Ədəbiyyat tariximizin yaradıcıları: Məmməd Arif Dadaşzadə

 

   Görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakıda anadan olub. Rus-tatar məktəbini bitirdikdən sonra bir müddət müəllimlik edib. 1920-1925-ci illərdə Bakı Xalq Maarifi İnstitutunda təhsilini davam etdirib, 1931-ci ildə ADU-nun Şərq fakültəsini bitirib. Daha sonra Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub.

   Məmməd Arif 1932-1938-ci illərdə Azərbaycan xalq maarif komissarının müavini, eyni zamanda APİ-nin rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent, ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri işləyib. 1957-1959-cu illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsində çalışıb. Görkəmli alim 1941-1945-ci illərdə “Vətən uğrunda” jurnalının redaktoru, Azərbaycan EA Rəyasət Heyəti nəzdində olan Terminologiya Komitəsinin sədri olub.

   1954-cü ildə “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru, professor adı alıb. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilib. 1960-cı ildən ömrünün sonunadək EA-nın vitse-prezidenti olub.

   Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olub. İkicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerki”nin müəlliflərindən biridir. 1932-ci ildən başlayaraq onun digər müəlliflərlə birgə yazdığı ədəbiyyat dərslikləri 50 ildən artıqdır ki, dönə-dönə çap olunub, məktəblərdə tədris olunur.

   Ədəbi fəaliyyətə 1923-cü ildə “Molla Nəsrəddin” məcmuəsi səhifələrində çıxan “Bədgümanam”, “Mərsiyə xəbərləri” felyetonları ilə başlayıb. 1920-1930-cu illərdə mətbuatda şeir və hekayələrlə çıxış edib. Bədii yaradıcılıqla yanaşı, müntəzəm olaraq Məmməd Arif dünya klassiklərindən R.Taqor, E.Remark, N.Qoqol, L. Tolstoy, A.Çexov, M.Qorki, N.Ostrovski, Evripid, A.Barbüs, Servantes və başqalarının əsərlərindən bədii tərcümələr edib.

   Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və xarici dillərə çevrilib. Görkəmli alim EA-nın “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə elmi şurasının Moskvada çıxan “Qısa ədəbiyyat ensiklopediyası”nın redaksiya heyətinin üzvü idi. Azərbaycan Dövlət mükafatı laureatı, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.

   1975-ci il dekabrın 27-də Bakıda vəfat edib.

 

 

    Mədəniyyət.- 2011.- 8 iyun.- S. 13.