Xəyalımda ağlayan
«Qaragilə»
Məşhur xalq mahnısı
«Qaragilə»ni oxuyanlar çox olub. Amma nədənsə təkcə
Rübabə Muradovanın (1933-1984) ifasında bu ürək fəryadından
doğan mahnı səslənəndə qəribə hallar
keçirirdim və bu, indi də belədir.
Gəlmişəm otağına
oyadam səni,
Qaragilə, oyadam səni,
Nə gözəl xəlq eləyib
Yaradan səni,
Qaragilə, Yaradan səni...
İlk baxışda adi sözlərdir. Elə dərin məna da kəsb etmir. Amma Rübabə xanımın nəfəsində bu kəlmələrin hər biri bir tonqala dönürdü, adamın cızdağını çıxarırdı, misralar müğənninin ürəyinin dərinliklərindən keçərək boğazında alışıb yanırdı. Bəlkə indən belə də bu mahnını oxuyanlar çox olacaq. Amma «Qaragilə» Rübabə xanımın qara bəxtinə yazılmışdı. Onun qara gilələrindən süzülən könül dərdi, qəlb harayı idi.
Mən Rübabə Muradovanı ilk dəfə səhnədə, son dəfə isə xəstəxanada görmüşdüm. İndiki Mərkəzi Klinik Xəstəxanada müalicə olunan rəfiqəmin anasına dəyməyə getmişdim. Gözü qızarmışdı. «Bu gecə yatmamışam, Rübabə o tərəfdə bayatılayıb, mən də eləcə ağlamışam», - deyə ovqatını bildirdi. Bu xəbəri eşidən kimi ona gətirdiyim qərənfilləri də götürüb Rübabə Muradovanın yatdığı palataya yönəldim, amma qapını aça bilmədim. Çox yavaş, köz kimi səs ürəyimə yapışdı:
Əzizinəm bir də mən,
Doldur içim bir də mən.
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən.
Qapını açmağa ürək etmədim. O həzin, o hüznlü, heç vaxt eşitmədiyim qərib və qəribə səsin kəsiləcəyindən üşəndim. Səs yox, bir hənir idi. Məni qapıda dondurmuşdu:
Ah, nə qədər qarabaxtam,
Güldürmədi, tale məni...
Ayaq üstə dayanmağa gücüm qalmamışdı. Yavaşca geri çəkilib foyedəki kresloda əyləşdim. Rübabə Muradovanın yanıqlı bayatıları məni elə hala salmışdı ki, özümə gələ bilmirdim. Handan-hana qapı açıldı, gözlərimə inanmadım. Gələn Rübabə xanımın özü idi. Mənə elə gəldi ki, Səs adlı, Səs
ünvanlı bir xilqətin hüzurundayam. Ayağa qalxdım.
Salam verməyə heyim yox idi. Sözlər boğazımda
kilidlənmişdi, qəhər məni boğurdu. Elə bil
özü halımı duydu. Çox astaca mənə
yaxınlaşdı. Heç vaxt, heç vədə
eşitmədiyim bir hüznlə sanki fəryad çəkdi.
«Dəyişmişəm gözəlim, indi sən görən
deyiləm». Allahım, hardan gəlirdi bu səs? Çəkdiyi
zillətlər, ağrılar, acılar, xəstəliklər
bu səsin yanından belə keçə bilməmişdi.
Birdən-birə mənə elə gəldi ki, bu, bizim
sevdiyimiz böyük müğənni deyildi. Bu, Rübabə
adlı bir səs və ruh idi. Göylərdən yerə
enmişdi və göylərə çəkilirdi.
Həyatda heç nədən
yarımamışdı Rübabə Muradova. Doğma yurddan əli
üzülmüşdü, ilk oxu daşa dəymişdi.
Çəkdiyi ağrı-acılar, könlündəki dərdlər,
səsindəki yanğılar ona xəstəliklər gətirmişdi.
Həssaslığı, min cür sevincin içindən ancaq
qəm çəkməsi onu hamıdan fərqləndirirdi.
Rübabəni hamı sevsə də, o, özü sevdiklərinin
heç birinə qovuşmamışdı. Dünyaya gələndən
elə bil ki, həsrət boyuna libas kimi biçilmişdi.
Ürəyinin ilk çırpıntısını
duyduğu gündən bir həsrət nəğməsi
deyirdi Rübabə xanım. Ən qəribəsi də bu idi
ki, doğma Vətənində, əzizlərinin arasında o
səsi eşidən kimi insan min ilin qəribinə
dönürdü. Rübabə xanımın ürəyindən
qopan nalələr adamı qürbətə salırdı. O
səsin rənglərində, yanğısında əlin
müqəddəs duyğulara, yerlərə, doğma insanlara
uzalı qalırdı. Ölüb-dirildikcə, o səs səndən
uzaqlaşdıqca ona can atırdın. O yanğı, o
hüzn bir sinədən, bir ürəkdən, Rübabə
adlı bir varlıqdan qoparaq min sinəyə, min ürəyə
hopurdu.
Beləcə, öz
ömrünün şamı idi Rübabə Muradova. Yana-yana əriyirdi,
səsi ilə əriyirdi. Nə acılar ki, biz onu nə qədər
sevsək də, pərvanəsi ola bilmədik. Rübabə
Muradova muğamatımızın səməndəri idi. Onu
dinləyəndə həmişə içimdə bir
peşmançılıq olardı. O yanıqlı səsin
möcüzəsi kül edərdi bizi.
Ağıla, şüura gəlirdi
insan. Gəlimli-gedimli dünyanın son ucu barəsində
düşünürdü. Onun avazındakı adi səs
deyildi. Allah vergisi idi və bizi elə yandırdı ki,
sahibinin qəfilcə külə dönəcəyini, əbədi
gedəcəyini heç düşünə bilmədik.
Düşünə bilsək də, əlimizdən nə gələrdi
ki?! Tale ona qızıl səs bağışlasa da,
qızıl bəxt yazmamışdı ki?!
Anasının nəfəsi,
uşaqlığının həvəsi, min cür xatirəsi
qalan doğma Ərdəbildən ayrılanda 13 yaşı var
idi Rübabənin. Salyandan Bakıya. Bakıdan
Naxçıvana - Araz boyu nə qədər yollar ayaqlasa da, səsinin
çata biləcəyi qədər haraylasa da, eləcə
yuxularında çata bildi o yerlərə. Nə az, nə
çox - düz özü boyda bir yurd ağısına
döndü Rübabə xanım.
Heydər baba, yolum səndən kəc
oldu,
Ömrüm keçdi, gələmmədim,
gec oldu.
Heç bilmədim, gözəllərin
nec oldu,
Bilməz idim, döngələr
var, dönüm var.
İtkinlik var, ayrılıq var,
ölüm var.
Hamını heyrətə gətirən
o səsin doğrudan da bənzəri, müqayisəsi yox idi.
Rübabə Muradova milli opera səhnəmizdə müxtəlif
rolların mahir ifaçısı olub. Onun özünün də
çox sevdiyi bir rolu - Leyli obrazı idi. Rəhmətlik deyərmiş
ki, əslində Leylini oynamaq bəhanə idi. Mən
özümü səhnədə yox, həyatda hiss edirdim.
Çünki Leyli mənim taleyim, bəxtim, bir sözlə,
özüm demək idi. Mən yalnız o rolda öz
duyğularıma, həyatıma, ağlar günlərimə
ürəyim istədiyi qədər göz yaşı
tökür, onun harayını, gileyini, sevgisini dərdli-dərdli
oxuya bilirdim. Leyli Rübabə xanıma çox əziz idi.
Müğənnimizi yaxından tanıyanlar bu fikri təsdiqləyirlər
ki, təbiətən xeyirxah, mərd, səmimi, ürəyi
yumşaq olan Rübabə Muradova Leylini hamıya
qısqanarmış. Hətta bəzən oynaya bilməyəndə,
ya rolu başqasına tapşıranda xiffətindən
saralarmış. «Mənim zahirim Rübabədir, içimdəki
Leyli həsrətidir» - deyərmiş.
Görkəmli xanəndəmiz,
muğam ustadı mərhum Baba Mahmudoğlunun
danışdığı bir xatirəni tez-tez
xatırlayıram. Onlar Astara rayonunda qastrol səfərində
olarkən (sovet dövrundə) Rübabə Muradovanı onun
xahişi ilə sərhədə aparıblar. Zastavada icazə
veriblər ki, o, beş-altı metr Cənub Astarasına qədəm
qoysun. Sanki ildırım vurub onu. Zağ-zağ əsib,
göylər kimi şaqqıldayıb, torpağın üzərinə
yıxılaraq hönkür-hönkür ağlayıb. Baba
Mahmudoğlu danışırdı ki, biz Rübabə xanımı
torpaqdan zorla qopardıq.
Bəlkə də o vaxtlar bu xatirələr
məni indiki qədər dərindən sarsıtmazdı.
Köksündə Vətən həsrəti, yurd itkisi çəkən
insanlar bax, indi gözəl anlayırlar ki, Rübabə
Muradova hansı əzabları, hansı zülmləri çəkib.
İnsan ömrü boyu bütün itkilərə hazır
olur. Bilir ki, qapısını ata, ana, qohum-əqraba
yoxluğu döyəcək. Amma insan heç vaxt Vətən
itkisinə hazır olmur və bu itkinin də yaraları
sağalmır.
Belə bir məsəl var: «Əzizini
itirən yeddi il ağlar, Vətənini itirən ölüncə».
Nəfəsin kəsilənə qədər Vətənsizlik
sənə dərd və əzab verir. Bax, bu əzabların,
bu dərdlərin təndirində bişirdi Rübabə
Muradova. Gör, neçə ildir ki, biz onsuz
qalmışıq. Amma bir təsəllimiz var ki, gedən nəfəs,
qalan səsdir. Yenə də sözü ilə, yanıqlı
nəfəsi ilə baş-başayıq. «Qaragilə», «Ay
günahsız əzizim», «Ahu kimi», «İndi məni
tanımadın», «Təki sən səslə məni» və
başqa bir neçə mahnısı var ki, onları tez-tez
dinləmişəm, hər dəfə də dinləyəndə
elə bil ki, havam çatmır. Bu kədərli səsin ahəngindəki
həyat eşqi elə şirin, elə qəribədir ki,
ondan heç vaxt, heç vədə doymaq olmur.
İnsanın kədərə, qəmə can atmasını
ancaq və ancaq Rübabə Muradovanın yanıqlı səsinin
qüdrətində duydum. Ona görə də
vaxtaşırı doğma səsi eşitmək istəyirsən.
Bu səsin sənə gətirdiyi tənhalıqda bir
könül rahatlığı tapırsan. Sanki səsdəki
himə bəndsən ki, özün olasan, hissinə,
duyğuna bələdçilik edəsən. Allah sənə
rəhmət eləsin, Rübabə xanım!
Az yaşadın. Amma min ilin qəribi
kimi həsrət çəkdin. Araz özü boyda göz
yaşına bənzədi. Elə nakam, elə dərdli getdin
ki, nə açılan yollardan, nə qovuşan talelərdən
xəbərin oldu. İndi dünya sən görən deyil. Həsrətin
bizi göynətsə də, dərdin könlümüzdə
lövbər salsa da, bircə təsəllimiz var ki, nəğmən
qulaqlarda həmişə səslənir.
Xalq artisti Kamil Cəlilov
danışır: «Rübabə xanım vəfatından
öncə vəsiyyət etmişdi ki, mən onun cənazəsi
başında «Segah» çalım. Çünki mənə həmişə
deyərdi ki, ay Kamil, sən «Segah» çalanda elə bilirəm
ki, Ərdəbildəyəm. Gözlərimi yumuram,
açanda mənə qalan isə göz yaşları olur. Elə
istəyirəm ki, nə sən çalğını kəsəsən,
nə də mən gözlərimi açam. İnanın, mən
«Segah»ı çalanda Rübabə xanımın bu sözlərini
xatırlayırdım. Fikirləşirdim ki, indi onun ruhu Ərdəbilə
qanadlanır».
Çox sonralar eşitdim ki,
Rübabə Muradovanın bacıları onun bir vəsiyyətinə
əməl ediblər. Doğma Ərdəbildən, öz
bağçalarından bir ovuc torpaq gətirərək Vətən
həsrətli müğənnimizin məzarı üzərinə
səpiblər.
...Xəstəxana görüşümüzdən sonra onun musiqisiz bir nəğməsini də televiziyadan eşitdim. Əslində bu, onun son ifası idi.
Sən deyən vaxt deyil,
Yumul, bənövşəm, yumul!
Sözlərin müəllifi Nüsrət Kəsəmənlidir. Amma Rübabə xanımın son anda dərdlərinin ifadəsi kimi səsləndiyindən elə bilirəm ki, bədahətən deyirdi. Gedəcəyini duyubmuş kimi arzularının, istəklərinin yumulmasına can atdı. Qışın qar-boranı vədəsiz də olsa, başının üstünü çox amansızlıqla kəsdirmişdi. İndən belə çiçəklənməyin, bir qom bənövşə olmağın heç yeri deyildi! O an elə düşündüm ki, bu səs bütün dünyaya yayılır. Eləcə də Təbrizin küçələrində, Bakının eyvanlarında bir «Qaragilə» ağlayırdı:
Təbrizin küçələri dolanbadolan,
Qaragilə, dolanbadolan,
Sən ki, məni sevmədin,
Get ayrı dolan,
Qaragilə, get, ayrı dolan.
Axı biz səni sevirdik, Rübabə
xanım, sevirdik...
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 10 iyun.- S. 13.