ilə öz əksini
tapmışdır.
Onun ssenariləri əsasında
beş bədii film - “Dağlarda döyüş”, “Od
içində”, “Qocalar...qocalar...”, “Atları yəhərləyin”
(S.Rüstəmlə birgə), “Doğma sahillər” çəkilmişdir.
Bu kino əsərlərində müəllif sərhədçilərimizin
çətin, lakin şərəfli işindən, Vətən
qarşısında xidməti borclarını sədaqətlə
yerinə yetirmələrindən, müasir kənd əməkçilərinin
gündəlik qayğılarından, arzu və istəklərindən,
xalq qəhrəmanı Qaçaq Nəbidən,
xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərindən
söz açmışdır.
“Dağlarda döyüş” hərbi-vətənpərvərlik
filmi Ə.Muğanlının məşhur “Tikanlı məftillər”
povesti əsasında ekranlaşdırılmışdır.
Valideyn məhəbbəti ilə vətənə, vəzifə
borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin
hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Filmdə Böyük Vətən müharibəsində əsir
düşən, müharibədən sonra isə Sovet
İttifaqındakı repressiya maşınının
qurbanı olmaqdan çəkinərək vətənə
qayıtmayan, qəriblikdə yaşayan atanın illər
sonrası sərhəddə doğma oğlu (sərhədçi
Fərrux) ilə görüşü çox təsirlidir.
Bu, ayrı-ayrı dünyagörüşünə malik iki
insanın görüşü, baxışların
toqquşmasıdır. Müəlliflər oğul Fərruxun
simasında gənclərimizin Vətənə məhəbbət
və sədaqət hissini göstərməyə müvəffəq
olmuşlar.
Əgər
“Dağlarda döyüş” Ə.Muğanlının
böyük kinoda ilk işidirsə, “Doğma sahillər” filmi
onun son işidir. Siyasi-detektiv janrında çəkilən bu
film də sərhədçilər, onların həyat tərzi,
qəhrəmanlıqları haqqındadır. Sistemləri,
ideologiyaları müxtəlif olan iki qonşu dövlət -
İran və Sovet İttifaqı (Azərbaycan) - sərhəddə
birgə iri su-elektrik stansiyası inşa etməyə
hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb
dairələrində müsbət qarşılanmır.
Müxtəlif yollarla tikintini dayandırmağa
çalışırlar. Sərhədçilərin təxribat
törətməyə can atan düşmənlərlə
mübarizəsi filmin əsas süjet xəttini təşkil
edir.
Filmdə xalqımızın Cənubi
Azərbaycanla bağlı dərdlərinə də
toxunulmuşdur. Bu xətt Araz və Aşıq Həsrət
obrazları vasitəsilə göstərilmişdir.
Ə.Muğanlı sərhədçilərlə
bağlı əsərlər yazmağının səbəbini
belə izah etmişdir: “Mən sərhəd rayonunda
böyümüşəm. Gözümü açıb sərhəd,
sərhədçi görmüşəm. Tale elə gətirib
ki, 1944-1946-cı illərdə sərhəd qoşunlarında
qulluq eləmişəm; sərhədçi həyatının
çətinliklərini də, romantikasını da, vətənin
keşikçisi olmaq şərəfini də öz
çiyinlərimdə hiss eləmişəm. Əlbəttə,
mən belə bir mövzudan yan keçə bilməzdim”.
Ə.Muğanlının 1977-ci ildə
işıq üzü görən “Çobanbayatı” povesti
oxucuların sevimli əsərlərindən biri oldu. Beş
ildən sonra həmin povestin motivləri əsasında
“Qocalar, qocalar” televiziya bədii filmi çəkildi.
Filmin baş qəhrəmanı
qoca çoban Bəhri həyatını təbiətin
qoynundan, doğma kəndindən, qoyun-quzudan ayrı təsəvvür
etmir. Buna baxmayaraq şəhərə köçmüş,
yaxşı vəzifələrdə işləyən
üç oğlu onu geniş çöllərdən
ayırıb şəhərə gətirirlər. Lakin Bəhri
övladlarının qayğıkeşliyinə baxmayaraq,
şəhər həyatına alışa bilmir, doğma kəndi,
dağları, tütək səsi üçün
darıxır. Günlərin birində doğma dağ kəndinə,
həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl
yeri buradır, vaxtilə ocağını
yandırdığı kəndindədir. Burada o
özünü güclü, inamlı hiss edir və başa
düşür ki, məhz burada o, insanlara lazımdır... Məhz
doğma kəndində Bəhri kişi
“Çobanbayatı”sını yenidən dilləndirir. Filmdə
müəlliflər həyatın mənası, Vətənə
məhəbbət, düzgün həyat yolu seçmək, cəmiyyətə
xeyir vermək kimi çox vacib məsələlərə
toxunurlar.
Ə.Muğanlının şair
S.Rüstəmlə birlikdə yazdıqları ssenari əsasında
çəkilən, el qəhrəmanı Qaçaq Nəbidən
bəhs edən “Atları yəhərləyin” tarixi-macəra
filmi SSRİ Dövlət Kinematoqrafiya Komitəsi tərəfindən
ümumittifaq ekranlarında nümayiş üçün qəbul
olunmuşdu. Lakin film rus dilinə dublyaj olunmaq
üçün “Mosfilm” kinostudiyasına təqdim edilsə də,
xeyli müddət ekrana çıxmadı. Səbəb o idi
ki, Ermənistandan Sov. İKP MK-ya, SSRİ Dövlət
Kinematoqrafiya Komitəsinə filmin əleyhinə yüzlərlə
məktub göndərilmişdi. Erməni alimləri
hay-küy qaldırmışdılar ki, Qaçaq Nəbi guya
“ermənilərin düşməni imiş, erməni kəndlərini
talayıb aparıb verirmiş Türkiyə və İran
feodallarına”. Mərkəzi orqanlar əsl həqiqəti
öyrənmək əvəzinə filmin dublyajını
dayandırmaq barədə göstəriş vermişdilər.
Erməni tərəfini ovundurmaq, filmi xilas etmək
üçün Qaçaq Nəbinin, Həcərin
adlarını dəyişməyi təklif edirdilər. Filmin
müəllifləri, əlbəttə, buna razı olmadılar.
Respublikamızın ədəbi ictimaiyyətinin, tarixçilərimizin
köməyi ilə uzun müddət mübarizə
aparmalı oldular və həqiqəti sübut elədilər.
Erməni “ziyalılarının” “qazancı” bu oldu ki,
onların xətrinə dəyməmək üçün
filmin ümumittifaq tirajını az verdilər.
Film ümumittifaq ekranlarına
buraxılandan sonra nəinki Azərbaycanda, həm də digər
respublikalarda uğurla nümayiş etdirildi. 1986-cı ildə
filmə görə yaradıcı qrupun üzvləri, o
cümlədən Ə.Muğanlı Dövlət
mükafatına layiq görüldülər.
Ə.Muğanlı 2000-ci ilin əvvəllərində
Azərbaycanın tarixi keçmişindən,
xalqımızın azadlıq uğurunda apardığı qəhrəmanlıq
mübarizəsindən bəhs edən bədii filmin ədəbi
ssenarisini yazıb keçmiş “Azərkinovideo” İstehsalat
Birliyinə təqdim etmişdi. Lakin bu idarədə filmi
çəkmək üçün vəsait
olmadığını bildirib ssenarini ona
qaytarmışdılar.
Bir neçə il əvvəl qəfil
xəstəlik onu yatağa saldı. Bütün işləri
yarımçıq qaldı. Yatağa düşməyi o qədər
yox, danışa bilməməyi ona mənəvi əzab
verirdi. Onu yoluxmağa gedəndə hər dəfə kövrəlirdi.
Bəzi həmkarlarının unutqanlığı, yanına
gəlib getməmələri isə xüsusilə bərk təsir
edirdi.
Kim bilir, dörd il yarım yataqda
qalan yaradıcı insan - sənətkar nə barədə
düşünürdü, fikrində nəyi götür-qoy
edirdi? Bilmirik. Ancaq onu bilirik ki, Ə.Muğanlı cavanlığından
çoxlu mütaliə edərdi. Nizaminin, Füzulinin, Cavidin əsərlərini
əzbərdən söyləməyi xoşlayardı. Yəqin
dahi Nizaminin bu misralarını fikrində dönə-dönə
təkrar edib özünə təsəlli verərdi:
Hərçəndi dünyada
ölüm gerçəkdir,
Ölüm, ölmək deyil,
yer dəyişməkdir.
Bəli, bu belədir. Eyni zamanda sənətkar
elə bu dünyada da öz sənəti ilə əbədi
yaşayır. Yazıçı və kinodramaturq Əhmədağa
Muğanlının nəsr əsərləri, ssenariləri
üzrə çəkilmiş filmlər, bu əsərlərin
qəhrəmanları bundan sonra uzun illər onu yaşadacaqlar.
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 3 iyun.- S. 11.