ADA
Kitab Mərkəzi
Burada dünyanın ən məşhur nəşriyyatlarının
kitablarını almaq, oxumaq və mədəni istirahət etmək
olar
Son
vaxtlar mədəniyyətlərarası dialoq məkanı,
mötəbər beynəlxalq forum, festival və müsabiqələrin
ev sahibi kimi tanınan Bakı həm də müasir dünya
standartlarına uyğun kitab mərkəzləri ilə də
diqqət çəkməyə başlayır. Sevindirici
haldır ki, vaxtilə paytaxtımızda fəaliyyət
göstərən kitab mağazalarının sayının
azalması fonunda müasir kitab mərkəzlərinin
açılması insanların kitaba olan sevgisini yenidən
qaytarır.
Öz rəngarəngliyi ilə
göz oxşayan, kitabı təbliğ edən və sevdirən
belə məkanlardan biri də Azərbaycan Diplomatik
Akademiyasının (ADA) nəzdində fəaliyyətə
başlayan Kitab Mərkəzidir. Geniş əraziyə malik, rəflərində
gözəl tərtibatlı kitabların toplandığı
bu Kitab Mərkəzini hər zaman yenilikçi ideyalarla diqqət
çəkən Diplomatik Akademiyanın növbəti
uğurlu layihəsi hesab etmək olar. Zəngin kitab fonduna
malik mərkəz təkcə ADA-nın tələbələrinə
deyil, bütün kitabsevərlərə əvəzsiz
töhfədir. Beləliklə, oxucuları ADA Kitab Mərkəzi
ilə tanış etmək üçün ədəbi
auralı məkana daxil oluram.
«Kitabların
rəngarəngliyi içərisində özümü
Vaşinqtonda hiss etdim»
ADA-da Kitab Mərkəzinin
açılışı aprelin 22-də olub və bu
münasibətlə burada I beynəlxalq mədəniyyət
festivalı keçirilib. Mərkəzin direktoru Vüqar
Zeynalovun sözlərinə görə, festivalda Azərbaycanda
akkreditə olunmuş 17 ölkə səfirliyi öz dövlətinin
stendləri ilə iştirak edib: «Stendlərdə hər
ölkənin tarixi və mədəniyyətini əks etdirən
kitablar, jurnallar, broşürlər, fotoşəkillər,
müxtəlif geyim və bəzək əşyaları,
şirniyyat məmulatları nümayiş etdirildi. Festival
çərçivəsində qonaqlar kitab mərkəzi ilə
tanış oldular. Hətta ABŞ-ın ölkəmizdəki
səfiri Mətyu Brayzə mərkəzdə yaradılmış
şəraitin yüksək səviyyədə olduğunu qeyd
edərək, «Bu kitabların rəngarəngliyi içərisində
mən özümü Vaşinqtonda hiss etdim» deyə bildirdi».
Qeyd edək ki, ADA Kitab Mərkəzi
Azərbaycanda analoqu olmayan bir kitab mağazasıdır. Mərkəzdə
kitab kafesi fəaliyyət göstərir ki, alıcı istədiyi
kitabı burada çay masası arxasında rahat şəkildə
vərəqləyə bilər. Kitablar isə ən müxtəlif
mövzuları əhatə edir. Xüsusilə ingilis dilində
kitablar çoxluq təşkil edir. Bu da təsadüfi deyil,
axı oxucular məhz bu dildə kitablara daha çox maraq
göstərirlər.
Mərkəzin direktoru burada Azərbaycan,
ingilis, rus dillərində kitablar olduğunu, yaxın vaxtlarda
türk dilində də elmi ədəbiyyat gətiriləcəyini
bildirdi.
Maraqlıdır, görəsən,
ADA Kitab Mərkəzinə üz tutan alıcılar hansı
mövzuda kitablara üstünlük verirlər. Vüqar
müəllim bu sualımızı belə
cavablandırdı:
- Elmi ədəbiyyata daha çox
oxucu marağı olduğundan bu kitablara geniş yer veririk. Detektiv
romanlar da daim satılır, eyni zamanda memuarlara, psixoloji ədəbiyyata
Azərbaycanda maraq az deyil. Bundan başqa, mərkəzimizdə
Azərbaycan mədəniyyətini təbliğ edən
kitablar da var. Rusiyanın «Elm» nəşriyyatı ilə
razılığa əsasən, bu nəşriyyatın
kitablarını alacağıq. M.Lomonosov adına Moskva
Dövlət Universitetindən də kitab almağı
planlaşdırırıq. Mədəniyyət və turizm
sahəsinə, xüsusilə ingilis, rus dillərində olan bələdçi
kitablarına da mərkəzdə geniş yer verilir. Bir
neçə gün əvvəl Qazaxıstandan bura gələn
turistlər burada Avropa şəhərlərinə aid olan bələdçi
xəritələri aldılar».
Kitab-axtarış
sistemi - Azərbaycanda yenilik
Kitab alıcılarının nəzərinə
çatdırmaq istərdik ki, ADA Kitab Mərkəzində
kitab-axtarış sistemi də müasir standartlara uyğun
formada qurulub. Bunun üçün mərkəzdə iki
köşk fəaliyyət göstərir. Bu köşklərə
yaxınlaşıb əvvəlcə istədiyin dili
seçirsən, sonra müəllifin və kitabın
adını daxil edirsən. Əgər kitab mərkəzdə
varsa, ekranda onun sayı, kodu və qiyməti ilə
bağlı da məlumat yazılır. Çünki mərkəzdə
olan bütün kitablar kitab-axtarış sisteminə daxil edilib.
Mərkəzdə kitabın olduğu təqdirdə,
satış mütəxəssisləri alıcıya
şöbəni seçməkdə yardım edir. Əlbəttə,
bütün bunlar ADA Kitab Mərkəzini digərlərindən
yaxşı mənada fərqləndirən xüsusiyyətlərdir.
Kitab Mərkəzində sosial, bədii,
psixoloji, incəsənət və digər bir çox bölmələr
də fəaliyyət göstərir. Burada Avropanın məşhur,
brend markalı nəşriyyatlarının məhsulları da
yer alıb. Bununla bağlı ortaya maraqlı sual
çıxır: Bu kitabların qiyməti Azərbaycan
oxucusunun cibinə uyğundurmu?
Elə başlayaq tərtibatı
ilə göz oxşayan kitabların düzüldüyü
incəsənət bölməsindən. Məsələn,
burada Almaniya nəşri olan rəsm albomunun qiyməti 17-22
manat arasında dəyişir. Amma öz alıcıları
olan böyük albomların qiyməti, məsələn, 192
manat təşkil edir. Mərkəzin direktoru deyir ki,
Avropanın özündə bu kitabların qiyməti bundan
ucuz deyil: «Sovet dövründə deyirdilər ki, kitab ən
yaxşı hədiyyədir. Bu gün də artıq bu ənənə
formalaşmağa başlayıb. Artıq insanlar ad günlərində
də bir-birlərinə hədiyyə kimi bahalı, gözəl
tərtibatlı kitablar bağışlayırlar. Brendlərə
gəlincə, bu günə qədər Azərbaycanda demək
olar ki, bütün brendlər öz əksini
tapmışdı və artıq nəşriyyat brendləri də
Bakıda təmsil olunmağa başlayıb.
Beynəlxalq
tədbirlər məkanı
ADA Kitab Mərkəzi balaca oxucuları
da yaddan çıxarmayıb. Uşaqlar üçün nəzərdə
tutulan bölmədə rəngli stol və stullar, guşənin
ümumi aurası balaca nəsildə kitab oxumaq adət-ənənəsini
formalaşdırmaqdan ibarətdir. Dünya təcrübəsində
bunun üçün müxtəlif metodlar mövcuddur.
ADA-nın mətbuat əlaqələri üzrə baş
koordinatoru Zaur Həsənovun sözlərinə görə,
Amerika prezidentinin xanımı ayda bir dəfə uşaqlarla
birlikdə kitab oxuyur. ADA Kitab Mərkəzində belə bir
bölmənin yaradılması gələcəkdə balaca
oxucular üçün də müxtəlif tədbirlərin
keçiriləcəyindən xəbər verir.
Mərkəzlə
tanışlıq zamanı bəlli oldu ki, bu məkan təkcə
kitab satışını deyil, gələcəkdə həm
də beynəlxalq tədbirlərin keçirilməsini
planlaşdırır. V.Zeynalovun sözlərinə görə,
iyunun 10-da görüş zalında yazıçı
Çingiz Abdullayevlə görüş nəzərdə
tutulub: «Davamlı olaraq digər müəlliflərlə də
görüşlər təyin olunub. Bundan başqa, burada kitab
təqdimatları da keçiriləcək. Məsələn,
bu günlərdə Bəhram Bağırzadənin yeni
kitabının təqdimatının keçirilməsini nəzərdə
tuturuq. Məqsədimiz kitabı təbliğ etmək, ona olan
əvvəlki sevgini bərpa etməkdir. Qoy insanlar müəlliflə,
kitabla daha yaxın olsunlar. Yazıçı ilə
görüş ənənəsi dünyanın demək olar
ki, bütün inkişaf etmiş ölkələrində
mövcuddur. Bu baxımdan, belə tədbirləri biz də
müntəzəm təşkil etmək niyyətindəyik. Sentyabr-oktyabr
ayları üçün təkcə yazıçılarla
deyil, rəssam və fotoqraflarla bağlı da belə tədbirlərin
keçirilməsi planlaşdırılıb”.
Mərkəz beynəlxalq əlaqələrini
də genişləndirir: “Qısa müddətdə Avropa və
Rusiya nəşriyyatları ilə işləməyə başlamışıq.
Rusiya, Türkiyə kitab mərkəzləri ilə birlikdə
tədbirlərin keçirilməsi də nəzərdə
tutulub».
Qeyd edək ki, ADA Kitab Mərkəzi
istənilən müəllifin kitabını qəbul edir və
bununla bağlı əmtəəşünas da fəaliyyət
göstərir. Bir sözlə, mərkəzə hər kəs
gələ və onun imkanlarından faydalana bilər.
Kitab Mərkəzinin Diplomatik
Akademiyanın təhsil prosesində də iştirak etdiyini
bildirən V.Zeynalov, ilk növbədə bu ali təhsil
ocağının tələbə və müəllimlərinə
lazım olan kitabları gətirməyi qarşıya əsas
məqsəd kimi qoyduqlarını deyir: «Akademiyanın
ümumi fəlsəfəsinə uyğun addım
atırıq. Kitabların satışında da ADA-nın
qonaqları və tələbələri üçün
müəyyən güzəştlər olunur, kitablar onlara ən
minimal qiymətə satılır».
Beləliklə, ilk mərhələdə
yalnız diplomatlar üçün nəzərdə tutulan
ADA Kitab Mərkəzi indi bütün kitabsevərlər
üçün mədəni istirahət mərkəzinə
çevrilib. Bu səbəbdən gününü zəngin təəssüratla
keçirmək, mədəni istirahət etmək istəyənlər
yolunu Avropa interyerinə malik ADA Kitab Mərkəzinə sala
bilərlər.
Mehparə
Mədəniyyət.-
2011.- 8 iyun.- S. 9.