Ələsgər Ələkbərovun
100 illik yubileyi qeyd olundu
İyunun 3-də Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti
Ələsgər Ələkbərovun (1910-1963) 100 illiyi
münasibətilə yubiley tədbiri keçirildi.
Tanınmış mədəniyyət
və incəsənət xadimlərinin, mərhum sənətkarın
ailə üzvlərinin iştirak etdikləri yubiley tədbirində
sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə,
Əməkdar incəsənət xadimi, kinoşünas
Aydın Kazımzadə, xalq artisti Ağakişi Kazımov və
digərləri çıxış etdilər. Qeyd olundu ki, Ə.Ələkbərov
yarım əsrə yaxındır ki, həyatda olmasa da, onun
adı sənət aləmində böyük hörmət və
ehtiramla xatırlanır. Bir çox filmlərdə və
teatr səhnəsində yaddaqalan obrazlar yaradan Ə.Ələkbərov
adını sənət tariximizin silinməz səhifələrinə
əbədi həkk etmiş sənətkarlardandır.
Aktyor 1927-1930-cu illərdə
Bakıdakı Teatr Texnikumunda təhsil aldıqdan sonra Türk
İşçi Teatrında işləyib. Bir neçə il
müxtəlif teatrlarda çalışan sənətkar
1933-cü ildən yaradıcılıq taleyini indiki Akademik
Milli Dram Teatrına bağlayıb. Hələ
yaradıcılığının ilk illərindən Ə.Ələkbərovun
tamaşalarına baxanlar uzun müddət onun
yaratdığı obrazın təsirindən çıxa
bilmirdilər. Onun səhnədə yaratdığı Vaqif
(“Vaqif”) və Otello (“Otello”) obrazları milli teatr sənətimizin
incilərindəndir.
Aktyor Vaqif rolunda 1000 dəfədən
çox səhnəyə çıxıb.
Görkəmli sənətkar milli kinomuzda da layiqli iz qoyub. Onun “Fətəli xan» (Fətəli xan), “Qara daşlar” (İsmayılzadə), «Səhər» (Rəhim bəy), «Böyük dayaq» (Rüstəm kişi), “Ögey ana” (Hüseyn dayı), “Uzaq sahillərdə” (Ferrero) və s. filmlərdə yaratdığı obrazlar Azərbaycan kino tarixində xüsusi yer tutur.
Yubiley gecəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorlarının ifasında Ələsgər Ələkbərovun yaradıcılığında mühüm yer tutan “Vaqif”, “Otello”, “Bahar suları” tamaşalarından parçalar göstərildi, görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxlar və fotoşəkillər nümayiş olundu. Yubiley tədbiri çərçivəsində teatrın foyesində Ələsgər Ələkbərovun yaradıcılıq fəaliyyətini əks etdirən lövhə də hazırlanmışdı.
Tamaşaçıların maraqla izlədiyi tədbirin sonunda mərasimin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və teatrın rəhbərliyinə minnətdarlıq bildirildi.
Ceyhun
Mədəniyyət.-
2011.- 8 iyun.- S. 13.