Qədim sivilizasiya, əbədi həyat və
Muğanna
“Hər
kəs bəşərin tarixindən yazır, bəşəriyyəti
bir addım irəli aparmağa xidmət edirsə, o
yazıçıdır”
İyunun
12-də Xalq yazıçısı İsa Hüseynovun -
Muğannanın Yer üzünə gəldiyi gündür. O,
Yer üzünə gəldi və bir müddət sonra
eşitdiyi qədim və doğma ün onun gələcək
taleyini büsbütün dəyişdi. Bağlarını
itirib dünyada sərgərdan gəzən insanlara, elə
özünə də yazığı gəldi.
Axı bir zamanlar bu dünyada
ölümsüz insanlar yaşardı. Sonuncu
ölümsüz insan qeyb olanda, insan xoşbəxtliyini həmişəlik
itirdi. O zamandan çox minilliklər keçib, lap çox...
Ölümsüz insan, əbədi həyat, həqiqət
işığı yalnız nağıllarda qalıb. Nə
qədər çətin də olsa, o bağları
xatırlamağa və qələmə almağa
yazıçı İsa Muğannanın qüdrəti
çatdı. Onun duyduqları və hiss etdikləri adi insan
idrakından və fantaziyasından çox uzaqdır.
“Əslində ölüm yoxdur. Əməlisaleh
adamın nəfəsi kəsildiyi dəqiqədən beynindən
işıq çıxıb şar şəklində
toplaşır. Onun içərisində də insanın
silueti. Bunu ancaq kainatın sirlərinə bələd olan
adamlar görür. Sonra o şarın işində insanın
gözünün rənginə, saçının sayına
qədər nə varsa bərpa olunur. İki-üç
gün Yerdə qalandan sonra kainata doğru hərəkət
başlayır...”.
“Arx” adlı hekayəsi ilə ədəbiyyata
gələn İsa Hüseynovun “Yanar ürək”, “Doğma və
yad adamlar”, “Tütək səsi”, “Məhşər” əsərləri
nəsrimizə yeni təlatüm gətirdi. Tənqidçilər
qeyd edirlər ki, məhz bu əsərlər vasitəsi ilə
Azərbaycan nəsri 37-ci illərin vahimələrindən
xilas olaraq cəsarətlə yeni mərhələyə qədəm
qoydu. Bu İsa Hüseynovun daxili azadlığından irəli
gəlirdimi, yoxsa...
“Bunu daxili azadlıq
adlandırmıram. Bu ünlə, mənim nəslimlə
bağlıdır. Muğanna nəslinin kökü
Süleyman peyğəmbərə gedib çıxır. Atəşpərəstlik
yarananda Süleyman peyğəmbər öz adını və
nəslinin adını Muğanna qoydu. Muğanna bizim
muğlar, bizim bağlar, bizim Allahlar deməkdir. Ünə
tabe olmaq bir tərəfdən azadlığı itirmək deməkdir.
Amma ikinci tərəfdən o qədər kainatdan məlumat
alırsan ki, o məlumatlar sənin özünü daxilən
azad edir. Sən özünü Odər bəşəriyyətində
hiss edirsən və o dövrün - birinci sivilizasiyanın
qayıtması üçün çalışırsan. Bu
da mənim yaradıcılığımın ikinci
dövründə yazdığım əsərlərdə
öz əksini tapıb”.
Ədəbiyyatımızla
yanaşı milli kinomuzun inkişafında İsa Hüseynovun
misilsiz xidmətləri olub. Onun ssenarisi əsasında “26-lar”,
“Ulduzlar sönmür”, “Nəsimi”, “Tütək səsi”,
“Nizami” filmləri çəkilib. Kinostudiyada işlədiyi
müddətdə bir çox filmlərin - “Yeddi oğul istərəm”,
“Babək”, “Dəli Kür”, “Axırıncı
aşırım” filmlərinin ekran taleyində həlledici rol
oynayıb.
“Məhşər” romanından
sonra “İdeal”, “Qəbiristan”, “Gurun”, “Cəhənnəm” əsərlərini
qələmə alan yazıçı bu barədə belə
deyir: “Bu əsərlərin məğzində bəşəriyyətin
taleyi dayanır. Hər kəs bəşərin tarixindən
yazır, bəşəriyyəti bir addım irəli
aparmağa xidmət eləyirsə, o
yazıçıdır”.
İsa Hüseynovu “Azərbaycanın
Folkneri” adlandırırlar. Görəsən, onun dünya
miqyasına çıxmağına nə mane oldu?
“Mənim həddindən çox
milli, Odər mədəniyyəti ilə bağlı
olmağım.
Ədəbiyyat uçuşdu. Hər
dəfə uçuşdan sonra yerə enmək,
reallığa qayıtmaq Muğannada hansı hisləri
yaradır?”
“Hər dəfə əsəri
tamamlayanda elə bilirəm ki, daha heç bir ün eşitməyəcəyəm,
daha heç nə yazmayacağam. Tamam boşalıram. Sonra
ün məni elə yaxalayır, elə stola bağlayır
ki, mən bir də əsəri qurtaranda hiss eləyirəm”.
Qədim sivilizasiyanı diriltməyə
cəhd edərək gələcəyin
yazıçısı olan Muğanna 2012-ci ildə
dünyanın sonu fərziyyəsinə necə baxır?
- 2012-ci ildə Amerikada
bütün xəstəliklərə qarşı bir dərman
kəşf olunacaq və bu dərman bütün dünyaya
yayılacaq. Mən özlüyümdə bunu əbədiyyət
dərmanı adlandırıram. Yeri nə qədər su
basır bassın, nə qədər tufan qopur-qopsun, həyat
davam edəcək...
Oxucularımız adından İsa
Hüseynova cansağlığı, uzun ömür və əbədi
həyat arzulayırıq.
Təranə
Vahidqızı
Mədəniyyət.-
2011.- 14 iyun.- S. 14.