İlin yekunları

 

   “Uşaq dünyası” rəsm qalereyasında sərgi

  

   İyunun 7-də Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “İlin yekunları” adlı sərgi keçirildi.

 

   Rəssam-pedaqoq İrina Qundorinanın dərs verdiyi azyaşlı uşaqların işlərindən ibarət sərgidə 100-dən artıq rəsm nümayiş olunurdu. Uşaq rəsm qalereyasında 20 ilə yaxın çalışan İrina Qundorina sərgi haqda təəssüratlarını bildirdi: “Bu gün mənim dərs verdiyim qrupun yekun sərgisidir. Dərs ilinin yekunu, həmçinin qalereyada tədris ilinin başa çatması münasibətilə təşkil olunan sərgi uşaqlar üçün növbəti bayramdır”.

   Sərgidə müxtəlif janrda çəkilmiş rəsmlər var idi: peyzaj, portret, uşaq fantaziyasının təzahürü və s. 5 yaşdan 12 yaşa qədər uşaqların iştirak etdiyi sərgidə iştirakçıların hər biri diplomla təltif olundu.

   160 saylı orta məktəbin 3-cü sinif şagirdi Mədinə Abdullayeva sərgidə 8 rəsmlə iştirak edirdi. Balaca rəssamın fikirlərini öyrəndik: “Üç ilə yaxındır ki, rəsm çəkirəm. Sərgidə 8 rəsmim var, lakin ən sevdiyim “Balıq” rəsmidir. Dəniz fonunda balığı təsvir etmişəm”.

   Uşaqların yekun sərgisində əyləncə təşkil olunmuşdu. Onlara müxtəlif hədiyyələr də verildi.

  

 

   Reyhan 

 

   Mədəniyyət.- 2011.- 8 iyun.- S. 8.