Azərbaycanda turizmin inkişafı:
tarix və bu gün
Bu sahənin
dünya standartlarına uyğun inkişafının təmin
edilməsində Turizm İnstitutunun da üzərinə
mühüm məsuliyyət düşür
Respublikamızın
zəngin təbii imkanları və iqlim şəraiti turizmin
inkişafına əlverişli zəmin yaradır. Yer kürəsində
mövcud olan 11 iqlim qurşağından 9-u (quru çöllər
iqlimindən dağ tundra iqliminədək) burada müşahidə
olunur. Bu geniş potensialdan istifadə edib ümumi daxili məhsulun
10 faizini turizmdən əldə edə bilərik.
Turizm bütün dünyada ən
gəlirli sahələrdən biridir. Elə ölkələr
var ki, milli gəlirlərinin çoxunu məhz turizmdən
götürürlər. Son illərdə respublikamızda da
turizmə dövlət qayğısı genişlənib. Yeni
turist marşrutları açılır, infrastruktur
yaradılır, turizm obyektlərində xidmətin səviyyəsi
günü-gündən yaxşılaşır. Turizmin
inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də
siyasi baxımdan önəmlidir. Xarici ölkələrdən
gələn turistlər əla istirahət etməklə
yanaşı ölkəmizlə, onun tarixi, indiki vəziyyəti
və gələcək planları ilə tanış olurlar.
Turizm sahəsində bugünkü nailiyyətlərimizi
düzgün qiymətləndirmək üçün ölkəmizdə
bu sahənin inkişaf tarixinə qısa nəzər salmaq
yerinə düşər.
Azərbaycanda turizmin tarixi XX əsrin
əvvəllərindən başlanır. 1908-ci ildə
Krım-Qafqaz klubunun bir bölməsi Bakıda fəaliyyətə
başlamışdı, burada turizmlə bağlı
araşdırmalar aparılır, ekskursiyalar təşkil
olunurdu. Bakıda “Astoriya”, “Ermitaj”, “Marsel”, “Metropol” kimi
mehmanxanalar fəaliyyət göstərirdi. Karvansaralardan da
mehmanxana kimi istifadə olunurdu.
Rusiya Turist Cəmiyyəti 1910-cu
ildən etibarən Qafqaza müstəqil səyahətlər təşkil
edirdi. 20-ci illərin əvvəllərində Bakı
realnı məktəbində ilk ekskursiyalar, 1922-ci ildə isə
ekskursiya dərnəkləri təşkil edilmişdi. 1927-ci
ildə Bakıya ilk dəfə Almaniyadan 10 nəfərlik
turist qrupu gəlmişdi. 1928-ci ildə “Sovetski turist” və
1929-cu ildə “İnturist” səhmdar cəmiyyətləri
yaradılmış və bu cəmiyyətlər Qafqaza turizm
marşrutları açmışdı. Bakıda turizm təşkilatlarının
bölmələri fəaliyyət göstərirdi. 1936-ci ildə
Bakı Turizm Bazası, Hacıkənd Turist Evi və
Göygöl turist düşərgəsi, 1950-ci ildə
Bakı Ekskursiya Bazası yaradıldı, 1952-ci ildə
Bakı Turist Bazası onun tərkibinə daxil edildi. 1957-ci ildə
Azərbaycan Turist Ekskursiya İdarəsi, 1960-cı ildə
Göygöl, 1962-ci ildə Mingəçevir və Hacıkənd
turist bazaları fəaliyyətə başladı.
1967-1984-cü illərdə Yalamada “Sputnik” turist düşərgəsi,
Gəncə, Sumqayıt, Abşeron, Naftalan, Xankəndi, Mingəçevir,
Naxçıvan, Lənkəran, Ordubad, Zaqatala, Şuşa,
Qobustan ekskursiya büroları yaradıldı. Azərbaycan SSR
Xarici Turizm İdarəsi təşkil edildi. 1987-ci ildə Azərbaycandan
10 min nəfər xarici ölkələrə turist səfərinə
getmişdi. Həmin dövrdə respublikamızda 17 turizm və
ekskursiya bürosu, 8 turist bazası və 6 mehmanxana fəaliyyət
göstərirdi. 90-cı illərin əvvəllərində
Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları ilə başlanan müharibə səbəbindən
bir sıra sahələrdə olduğu kimi, turizm sahəsində
durğunluq yarandı. Vəziyyət tədricən 90-cı
illərin sonuna doğru düzəlməyə başladı.
Amma turizmin inkişafını
adekvat təmin etmək üçün yetərli kadr
potensialı yox idi. Turizm sahəsində xidmət
personalının hazırlanması işi, demək olar ki,
diqqətdən kənarda qalmışdı. Bu da xarici ölkələrdən
respublikamıza turist axınının səviyyəsinin yüksəlməsinə
ciddi əngəl törədirdi.
1999-cu il iyunun 4-də “Turizm
haqqında” qanun qəbul edildi. 2001-ci il aprelin 18-də Gənclər
və Turizm Nazirliyi, 30 yanvar 2006-cı il tarixdə isə Mədəniyyət
və Turizm Nazirliyi təşkil edildi. Bundan sonra Azərbaycanda
turizmin inkişafı yeni mərhələyə qədəm
qoydu.
Turizmi inkişaf etdirmək
üçün respublikamızda yeni istirahət mərkəzlərinin,
hotellərin və s. inşası, turizm infrastrukturunun
yaradılması paralel olaraq bu sahədə kadr
hazırlığının da yüksək səviyyədə
təşkilini zəruri edirdi. 2006-cı ilin fevralında Azərbaycan
Turizm İnstitutunun (ATİ) yaradılması da bu zərurətdən
irəli gəlmişdi.
Turizm işinin bütün sahələri
üzrə kadrların hazırlanması ATİ-nin
qarşısında duran əsas vəzifədir. İndi
ATİ-də 7 kafedra fəaliyyət göstərir və
bunlar turizmin bütün sahələri üçün kadr
hazırlığı ilə məşğuldur. Burada turizm
sənayesi üçün 11 ixtisasda kadr hazırlanır:
turizm və hotelçilik, menecment, marketinq,
regionşünaslıq, tərcümə, macəra, ekstremal və
dağ turizmi, sosial iş və s.
Gənc təhsil ocağı
olmasına baxmayaraq ATİ ölkəmizdə turizm sahəsində
kadr hazırlığına güclü təkan verir.
Geniş auditoriyalar, müasir texniki vasitələrlə təchiz
olunmuş laboratoriyalar tələbələrin ixtiyarına
verilib. İnstitutda kifayət qədər professor və müəllim
heyəti çalışır. 186 nəfər müəllim
heyətindən 30 nəfəri professor və dosent, 9-u elmlər
doktoru, 58-i fəlsəfə doktorudur. Burada magistr, fəlsəfə
doktoru və elmlər doktoru hazırlığına icazə
verilib və bunun üçün hər cür şərait
var.
İnstitutda zəngin kitabxana da fəaliyyət
göstərir. Burada 7000 nüsxəyə yaxın
mühüm dərslik və ədəbiyyat, 1000-dən
artıq kitabça, 200-dən artıq disk, 1000 nüsxə dərslik,
30 adda qəzet və jurnal var. Qısa müddətdə belə
zəngin kitabxana fondunun yaradılması, əlbəttə, xeyli
zəhmət və vəsait tələb edir.
Hazırda ATİ-də 1300-dən
çox tələbə Azərbaycan, rus və ingilis dillərində
təhsil alır. 2010-2011-ci tədris ilindən başlayaraq
beynəlxalq münasibətlər və qida mühəndisliyi
ixtisasları üzrə mütəxəssis
hazırlığına başlanılıb. Turizm sahəsi
üçün ixtisaslı mütəxəssislər
hazırlamaq məqsədilə ATİ-də qısamüddətli
kurslar da təşkil olunub. Eyni zamanda institut turizmlə məşğul
olan təşkilatlara elmi-metodiki xidmət göstərir.
ATİ-nin tələbələrinin
aldıqları nəzəri biliklərin istehsalatda tətbiqini
təkmilləşdirmək üçün 22 həftəlik
istehsalat təcrübəsi keçirilir. İstehsalat təcrübəsi
həm respublikada, həm də respublikadan kənarda
aparılır. İnstitutun 100-dən çox tələbəsi
turizmin yüksək səviyyədə təşkil
olunduğu Türkiyə, Şimali Kipr, Yunanıstan və
İsrailin turizm ocaqlarında tanışlıq və ya
istehsalat təcrübəsi keçib. ATİ kadr
hazırlığında Avstriyanın Krems Tətbiqi Elmlər
Universiteti ilə “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq
müqaviləsi” bağlayıb.
İnstitutun tələbələri
xarici ölkələrdə də təhsil almaq imkanına
malikdir. Birinci kursun sonunda İELTS proqramı üzrə 6
baldan yuxarı səviyyə sertifikatı alan tələbələr
Avstriya-Azərbaycan turizm proqramı qrupuna daxil ola və bu
yolla bakalavr təhsilini bitirərək həm ATİ-nin, həm
də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını
ala bilərlər. İnstitut beynəlxalq əlaqələrini
inkişaf etdirərək Avropa İttifaqının Erasmus
Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində
Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland
və s. ölkələrin universitetləri ilə əməkdaşlıq
edir.
Ali turizm təhsili ilə
yanaşı bacarıqlı xidmət personalının
hazırlanması üçün ATİ-nin təlim mərkəzi
yaradılıb. Təlim mərkəzi Bakıda, həmçinin
turizm potensialının mövcud olduğu Lənkəran,
Xaçmaz, Quba və s. rayonlarda turizm kursları təşkil
edib.
Dövlətin turizmə diqqəti
sayəsində bu sahənin inkişafı üçün
geniş imkanlar açılır. 2000-ci ildən başlayaraq
hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil
olunur. Bu da respublikamızın turizm potensialını təbliğ
etməkdə mühüm rol oynayır. Görülən tədbirlər
nəticəsində ölkəmizə xarici ölkələrdən
gələn turistlərin sayı günü-gündən
artır.
2011-ci il Azərbaycanda “Turizm ili”
elan edilib. Bu il çərçivəsində ölkəmizdə
yeni infrastruktur layihələrinin icrası, beynəlxalq şəbəkəyə
daxil olan hotellərin açılışı gerçəkləşəcək.
Təkcə Bakıda beşulduzlu beş hotel
açılacaq. Bu hotellərdə və başqa turizm obyektlərində
çalışmaq üçün peşəkar
işçilərin hazırlanması ATİ-nin öhdəsinə
düşür. Respublikamızda turizm sənayesi
üçün yüksəkixtisaslı kadr hazırlayan təhsil
ocağının missiyası Azərbaycan turizminin yüksək
dünya standartı ilə ayaqlaşmasına töhfə verməkdir.
ATİ-də 2008-2016-cı illəri
əhatə edən strateji inkişaf planı qəbul edilib.
Bu, institutun daha sürətli inkişafına təkan verə
biləcək proqramdır. Burada bir məsələni də
qeyd etmək yerinə düşər ki, respublikamızda
turizm sənayesinin inkişafına mühüm töhfə
verən belə bir ali təhsil ocağının
adının universitet olması və onun respublikamızda fəaliyyət
göstərən digər universitetlərlə bir kateqoriyaya
malik olması arzuediləndir.
Həsən
Quliyev,
filologiya elmləri doktoru, professor
Mədəniyyət.-
2011.- 3 iyun.- S. 10.