Əsrlərə
həsr olunan ömür
O
öz ömründə neçə əsri yaşayan fədakar
bir alimdir. Elmi tədqiqatları ilə milli
musiqişünaslığımıza böyük töhfə
verib. Dahi Üzeyir Hacıbəyli irsinin yorulmaz tədqiqatçısı
kimi ad çıxarıb, musiqi elmində
Üzeyirşünaslığın əsasını qoyub.
Çünki Üzeyir bəy irsi
onun üçün tükənməz bir mənbədir. Söhbətimiz
Əməkdar incəsənət xadimi, Əməkdar elm
xadimi, sənətşünaslıq doktoru, professor, Milli Elmlər
Akademiyasının müxbir üzvü Zemfira Səfərova
barədədir.
Bu yerdə Zemfira xanımın
maraqlı bir fikri yadıma düşür. 2005-ci ildə Bəstəkarlar
İttifaqında alimin «Üzeyir Hacıbəyli və onun
görkəmli sələfləri» adlı kitabının
(ingilis dilində) və bəstəkarın
üçcildliyinin təqdimatı keçirilirdi. Tədbirdə
xalq artistləri Xuraman Qasımova və Azər Zeynalov
«Arşın mal alan» operettasından «Elə bənd oldum»
duetini ifa etdilər. Musiqidən sonra səhnəyə
çıxan Zemfira xanım sevinc dolu kövrək hisslərlə
bu sözləri söylədi: «Biz indi Üzeyir bəyin
ölməz musiqisini eşitdik. Burada Gülçöhrə
ilə Əsgər bəy bir-birlərinə necə bənd
olduqlarını oxuyurlar. Sanki bu mənim düşüncələrimlə
üst-üstə düşür. Çünki mən də
Üzeyir bəyin irsinə elə bənd olmuşam ki, 40 ildən
çoxdur bu cazibədən çıxa bilmirəm».
Üzeyir bəy irsinin cazibəsinə düşən görkəmli musiqişünas Zemfira Səfərova bu mövzuda dəyərli tədqiqatların müəllifidir. Fikrimizə aydınlıq gətirmək üçün alimin bu mövzuda tədqiqatlarının bir neçəsini yada salaq: “Üzeyir Hacıbəylinin musiqi qəzəlləri», «Üzeyir Hacıbəyli və Azərbaycan xalqının musiqi irsi», «Üzeyir Hacıbəylinin musiqi estetik konsepsiyasında xəlqilik problemi», «Üzeyir Hacıbəyli yaradıcılığında ənənə və müasirlik problemləri» və s. 1970-ci ildə Zemfira Səfərova «Üzeyir Hacıbəyovun musiqi-estetik konsepsiyası» mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb. Dahi bəstəkarın irsi alimin növbəti axtarışlarına təkan olub. Zemfira xanım qədim və orta əsrlərin musiqi elmini araşdıraraq «Musiqi elmi» adlı böyük bir monoqrafiya ərsəyə gətirib. Bu monoqrafiya Azərbaycan musiqi elminin korifeyləri, onun inkişaf mərhələlərinin aparıcı simaları olan Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV-XV əsrlər), XV-XVII əsrlərin görkəmli simaları, Mir Möhsün Nəvvab (XIX əsr) və Üzeyir Hacıbəylinin elmi irsi, eləcə də yerli və xarici mənbələr əsasında yazılıb. Zemfira xanımın sayəsində Üzeyir bəyin «Leyli və Məcnun» və «Koroğlu» operalarının partituraları nəşrə hazırlanıb.
Alim üzərində 20 ildən artıq işlədiyi bu mövzu əsasında 1996-cı ildə doktorluq dissertasiyası müdafiə edib. Məhz bu axtarışları ilə Z.Səfərova Azərbaycan musiqişünaslığında mənbəşünaslığın əsasını qoyub.
Zemfira xanım alim kimi respublikamızın hüdudlarından uzaqlarda da tanınır, kitabları müxtəlif dillərə tərcümə edilmişdir. Alim ümumilikdə 30 kitabın, 150-dən çox oçerk və məqalələrin müəllifidir. Bu mənbələr içərisində bəstəkar Qara Qarayevin yaradıcılığına həsr olunan «Qara Qarayevi anarkən», «Qara Qarayevin musiqi estetikası» kitabları da var.
Zemfira xanım eyni zamanda təcrübəli pedaqoqdur. Hələ 1959-cu ildə Bülbül adına musiqi məktəbində müəllimlik fəaliyyətinə başlayarkən bu işin öhdəsindən layiqincə gəlmişdi. Sonralar neçə-neçə musiqişünas-alim yetişdirdi. 1980-ci ildən Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir.
Görkəmli alim həmçinin Bəstəkarlar İttifaqının musiqişünaslıq və tənqid bölməsinin rəhbəridir. Heydər Əliyev Fondunun musiqi ilə bağlı layihələrində də öz tövsiyələri ilə yaxından iştirak edir. Onun 2009 və 2011-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq muğam simpoziumlarında və «Üzeyir dünyası» layihəsində maraqlı məruzələri və tədqiqatları buna misaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə alimin bir neçə kitabı işıq üzü görüb. Səfiəddin Urməvinin «Kitabül Ədvar», «Şərəfiyyə», Fəzullah Şirvaninin «Musiqi məsələləri» risalələri, görkəmli xanəndə Cabbar Qaryağdıoğluna həsr olunan «Şərq musiqisinin peyğəmbəri» kitablarını qeyd etmək olar. Alimin Üzeyir bəy irsindən bəhs edən «Ölməzlik» kitabı dahi sənətkarın 125 illiyinə ən gözəl töhfədir.
Azərbaycan musiqi mədəniyyəti tarixinə belə qiymətli töhfələr bəxş edən bir alimin xidmətləri, sözsüz ki, alqışa layiqdir. Zemfira xanım dövlətimiz tərəfindən də fəxri adlara və mükafatlara layiq görülüb. Bir sözlə, bu fədakar xanım qarşısına qoyduğu məqsədlərə hər zaman məsuliyyətlə yanaşıb və üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlib. Onun həyatı əsrlərə həsr olunan ömrün hekayətidir. Bu hekayənin yazılmamış səhifələri də var. Onları qələmə almaq üçün Zemfira xanıma cansağlığı və uzun ömür arzulayır, görkəmli alimimizi doğum günü münasibəti ilə də ürəkdən təbrik edirik.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 10 iyun.- S. 15.