Üzeyir bəyin irsini yaşadan təhsil ocağı
Bakı Musiqi Akademiyası - 90
Görkəmli
musiqişünas, rəssam və ensiklopediyaçı alim Mir
Möhsün Nəvvabın müdrik bir kəlamı var. O
yazır: «Elm və hünərdən yadigar qoymaq
yaxşıdır, nəinki mal və əmlakdan». Bu yazıda
da böyük ustadların qiymətli bir yadigarından, musiqi
məbədgahından, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasından söhbət
açacağıq.
Bildiyiniz kimi, Bakı Musiqi
Akademiyası əvvəllər Azərbaycan Dövlət
Konservatoriyası adlanırdı. Yaranma tarixi 1921-ci il avqustun
26-na təsadüf edən bu təhsil ocağının təşkili
və faəliyyətində Üzeyir bəyin müstəsna
xidmətləri olub. Dahi bəstəkarın rektoru olduğu
1939-1948-ci illər Konservatoriyanın tarixində xüsusi bir mərhələ
təşkil edir.
Konservatoriya yarandığı
vaxtdan milli musiqimizin təbliği, tədqiqi, professional
musiqimizin inkişafı, klassik musiqi janrlarının milli
musiqimizə tətbiqi, milli kadrların yetişməsində
tarixi rol oynayıb. İlk çoxsəsli xorun
yaradılması, xalq musiqisini toplamaq və tədqiq etmək
üçün Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkil
edilməsi Konservatoriyanın gələcək fəaliyyətində
mühüm zəmin oldu. Peşəkar bəstəkar,
musiqişünas və ifaçı nəsli yetişdi. Bəstəkarlardan
Asəf Zeynallı, Səid Rüstəmov, pianoçulardan
Kövkəb Səfərəliyeva, dirijor Əşrəf Həsənov,
musiqişünaslardan Xurşid Ağayeva və
başqaları Konservatoriyanın ilk məzunları olublar. Yarandığı
vaxtdan Konservatoriyanın tədris prosesində ənənəvi
Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli
musiqi irsinin öyrənilməsinə də xüsusi diqqət
verilib. Burada bəstəkarlıq-nəzəriyyə,
fortepiano, orkestr, vokal şöbələri ilə
yanaşı, Şərq şöbəsi - xalq
çalğı alətləri ifaçılığı
şöbəsi də açılmışdı. Sonralar bu
sıraya xanəndəlik şöbəsi və Üzeyir
Hacıbəylinin işləyib hazırladığı Azərbaycan
xalq musiqisinin əsasları kursu da əlavə edildi.
Məlumdur ki, Azərbaycan Dövlət
Konservatoriyası yaradılarkən orada fəaliyyət
göstərən pedaqoqların sayı az olub. Üzeyir bəy
başda olmaqla vokal sənətimizin görkəmli simaları
Bülbül, Şövkət Məmmədova, tarzən Əhməd
Bakıxanov, ustad xanəndələr Cabbar
Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd,
Seyid Şuşinski və başqaları burada
çalışıblar.
Digər pedaqoqlar isə Moskva və
Peterburq Konservatoriyasının yetirmələri olan M.Pressman,
Aysberq, B.Karagiçev, İ.Ab, S.Bretanitski, Şaroyev, M.Brenner
və başqaları olmuşlar. Onların əksəriyyəti
məhz Üzeyir bəyin rektor olduğu zaman dəvət
edilmişlər. Bu mənada görkəmli bəstəkarlarımızın
yetişməsində xidmətləri olan B.İ.Zeydmanın
da adını çəkə bilərik. Beləliklə,
Üzeyir bəyin böyük diqqət və
qayğısı ilə Azərbaycanda mükəmməl ali
musiqi təhsili formalaşıb inkişaf etdi. Bunun nəticəsi
olaraq adı milli mədəniyyətimizin iftixarı olan
neçə-neçə bəstəkar, musiqişünas və
ifaçılar yetişdi ki, onlar da əvvəlki ənənələrə
istinad edərək öz ardıcıllarını
yetişdirdilər. Ali musiqi tədrisinin inkişafı
prosesində Qara Qarayevin (1949-1952-ci illərdə rektor),
Cövdət Hacıyevin (1957-1969-cu illərdə rektor),
Kövkəb Səfərəliyevanın, Əşrəf
Abbasovun (1953-1957-ci illərdə rektor), Elmira Nəzirovanın,
Rauf Atakişiyevin, Zakir Bağırovun, Məmmədsaleh
İsmayılovun, Bayram Hüseynlinin, Süleyman Ələsgərovun,
Cahangir Cahangirovun, Soltan Hacıbəyovun (1969-1974-cü illərdə
rektor), Elmira Abbasovanın (1977-1991-ci illərdə rektor), Vasif
Adıgözəlovun və başqalarının mühüm
xidmətləri var. Bu sənətkarların müasirləri
onların yolunu davam etdirərək ali musiqi təhsili prosesini
müasir tələblərə uyğun şəkildə
inkişaf etdirir və yeni musiqi nəsli yetişdirirlər. Hazırda
təhsil ocağına dünya şöhrətli sənətkarımız,
Xalq artisti, professor Fərhad Bədəlbəyli rəhbərlik
edir. Burada görkəmli bəstəkarlar, ifaçılar və
musiqişünaslar çalışırlar. Onlardan xalq
artistləri, professorlar Arif Məlikov, Xəyyam Mirzəzadə,
Fidan və Xuraman Qasımovalar, Azər Rzayev, Ramiz Quliyev, Ramiz
Zöhrabov, əməkdar incəsənət xadimləri,
professorlar Gülnaz Abdullazadə, Zemfira Qafarova, Səadət
Seyidova, Səadət Abdullayeva, Şəhla Həsənova,
Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fərəh Əliyeva,
Elnarə Dadaşova və daha neçə-neçə
peşəkar musiqiçinin adını çəkə bilərik.
Bakı Musiqi Akademiyasında tədqiqatçı, alim,
ifaçı və pedaqoq kimi fəaliyyət göstərən
bu insanlar yalnız respublikamızda deyil, dünyanın
müxtəlif ölkələrində Azərbaycan musiqi mədəniyyətini
təbliğ və təmsil edən tanınmış
simalardır.
Qeyd etdiyimiz kimi, 1921-ci ildən Azərbaycan
Dövlət Konservatoriyası kimi fəaliyyətə
başlayan, 1949-cu ildən Üzeyir Hacıbəylinin
adını daşıyan bu təhsil ocağı 1994-cü
ildən Bakı Musiqi Akademiyası adlanır. 2000-ci ildən
bu Akademiyanın bazası əsasında xalq çalğı
alətləri və ifaçılığı şöbəsi
ayrılmaqla Azərbaycan Milli Konservatoriyası təşkil
edildi.
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında başqa ali təhsil
ocaqlarında olduğu kimi, bakalavr və magistr təhsil pillələri
üzrə ifaçılıq, musiqi tarixi və nəzəriyyəsi
fakültələrində bəstəkarlıq,
musiqişünaslıq, fortepiano, orqan, vokal, dirijorluq, nəfəsli
və simli alətlər ifaçılığı
ixtisasları üzrə mütəxəssislər yetişir.
Eyni zamanda BMA-nın tərkibində Ş.Məmmədova
adına Opera studiyası, «Məktəb studiya», «Şifahi ənənəli
musiqinin tədqiqi problemləri», «Qədim musiqi alətlərinin
bərpası» elmi laboratoriyaları, «Azərbaycan xalq
musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının tərkibində
«Xalq musiqisi» kabineti və s. elmi yaradıcılıq
qurumları fəaliyyət göstərir.
Bu il Bakı Musiqi Akademiyasının 90 illik
yubileyidir. Bu təhsil
ocağının fəaliyyəti
həm də Üzeyir bəyin musiqi irsinin yaşadılması, dahi bəstəkara sonsuz hörmət və ehtiramın göstəricisidir.
Təsadüfi deyil ki, Bakı Musiqi Akademiyasının 90 illik
yubileyi də Üzeyir bəyin irsini bir daha
öyrənmək, tədqiq
və təbliğ etmək üçün daha bir vəsilədir.
Mayın
31-dən iyunun 2-dək Təhsil
Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə
keçirdiyi elmi-praktiki
konfrans da buna bariz nümunə
idi.
«Üzeyir Hacıbəyli - 125. Bakı
Musiqi Akademiyası -
90» adlı konfransı
giriş sözü ilə açan rektor, Xalq artisti,
professor Fərhad Bədəlbəyli
Üzeyir bəy irsinin əbədiyaşarlığından
və Akademiyada onun ənənələrinin
layiqincə qorunub saxlanıldığından söhbət
açdı. Elmi-praktiki konfransda
çıxış edən
digər alimlər Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığının müxtəlif sahələrini
əhatə etdilər.
Konfrans bir daha göstərdi
ki, milli musiq sənətimizin, Üzeyir bəyin tükənməz irsinin öyrənilməsi, tədqiqi
və təbliği uğurla davam edir və Bakı
Musiqi Akademiyasının
alim-müəllim kollektivi
bu işə həmişəkitək öz
dəyərli töhfələrini
verir.
Yazını da BMA-nın rektoru, hörmətli sənətkarımız Fərhad
Bədəlbəylinin bu
fikirləri ilə tamamlayırıq: «Üzeyir
Hacıbəyli elə
bir dahidir ki, onun irsi
daim tədqiqat obyekti olacaq. Əminəm
ki, bu işdə
BMA-nın professor və
müəllim heyəti,
eləcə də onların yetirmələri
müntəzəm çalışacaqlar».
Biz də
bu yolda onlara uğurlar arzulayırıq.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 12 iyun.- S. 12.