Turizm Assosiasiyası «Eurovision»a hazırlıqla
bağlı təkliflər hazırlayıb
2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin
Bakıda keçirilməsi turizm sahəsinin daha da genişləndirilməsi,
Azərbaycanın inkişaf etməkdə olan turizm ölkəsi
kimi dünyaya tanıdılması üçün də
böyük fürsətdir. Bunu diqqətə alaraq yaxın
vaxtlarda turistlərə göstərilən xidmətin keyfiyyətinin
daha da yaxşılaşdırılması ilə
bağlı ciddi işlər başlanacaq.
Bu barədə Azərbaycan Turizm
Assosiasiyasından qəzetimizə daxil olan məlumatda
bildirilir. Məlumata əsasən, AZTA “Eurovision 2012”nin Azərbaycan
turizmçilərinə verdiyi mühüm şansdan
yararlanaraq bu sahədə yüksək keyfiyyətli xidmət
səviyyəsini təmin etmək məqsədilə bir
sıra təkliflər hazırlayıb. Təkliflərə əsasən,
qonaqların qəbulu ilə Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının birgə
məşğul olması bu işdə pərakəndəliyin
aradan qaldırılmasına kömək edə bilər. Bu
qurumlar hotellər və turizm şirkətlərinin real vəziyyətindən
xəbərdardır və müvafiq monitorinqlər keçirə,
tövsiyələr verə bilərlər.
Qeyd olunur ki, «Eurovision» müsabiqəsi
kimi beynəlxalq səviyyəli tədbirlərdə
ayrı-ayrı hotel və turizm şirkətlərinin pərakəndə
halda qonaqların qəbulu və xidməti ilə məşğul
olması məqsədəuyğun deyil. Çünki
müsabiqə ilə bağlı ölkəmiz indiyədək
tarixində görünməmiş sayda xarici qonaq, turist qəbul
etməli olacaq. Ona görə də bu iş vahid bir mərkəzdən
idarə olunmalıdır.
AZTA-dan onu da bildiriblər ki,
hazırda Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonunda 110 hotel fəaliyyət göstərir. Bu
hotellərin 4231 nömrə fondu var. Bundan 3873 nömrə
Bakı şəhərindədir. Ümumilikdə yerlərin
sayı 8936-dır. Lakin bu hələlik kağız üzərində
olan rəqəmlərdir. Ona görə də bütün
hotellərdə monitorinqlər keçirilməli, dəqiq
nömrə fondu müəyyənləşməli, xidmət
səviyyəsi, kadrların peşəkarlığı
yoxlanmalı, lazım olan tövsiyə və
tapşırıqlar verilməli və ehtiyacı olan hotellərə
kadrların hazırlanmasında yardımlar göstərilməlidir.
Keçirilən monitorinqlərin nəticələri
ilə bağlı Müsabiqənin Təşkilat Komitəsi
məlumatlandırılmalı və mənfi halların aradan
qaldırılması yolları göstərilməlidir.
Bundan əlavə, qonaqların qəbulu
ilə məşğul olacaq bölmə tərəfindən
Bakıda fəaliyyət göstərən nəqliyyat
şirkətləri və Azərbaycan Respublikası Nəqliyyat
Nazirliyi ilə əməkdaşlıq şəraitində
xidməti nəqliyyat vasitələrinin sayı, markası,
növü, yerlərin, oturacaqların sayı, texniki vəziyyəti
müəyyənləşdirilməlidir.
Habelə ali məktəblərdə
xarici dilləri mükəmməl bilən tələbələrdən
seçim edilməli, onlar ekskursiya bələdçiləri
kurslarına cəlb olunmalı, Bakı və Abşeron
yarımadası haqqında ekskursiya mətnləri və
marşrutları işlənib hazırlanmalıdır. Qonaqların
qalacağı bütün hotellərdə Azərbaycanı,
Bakı şəhərini təbliğ edən gözəl nəfisdə
tərtib olunmuş çap məhsulları və suvenirlərin
satışı təşkil olunmalıdır. «Bütün
bunları etməklə, dünyaya sübut etməliyik ki,
böyük potensiala malik Azərbaycanda turizm yüksək
sürət və keyfiyyətlə inkişaf edir», - deyə
AZTA-nın məlumatında bildirilir.
Fəxriyyə
Mədəniyyət.- 2011.- 8 iyun.- S.
10.