Jurnalistlərin
Xaçmaz turu
«Turizmə dəstək» gənclər koalisiyası
«Jurnalistlərin Xaçmaz turu» proqramını həyata
keçirdi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati
dəstəyi, «Atlant» istirahət və əyləncə mərkəzi
və «Turizmə dəstək» gənclər
koalisiyasının təşkilatçılığı ilə
bir qrup media nümayəndəsi iyunun 3-dən 5-dək
Xaçmaz rayonunun Nabran qəsəbəsində səfərdə
oldu.
Səfər çərçivəsində
bir sıra tədbirlər, görüşlər
keçirildi. Səfərin məqsədini açıqlayan
koalisiya rəhbəri Ramiz Alıyev bildirdi ki, layihəni
gerçəkləşdirməklə ölkə rəhbərliyinin
«Turizm ili» təşəbbüsünə öz töhfələrini
vermək istəyirlər: “2011-ci ilin «Turizm ili» elan edilməsindən
sonra biz də «Turizmə dəstək» gənclər
koalisiyası yaradaraq bu təşəbbüsə qoşulduq.
Əsas məqsədimiz kütləvi informasiya vasitələri
ilə birlikdə Azərbaycanın turizm məkanlarına səyahət
təşkil etmək və bu turlar nəticəsində
bölgələrdə turizm sahəsində vəziyyətlə
tanış olmaq, turist şirkətlərinin fəaliyyətini,
qarşılaşdıqları problemləri və s. öyrənməkdir.
Eyni zamanda, Azərbaycanın turizm potensialı olan dilbər
guşələri haqqında media vasitəsilə ictimaiyyəti
məlumatlandırmaq istəyirik. Kütləvi informasiya vasitələrinin
turizmin təbliğində mühüm rolu var. Biz də bundan
istifadə edəcəyik».
R.Alıyev sənətçilərin
də koalisiyaya cəlb olunduğunu bildirdi: “KİV-lə bərabər
mədəniyyət və incəsənət nümayəndələri
ilə də əməkdaşlıq edirik. Sənətçilər
vasitəsilə onların pərəstişkarlarını Azərbaycanın
daxili turizminə yönəltmək istəyirik. Azərbaycan
vətəndaşları hər hansı xarici ölkədə
istirahətə sərf etdikləri pulu öz
respublikamızın səfalı guşələrində
istirahətə xərcləsə, bu, ölkənin büdcə
gəlirlərinə əlavə vəsait gətirər,
iqtisadi inkişafa da kömək olar».
R.Alıyev bildirdi ki, növbəti
tur Lənkəran və Qəbələyə planlaşdırılıb:
“İl ərzində Mədəniyyət və Turizm
Nazirliyinin təşkilati dəstəyi ilə turizm əhəmiyyətli
bölgələrə turlar, müxtəlif layihələr həyata
keçiriləcək. İyun ayının sonlarında turizm
sahəsində vəziyyət, mövcud problemlərlə
bağlı konfrans da keçirməyi planlaşdırırıq.
Konfransa dövlət rəsmilərini, turizm şirkətlərinin
təmsilçilərini dəvət edəcəyik”.
Qeyd edək ki, səfərin ilk
günü «Atlant» istirahət və əyləncə mərkəzinin
rəhbəri Tahir Dadaşov jurnalistlərlə
görüşərək müəssisənin fəaliyyəti
barədə geniş məlumat verdi. Növbəti gün
Xaçmaz rayonuna gəzinti təşkil olundu. Səyahət
zamanı tur iştirakçıları Xaçmazdakı Heydər
Əliyev parkına, Heydər Əliyev Mərkəzinə,
Xalqlar Dostluğu, Şəxsiyyətlər muzeylərinə
baş çəkdilər.
2006-cı ildə yaradılan Şəxsiyyətlər
muzeyində Azərbaycanın görkəmli
insanlarının, ədiblərin, mədəniyyət xadimlərinin
heykəlləri var.
Tur iştirakçıları daha
sonra Xaçmaz Rayon Turizm İnformasiya Mərkəzi ilə
tanış oldular. Burada keçirilən mətbuat
konfransında Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov,
rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi
Zöhrab Məmmədov, «Turizmə dəstək» gənclər
koalisiyasının rəhbəri Ramiz Alıyev, «Atlant» istirahət
mərkəzinin rəhbəri Tahir Qədəşov
iştirak etdi. Çıxış edənlər Nabranın
turizm potensialından danışdılar. Qeyd olundu ki, bir tərəfi
dəniz, digər tərəfi isə meşə olan bölgə
turistlər üçün cəlbedici məkandır. Bununla
belə, ərazidə turist obyektlərinin sayı hələ
azdır. Mədəniyyət və turizm şöbəsinin məsləhətçisi
Z.Məmmədov turizm obyektlərində qiymətlərin
yüksək olması, yol problemi, lisenziya ilə bağlı
məsələlərin həllinin vacibliyini vurğuladı.
Tur çərçivəsində
incəsənət ustalarının iştirakı ilə
konsert də oldu. Konsertdə Rahidə Baxışova, Bahar Lətifqızı,
Çingiz Mustafayev, Fidan Süleymanova, Leyla İdrisova,
Yaşar Yusif, meyxanaçılar Həbib Bare və Fuad Zəngəzur
çıxış etdilər. Qeyd edək ki, tur zamanı
jurnalistlərin istirahəti və əyləncəsi də təmin
olundu. Belə ki «Atlant» istirahət mərkəzində
akvaparkda orta əsr dəniz gəmisinə, mərkəzin əyləncə
şəhərinə gəzinti və s. təşkil olundu.
Gülər
Nizamiqızı
Mədəniyyət.-
2011.- 8 iyun.- S. 15.