«Azərbaycan - doğma diyar»
Respublikamızda yaşayan azsaylı xalqların növbəti
incəsənət festivalı keçiriləcək
Tarixən
tolerant cəmiyyəti, milli müxtəlifliyi, mədəniyyətlərin
qovuşma məkanı kimi tanınmış Azərbaycanda bu
mühüm xüsusiyyət bu gün də qorunub
saxlanılır, təşviq və təbliğ edilir.
Ölkəmizdə yaşayan milli
azlıq və etnik qrupların mədəniyyəti ümumi
Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi
inkişaf etdirilir, hətta bu xalqların incəsənətinin,
adət-ənənələrinin yaşadılması, təbliği
istiqamətində məqsədyönlü iş
aparılır. Azərbaycan rəhbərliyi tərəfindən
mədəniyyətlərarası dialoqla bağlı beynəlxalq
təşəbbüslərin həyata keçirilməsi bu
sahədə dövlət siyasətinin mühüm hissəsini
təşkil edir.
Bu gün Bakı şəhərində
və respublikanın bölgələrində 20-dən
artıq müxtəlif mədəni mərkəz, rus, ukrayna,
talış, kürd, ləzgi, tat, tatar, gürcü, ingiloy,
avar, Ahıska türkləri, yəhudi, alman, yunan, udin və
bir sıra başqa icmalar fəaliyyət göstərir. Üç
səmavi dini (İslam, xristian və iudaizm) icmanın nümayəndələri
dövlət tədbirlərində birgə iştirak edirlər.
Mədəni müxtəlifliyin dəstəklənməsi və
qorunması Azərbaycan Respublikasının dövlət siyasətində
öz əksini tapıb.
Artıq bir neçə ildir ki, Azərbaycanda
yaşayan milli azlıq və etnik qrupların incəsənət
festivallarının keçirilməsi də ölkəmizdə
milli-mədəni müxtəlifliyin dəstəklənməsinə
bariz nümunədir. Bu qəbildən növbəti festival
iyunun 14-18-də keçiriləcək. Bu ərəfədə
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin müdiri Fikrət Babayevin
festivalla bağlı fikirlərini öyrəndik.
Şöbə müdiri bildirdi ki,
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
və təşkilatçılığı ilə 2006 və
2008-ci illərdə keçirilmiş «Azərbaycan - doğma
diyar» devizi altında azsaylı xalqların incəsənəti
festivalları respublikanın ictimai-mədəni həyatında
mühüm hadisə kimi yadda qalıb: “Festivallar çərçivəsində
Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər
hazırlanıb, görkəmli alimlərin iştirakı ilə
azsaylı xalqların və etnik qrupların mədəni
irsinin qorunması mövzusunda elmi konfranslar keçirilib,
onların həyat və yaşayış tərzini əks
etdirən fotosərgilər təşkil edilib. Festivallar
İctimai Televiziya tərəfindən geniş
işıqlandırılıb, elmi konfransın materialları
«Musiqi dünyası» jurnalında çap olunub».
Fikrət müəllim qeyd etdi ki,
«Azərbaycan - doğma diyar» III respublika festivalına da ciddi
hazırlıq görülüb: «Tədbir çərçivəsində
5 dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) «Azərbaycanda
yaşayan xalqların mahnıları» (42 mahnı) CD diskinin təqdimatı,
Muzey Mərkəzində «Qloballaşma dövründə Azərbaycanın
etnik mədəniyyəti» mövzusunda dəyirmi masanın
keçirilməsi, Bakı şəhərində və
respublikanın bölgələrində fəaliyyət
göstərən özfəaliyyət kollektivlərinin
çıxışlarının təşkili və sonuncu
gün festivalın qala konsertinin keçirilməsi nəzərdə
tutulub».
İyunun 14-dən 18-ə qədər
Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək
festivalın bədii rəhbəri və quruluşçu
rejissoru Xalq artisti Cənnət Səlimovadır.
«Azərbaycanda yaşayan
xalqların mahnıları» adlı CD-nin hazırlanması bu
sahədə böyük təcrübəyə malik olan
professor Tariyel Məmmədova həvalə edilib. Şöbə
müdiri onu da bildirdi ki, Azərbaycan Respublikası Ombudsman
Aparatından verilən məlumata görə, bu qurumun iyunun
17-18-də keçirəcəyi beynəlxalq konfransın
iştirakçıları da festivalın tədbirlərində
iştirak edəcəklər.
Festivalla bağlı digər tədbirlər
də nəzərdə tutulub. Bakı şəhərində
və bölgələrdə fəaliyyət göstərən
özfəaliyyət kollektivlərinə diqqətin
artırılması, onların yeni səhnə geyimləri ilə
təmin olunması, habelə Bakı şəhərinə
ezam edilməsinə yardım edilməsi məqsədilə
müvafiq icra hakimiyyəti başçılarına məktublar
göndərilib, festivalın qala konsertində
çıxış edəcək kollektivlərin Mədəniyyət
və Turizm Nazirliyinin diplomları ilə təltif olunması,
ən yaxşı kollektivlərin gələcəkdə beynəlxalq
folklor festivallarına göndərilməsi nəzərdə
tutulub. Festivalın elektron və yazılı informasiya vasitələrində
işıqlandırılması ilə yanaşı,
İctimai Televiziya tərəfindən tədbirə rəsmi
informasiya dəstəyi veriləcək.
Mehparə
Mədəniyyət.-
2011.- 8 iyun.- S. 5.