Şərqin qapısı Qərbin astanası

 

   Müxtəlif sivilizasiya və mədəniyyətlərin dialoq məkanı olan ölkəmiz tarixi bir missiyanı daşıyır

  

   Mədəniyyətlərarası dialoq məsələsi bu gün dünyada çox aktual mövzudur. Azərbaycan da bu sahədə dünyanın diqqətini çəkən təşəbbüslərin, layihələrin müəllifidir. Aprel ayında Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu buna bariz nümunə oldu.

 

   Bakı şəhərinin mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınmasının bir sıra mühüm meyarları var. Bu xüsusda fikrimizi qətiləşdirmədən əvvəl ərəb tarixçisi İbn Xəldunun təbii və coğrafi amillərin sivilizasiyalara təsirindən bəhs edən “Müqəddimə” əsərinə baxdım. O, əsərin "Mülayim və sərt iqlimlər, havanın insanların (dərisinin) rənginə və bir çox başqa hallarına təsiri" adlı fəslində Yer kürəsini 7 iqlim qurşağına bölür - onlardan şimala yaxın olanlar sərt soyuq, cənub və ona yaxın olanlar qızmar isti, şimal və cənub arasında yerləşənlər isə mülayim iqlimlər adlandırılır. Qeyd edir ki, həddən artıq soyuq və ya isti olan bölgələr sivilizasiyanın inkişafı üçün əlverişli deyil. Mülayim iqlimə malik bölgələrdə isə elm, sənətkarlıq və maddi mədəniyyət formalaşır. Qeyd edək ki, onun iqlim amilinin insana təsiri haqqındakı fikirləri sonradan Avropa alimlərindən fransız Jan Boden və Oqüst Kontun fikirləri ilə üst-üstə düşüb. Həmçinin coğrafi amilin və təbii mühitin bəşər sivilizasiyasına təsiri barədə fikirləri bir çox Avropa alimlərini düşünməyə məcbur edib. Maraqlı və sevindiricidir ki, məhz Azərbaycan belə bir iqlim qurşağında yerləşir.

   Məlumdur ki, Azərbaycan nadir coğrafi mövqeyinə və müxtəlif iqlim qurşaqlarının mövcudluğuna görə zəngin biomüxtəlifliyə malikdir. Yer kürəsinin 11 iqlim qurşağının 9-u respublikamızdan keçir. Tarixə diqqət yetirsək görərik ki, Azərbaycan ən qədim insan məskənlərindən biri olub. Çünki ərazisinin əlverişli təbii-coğrafi mühiti ta qədimdən insanların burada məskən salmasına imkan verib. Antik müəlliflərdən Herodot, Strabon, Ptolemey və başqaları öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, təbiəti, yaşayış məntəqələri, burada məskunlaşmış müxtəlif tayfalar və s. haqqında məlumatlar verib. Tarixən bu torpaqlarda yaşayan xalqımız, doğrudan da, qonaqpərvərliyi və insansevərliyi ilə müxtəlif yadelli millətlərin mədəniyyət nümayəndələrinə öz tarixi yurdlarında yaşamaq üçün yer verib.

   Misal üçün VII əsrdən sonra Xilafətin tərkibinə daxil olan Azərbaycan ərazilərinə xeyli ərəb tayfası köçürülüb. Əsasən Şamaxı rayonu ərazisində məskunlaşan bu tayfalar, elə həmişəlik burada qalır və yerli xalqla qaynayıb-qarışır. O dövrlərdən başlayaraq Azərbaycanda ərəb toponimli yer-kənd adları mövcud olub. Məlum İran-Rusiya müharibələrindən sonra Azərbaycan çar Rusiyası tərəfindən işğala məruz qalır. XIX əsrin 30-cu illərindən başlayaraq bu torpaqlarda ruslar da məskunlaşmağa başlayır. Həmin dövrlərdə minlərlə rus ailəsi Azərbaycana köçürülür, burada yurd-yuva salır. Yerli əhali ilə yaxın münasibətlər qururlar. İndi də onlar İsmayıllı, Gədəbəy, Şamaxı rayonlarında yaşayırlar. XIX əsrdə Azərbaycan ərazisində alman əhalisinin məskunlaşması mədəni zənginliyə də töhfə olub. Bu proses sonralar da davam edib. 1944-cü ildə Gürcüstanın Ahıska mahalından Orta Asiya və Qazaxıstan çöllərinə yüz minlərlə Ahıska türkü sürgün olunur. XX əsrin 50-ci illərində isə bəraət alırlar. Ancaq onlar öz tarixi torpaqlarına qayıda bilmirlər. Ahıska türklərinin ilk dəstəsi Azərbaycana gəlir. Saatlı, Sabirabad, Quba və Xaçmaz rayonlarında məskunlaşırlar.

   Göründüyü kimi, ölkəmizdə əsrlər boyu müxtəlif dini və etnik mənşəli xalqlar yaşayıb. Bu xalqlar sayca azlıq və çoxluq təşkil etməsinə baxmayaraq, özlərinə Vətən saydıqları bu məmləkətdə daim dinc, əmin-amanlıq şəraitində yaşayıblar. Bu torpaqları özünə vətən seçən həmin millət və etnoslar tarix boyu öz milli, mədəni və dini adət-ənənələrini qoruyub saxlaya bilib. Hazırda respublikamızın müxtəlif şəhərlərində milli azlıqların 20-yə yaxın mədəniyyət cəmiyyəti var.

   Özünü aydın şəkildə göstərən bu müxtəliflik burada yaşayan xalqların milli, etnik və mədəni müxtəlifliyi ilə oxşarlıq təşkil edir. Göründüyü kimi bu qədər müxtəlifliyi bir araya gətirən ölkə və xalq, dünya dialoq mərkəzi olmağa layiqdir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmiz, Qərb üçün "Şərqin qapısı", Şərq üçün "Qərbin astanası"dır. Ona görə də Azərbaycan bu iki sivilizasiyanın müsbət dəyərlərini özündə birləşdirib. Həm Qərbin, həm də Şərqin həyatına və mənəvi aləminə işıq tuta bilib. Söz yox ki, ölkəmiz bu mühüm missiyanı gələcəkdə də davam etdirəcək.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2011.- 10 iyun.- S. 15.