“Üzeyir işığında”
Dahi bəstəkara həsr olunmuş kitab və “Əbədi
iftixarımız” sənədli filmi təqdim edildi
İyunun
7-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar
incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun
“Üzeyir işığında” kitabının təqdimatı
və Üzeyir Hacıbəylinin həyat və
yaradıcılığından bəhs edən “Əbədi
iftixarımız” sənədli televiziya filminin nümayişi
oldu.
Tədbiri Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
açaraq Azərbaycan musiqi tarixində tükənməz mənbə
olan Üzeyir Hacıbəyli yaradıcılığına
zaman-zaman müraciət olunduğunu qeyd etdi. Bildirdi ki,
musiqişünaslarımız daima bu mövzuya müraciət
edir, Üzeyir bəyin şəxsiyyəti, musiqisi,
düşüncələri, məqalələri, tədqiqatları,
böyük irsini tükənməz xəzinə kimi daima tədqiq
edirlər. Bəstəkar İttifaqının sədri bildirdi
ki, hər il sentyabrın 18-i - Üzeyir Hacıbəylinin
doğum günü ölkəmizdə “Milli musiqi
günü” kimi qeyd olunur. 2008-ci ildə “Leyli və Məcnun”
tamaşasının 100 illiyi UNESCO səviyyəsində qeyd
olunub. “Arşın mal alan” operettasının 100 illiyi
UNESCO-nun 2012-2013-cü illər tədbirlər planına daxil
edilib.
Üzeyir bəyin şəxsiyyəti
və yaradıcılığı ilə bağlı bir
çox kitablar yazıldığını qeyd edən Firəngiz
Əlizadə dahi bəstəkarın ev-muzeyinin direktoru, Əməkdar
incəsənət xadimi, bəstəkar, musiqişünas Sərdar
Fərəcovun “Üzeyir işığında”
kitabını bu sırada yeni bir addım kimi dəyərləndirdi.
Təqdimat mərasimində Sərdar
Fərəcovun ssenarisi əsasında çəkilmiş “Əbədi
iftixarımız” filmi nümayiş olundu. Üzeyir Hacıbəyli
yaradıcılığının açılmamış səhifələrini
işıqlandıran bu film tamaşaçılar tərəfindən
maraqla qarşılandı.
Sərdar Fərəcov ürək
sözlərini iştirakçılarla
bölüşdü: “Ötən il Üzeyir Hacıbəylinin
125 illik yubileyi qeyd olundu. Dahi bəstəkarın ev-muzeyində
çalışan tədqiqatçı kimi uzun müddət
onun yaradıcılığı ilə bağlı
araşdırmalar aparmışam, müxtəlif illərdə
mətbuat səhifələrində yazılarla
çıxış etmişəm. Yubiley münasibəti ilə
bu yazıları bir araya yığaraq “Üzeyir
işığı” adlı kitab hazırlamaq qərarına gəldim
və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə kitab işıq üzü gördü. Buna görə
Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü
bildirirəm.
Eyni zamanda ötən il “Ədəbi
iftixarımız” adlı film çəkildi. Filmin ssenarisinin
yazılması mənə təklif ediləndə çox məmnun
oldum. Mən yazıçı deyiləm, ssenarist deyiləm,
sadəcə Üzeyir Hacıbəyli barədə bildiklərimi
qələmə aldım, bu işdə köməyini bizdən
əsirgəməyən insanlara öz təşəkkürümü
bildirmək istəyirəm. Nəticədə gözəl bir
film alındı, bu filmdə Üzeyir bəylə
bağlı yeni fikirlər, yeni sözlər, yeni kadrlar var”.
Tədbirdə Əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva,
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
namizədi, professor Zemfira Qafarova, bəstəkar, Əməkdar
incəsənət xadimi Rauf Əliyev çıxış edərək
“Üzeyir işığında” kitabı və “Əbədi
iftixarımız” filmi barədə fikirlərini
iştirakçılarla bölüşdülər.
Təqdimatda Əməkdar artist Yeganə Axundova və Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Üzeyir Hacıbəylinin 2 piano üçün işlənməsi səsləndirildi.
Təranə Vahidqızı
Mədəniyyət.-
2011.-8 iyun.- S. 3.