Teatr xalqları birləşdirir
Akademik Milli Dram Teatrı uzun fasilədən sonra Gürcüstanda qastrol səfərində oldu
May ayının 30-31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 27 illik fasilədən sonra klassik və müasir dramaturgiyanın iki nümunəsi, böyük ədib Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
və yazıçı-dramaturq
Hüseynbala Mirələmovun
“Xəcalət” tamaşası
ilə Gürcüstanda
qastrol səfərində
oldu. Hər zaman olduğu kimi Azərbaycan teatrı, Azərbaycan sənətkarları ayaq üstündə alqışlandı,
səfər zəngin
təəssüratlar, xoş
anlarla yadda qaldı.
Yollar bizi Qafqazın
mədəniyyət beşiklərindən
biri olan qədim Tiflisə aparır. Azərbaycan
Dövlət Akademik
Dram Teatrı 27 il bundan əvvəl Nəriman Həsənzadənin
“Atabəylər”, Bəxtiyar
Vahabzadənin “Fəryad”
tamaşaları ilə
Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrının
qonağı olmuşdu.
27 illik zaman
kəsiyində baş
verən hadisələr
tarixin gedişatını
xeyli dəyişdirdi.
Xalqları bir dam altında
birləşdirən imperiya
çökdü. Xalqlar arasında
yüz illər boyu qurulan mədəniyyət
körpüləri dağıntılar
altında qaldı.
Əlaqələr zəifləsə də, Azərbaycan və Gürcüstan xalqları arasında min illər boyu davam edən dostluq telləri qorunub saxlanıldı.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Gürcüstana qastrol səfəri də 27 illik fasilədən sonra iki ölkənin
teatr körpülərini
bərpa etmək istiqamətində atılan
addım idi...
30 may 2001-ci il. Kote Marcanişvili adına
Gürcüstan Dövlət
Dram Teatrı Tiflisin mərkəzində yerləşir.
Teatrın afişaları arasında
hər iki tamaşamız barədə
məlumat və şəkillər var. Bir azdan sənətsevərlərə
“Xəcalət” tamaşası
təqdim olunacaq.
“Ənənələrimizi bərpa
etmək istəyirik”
Hələ tamaşanın başlamağına
bir az
var. Gürcüstanda yaşayan
tanınmış ziyalılarımız,
soydaşlarımız Azərbaycandan
gəlmiş nümayəndə
heyəti ilə görüşürlər. Bu arada
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdan xahiş edirik ki, Gürcüstan səfəri ilə bağlı fikirlərini bizimlə bölüşsün:
- Bizim
Gürcüstanla teatr
əlaqələrimizdə tamamilə yeni bir mərhələ başlayır. Əvvəlki ənənələrimizi yenidən
bərpa etmək istəyirik. Akademik Milli Dram Teatrına görkəmli sənət
xadimləri Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov rəhbərlik etdiyi dövrlərdə teatrımızla Gürcüstan
teatrı arasında çox sıx dostluq əlaqələri olub. Təsadüfi deyil ki, bu yaradıcılıq əlaqələri təkcə
teatrlar arasında deyil, müəlliflər,
rejissorlar arasında olub.
Bu gün,
bütün sahələrdə
olduğu kimi, teatr əlaqələrimizi
yenidən bərpa etməliyik. İki həftə əvvəl Kote Marcanişvili adına Gürcüstan
Dövlət Dram Teatrı
Akademik Milli Dram Teatrının səhnəsində
iki tamaşa ilə çıxış
etdi. Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrı da iki tamaşa
ilə Gürcüstana
səfər edib.
Gələn il mədəni
həyatımızda çox
böyük bir hadisəni - dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyini keçirəcəyik. Axundovun pyeslərini
ölkəmizdə, hətta
onun hüdudlarından
kənarda səhnələşdirməyi
düşünürük. May ayında Türkiyədə
türkdilli dövlətlərin
teatr rəhbərlərinin
toplantısı oldu və bu toplantıda
məni şuranın
sədri seçdilər.
İlk təklifim bu oldu ki, Axundovun
6 komediyası bütün
türkdilli ölkələrin
səhnəsində tamaşaya
qoyulsun. Gürcüstan
tamaşaçıları da uzun fasilədən
sonra yenidən Axundov yaradıcılığı
ilə
Gürcüstan tərəfi ilə
teatr sahəsində əməkdaşlığımızın geniş perspektivi var. Gələcəkdə birgə
tamaşalar hazırlayacağıq.
Yeni, maraqlı layihələrimiz
var.
İlk dəfə əsəri başqa bir ölkənin səhnəsində
nümayiş olunan yazıçı-dramaturq, millət
vəkili Hüseynbala
Mirələmovdan xahiş
etdik ki, tamaşadan əvvəl hansı hisslər keçirdiyini bizimlə bölüşsün:
- “Xəcalət”
tamaşasının Gürcüstan
Dram Teatrının səhnəsində
oynanılması qəlbimdə
bir həyəcan yaradıb. Doğrusu, bilmirəm, istər
gürcü tamaşaçılarının,
istər burada yaşayan azərbaycanlıların
tamaşaya münasibətləri
necə olacaq? Əsər Qarabağdan, bizim ümumi dərdimizdən bəhs edir. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların
da, bütün dünya azərbaycanlılarının
da ümumi dərdi, problemidir. Bu dərdimizi əsərdə
mən necə verə bilmişəm, rejissor necə yozub, aktyorlar necə oynayıb, bunu tamaşa sona çatanda biləcəyik. Hər halda
həyəcan var və bu da
təbiidir.
Azərbaycanın
Gürcüstandakı səfirliyinin
müşaviri Şövqü
Mehdizadə iki ölkə arasında mədəni əlaqələrin,
yeni mədəniyyət
körpülərinin salınmasının
olduqca vacib və zəruri olduğunu qeyd etdi, Akademik Milli Dram Teatrının səfərinin Gürcüstanda
yaşayan soydaşlarımızın
sevincinə səbəb
olduğunu bildirdi.
Gürcüstanda rəsmi rəqəmlərə
görə, 300 min, qeyri-rəsmi
rəqəmlərə görə
isə yarım milyona yaxın soydaşımız yaşayır.
Şövqü Mehdizadə
Gürcüstanda Azərbaycan
mədəniyyətini yaşatmaq,
təbliğ etmək
üçün görülən
işlər barədə
də məlumat verdi. Müşavir bildirdi ki, bir
çox bölgələrdə
soydaşlarımız üçün
mədəniyyət mərkəzləri
yaradılıb. Gürcüstanda Azərbaycan dilində qəzetlər çap olunur, son iki ildə Azərbaycan dilində 40-a yaxın kitab nəşr edilib və bu istiqamətdə işlər davam etdirilir.
“Xəcalət” alqışlandı
Gürcüstanda teatra heç
kəs gecikmir. Bu da onların
teatra olan münasibətlərinin bir
göstəricisidir. Zalda boş
yer gözə dəymir. Hamı həyəcanla pərdələrin
açılmasını gözləyir.
Pərdə arxasında da
eyni həyəcan duyulur. Hər şey vaxta
tabedir. Hələ vaxta var.
Qarabağ dərdimizdən bəhs edən “Xəcalət” tamaşasında baş rolun - Vətən rolunun ifaçısı Xalq artisti Nurəddin
Mehdixanlı vaxtın
içində vaxt tapa bilir:
- Bu gün Akademik Milli Dram Teatrı çox uğurlu bir yol başlayıb. Teatrı daha da inkişaf etdirmək üçün
islahatlara start verilib. Hesab edirəm ki, Gürcüstana səfərimiz
də Akademik Milli Dram Teatrının üz tutmadığı səhnələrə qayıdışıdır.
Bizi gözləyən çox
səhnələr, çox
teatrlar, çox tamaşaçılar var. Tək
Azərbaycanda deyil, Azərbaycandan kənarda da. Necə ki, bizim teatr sənətkarlarımız
Orta Asiyaya, İrana, Türkiyəyə
teatr missionerləri kimi gedib orada
teatr yaradıb, teatr sənətini inkişaf etdiriblər, biz
də teatr ənənələrimizi yaşatmalıyıq.
Nəticədə biz dünyanı tanıyacağıq, dünya
bizi tanıyacaq.
Atılan addımlar əslində
buna xidmət edir. Bu işdə
əməyi olan Mədəniyyət və
Turizm Nazirliyinə, Akademik Milli Dram Teatrının rəhbərliyinə
və əməyi keçən hər kəsə təşəkkür
edirik.
Pərdələr açılır. Bütün nəzərlər səhnəyə
dikilib. “Xəcalət” tamaşası
doğma vətənindən,
el-obasından, yurd-yuvasından
ayrı düşmüş
bir ailənin dramından bəhs edir. Maddi və mənəvi
sıxıntılar içində
çırpınan insanın
seçimi necə olacaq? Mövzunun aktuallığı, rejissor yozumu, sadə və həyatın bir parçasını xatırladan
səhnə tərtibatı,
yüksək aktyor ifası tamaşaçıları
tamaşa boyu gərginlikdə saxladı.
Tamaşadakı bitkin
aktyor heyəti xalq artistləri Nurəddin Mehdixanlının,
Ramiz Novruzun, əməkdar artistlər Mətanət Atakişiyevanın,
Ələsgər Məmmədoğlunun
və Xədicə Novruzun yaratdığı
obrazlar istər Gürcüstanda yaşayan
soydaşlarımız, istərsə
də həssas gürcü tamaşaçıları
tərəfindən göz
yaşı içində,
ayaqüstə, dönə-dönə
alqışlandı.
Tamaşadan sonra Azərbaycan
sənətkarlarının şərəfinə ziyafət
verildi.
Mayın 31-də gürcü teatrsevərlərə M.F.Axundovun
“Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşası təqdim
olundu. Bu barədə növbəti
sayımızda.
Təranə Vahidqızı,
Bakı-Tbilisi-Bakı
Mədəniyyət.-
2011.- 3 iyun.- S. 5.