Şimali Kipr Azərbaycanla turizm əlaqələrinin
genişlənməsində
maraqlıdır
Mehmet Əli Yüksələn: «Ölkəmiz ərazicə
kiçik olsa da, turizm sahəsində təcrübəmiz
böyükdür”
Bu
günlərdə Şimali Kipr Beynəlxalq Universiteti Azərbaycanda
artıq ikinci tədris ili üzrə tələbə qəbulu
elan etdi. Xarici dil də daxil olmaqla, yüksək təhsil vəd
edən universitetin rəhbərliyi bu il ölkəmizdə
«Turizm ili» elan edilməsi münasibətilə azərbaycanlı
tələbələrə bir sıra güzəştlər
tətbiq edəcək. Ali təhsil ocağının rektoru
Mehmet Əli Yüksələnlə söhbət əsnasında
bu güzəştlər haqqında məlumat aldıq, həmçinin
Şimali Kipr-Azərbaycan turizm əlaqələri barədə
danışdıq. Rektor öncə universitet barədə məlumat
verdi.
- Şimali Kipr Beynəlxalq
Universiteti 1997-ci ildən fəaliyyət göstərir. Bu
müddətdə dünyanın bir çox ölkələrində
tanınmışıq. Universitetdə iqtisadiyyat, hüquq, fənn-ədəbiyyat,
turizm, incəsənət, mühəndislik - ümumilikdə
9 fakültə üzrə 28 xarici ölkədən və
Şimali Kiprin özündən 4700 tələbə təhsil
alır. Dərslər ingilis dilində keçirilir. 36
bölümdə bakalavr, 21 bölümdə magistr, 10
bölümdə isə doktorantura təhsili veririk. Universitetdə
9 fakültə üzrə tələbə qəbulu həyata
keçirilir. Böyük Britaniyanın «Universty of Sunderland» və
«Universty of Wolverhampton» universitetləri ilə ikili diplom
haqqında razılaşmamız var. Bir sözlə, az vaxt
içərisində böyük uğurlara imza
atmışıq.
- Azərbaycanla təhsil sahəsində
əməkdaşlığınız nə vaxtdan
başlayıb?
- 2008-ci ildə ilk dəfə Azərbaycana
gəldim, ikinci səfərim 2010-cu ildə baş tutdu. Budəfəki
gəlişim artıq təhsil sahəsində əməkdaşlıq
təklifi ilə bağlı idi. Bakıda gördüyüm
dəyişiklik, inkişaf məni bir daha əmin etdi ki,
düzgün qərar qəbul etmişəm. Beləliklə,
ötən il Azərbaycandan 50 tələbə qəbul etdik.
Azərbaycanlı gənclərin bizim universitetdə təhsil
alması həm ölkəmizin, həm də rektor olaraq mənim
özümün marağımdadır. Çünki
Şimali Kiprlə Azərbaycanı təkcə işgüzar
əlaqələr və biznes maraqları deyil, eyni zamanda
soy-kök yaxınlığı birləşdirir. Buna görə
də Azərbaycandan olan tələbələrimiz
üçün güzəştli 4.446 avroluq paket təklif
edirik. Amma yaxşı oxuyan və nümunəvi
davranış göstərən tələbələrə
endirimlər də nəzərdə tutulub. Yemək və
universitet ərazisində yerləşən şəhərcikdə
qalmaq da bu qiymətə daxildir. Müqayisə
üçün deyim ki, digər ölkələrdən tələbələrə
bu paket 9 min avroya başa gəlir.
Onu da deyim ki, bu il Azərbaycanda
«Turizm ili» olması münasibətilə bir mühüm
yenilik də etmişik. TQDK-nın qəbul imtahanlarından
600-dən yuxarı bal toplayan gənclər universitetimizdə
pulsuz təhsil almaq imkanı qazanacaqlar. Amma bu güzəşt
yalnız bu ilə şamil olunur.
- Universitetinizdə turizm fakültəsində
təhsillə bağlı nə deyə bilərsiniz?
- Şimali Kipr bir turizm ölkəsi
kimi tanınır. Ona görə də biz turizm təhsilinə böyük
önəm veririk. Bir neçə beşulduzlu hotellə də yaxından əməkdaşlıq edirik.
Yay tətilində turizm sahəsi üzrə təhsil alan tələbələrimizi
bu hotellərdə təcrübə keçməyə
göndəririk. Onlar
burada həm təcrübə qazanırlar,
həm də gördükləri iş
müqabilində məvacib
alırlar. Bundan əlavə, universitetin kampusunda tələbələrin
təcrübə keçməsi
üçün özümüzün
hotelimiz fəaliyyət
göstərir.
- Azərbaycanda
da turizm sahəsi sürətlə
inkişaf edir. Bu sahədə ölkəmizlə
əməkdaşlığı necə görürsünüz?
- Şimali Kipr Azərbaycanla bütün sahələrdə,
o cümlədən turizm
sahəsində yaxından
əməkdaşlıq etmək
niyyətindədir. Hesab
edirəm ki, bu yaxınlarda Bakıdan Şimali Kiprə başlanacaq çarter səfərləri
bu əməkdaşlığa
mühüm zəmin olacaq. Şimali Kipr ərazicə kiçik ölkə olsa da, turizm
sahəsində təcrübəsi
böyükdür. Biz məmnuniyyətlə
bu sahədəki bilgilərimizi dost və qardaş Azərbaycanla paylaşmağa hazırıq.
Bir neçə il əvvəllə müqayisədə deyə
bilərəm ki, Azərbaycanda turizm sahəsində inkişaf
var.
Bu ilin ölkənizdə «Turizm ili» elan olunması,
bir neçə 5 ulduzlu hotelin istifadəyə verilməsi
bu sahədə əldə edilən nailiyyətlərdən xəbər
verir. Bununla yanaşı, fikrimcə, hotellərdə xidmətin
səviyyəsinin yüksəldilməsinə
və turistlərə
vaxtlarını mənalı
keçirmələri üçün
əlavə proqramların
tərtib edilməsinə
ehtiyac var. Eyni zamanda mövsüm günlərinin sayının
artırılması üçün
ciddi işlər görülməlidir. Kiprdə
turizm mövsümü
4-5 ay idi. İndi biz bunu 7-8 aya çatdırmışıq.
Bunun üçün
qış aylarında
konqres turizmi tətbiq edirik. Hotellər boş olduğu dövrlərdə
universitetlər özlərinin
beynəlxalq tədbirlərini
burada keçirirlər.
Bu həm bizə, həm də hotel sahiblərinə sərf edir. Çünki hotellər bunun üçün universitetlərə
yarı qiymət təklif edirlər. Sizdə də turizm mövsümü günlərinin sayını
artırmaq üçün
müxtəlif vasitələrdən
yaralanmaq lazımdır.
F.Abdullayeva
Mədəniyyət.-
2011.- 8 iyun.- S. 10.