Əhmədağa
Muğanlının 85 illik
yubileyi qeyd olundu
İyunun 8-də Dövlət Film Fondunda Əməkdar mədəniyyət
işçisi, Dövlət mükafatı laureatı,
tanınmış nasir və kinodramaturq Əhmədağa
Muğanlının 85 illik yubileyi qeyd olundu. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbiri
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət
xadimi Cəmil Quliyev açaraq kino sənətində iz
qoymuş insanların daim yad olunmasının vacibliyini
bildirdi. Sonra kinodramaturqun yaradıcılıq yolunu əks
etdirən fotoşəkillərdən hazırlanmış
xatirə çarxı təqdim edildi.
Daha sonra tədbiri aparmaq
üçün söz Əməkdar incəsənət
xadimi, kinoşünas Aydın Kazımzadəyə verildi. O, Əhmədağa
Muğanlının həyat və
yaradıcılığından söz açdı.
Qeyd olundu ki, o, əmək fəaliyyətinə
müəllimlikdən başlayıb, sonra C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında
çalışıb, gərgin zəhməti sayəsində
istər ədəbiyyat, istərsə də kinematoqrafiya sahəsində
peşəkar sənətkar kimi tanınıb.
Tədbirdə
çıxış edən general Mustafa Nəsirov Əhmədağa
Muğanlının vətənpərvərlik ruhunda
yazdığı əsərlərin gənc nəslə təsirindən
danışdı: “Hazırda müharibə şəraitində
yaşayırıq və bugünkü vəziyyətimizdə
gəncliyin düzgün tərbiyəsi önəmlidir. Bu
baxımdan Əhmədağa Muğanlının əsərləri
əvəzsizdir. Çünki orada əsl vətənpərvərlik,
hərbi tərbiyə var”.
Əməkdar incəsənət
xadimi, aktyor və rejissor Əbdül Mahmudbəyov öz xatirələrini
bölüşdü. Xalq artisti Tariyel Qasımov Əhmədağa
Muğanlının ssenarisi əsasında çəkildiyi
filmlərdən danışdı.
Sonda tanınmış nasir və
kinodramaturqun oğlu Araz Qurbanov ailələri adından tədbirin
təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirdi.
Əhmədağa Muğanlı
(Qurbanov) 1926-cı il mayın 10-da Biləsuvar rayonunun Əliabad
kəndində anadan olub. BDU-nun filologiya fakültəsində
təhsil alıb. 1953-cü ildən təqaüdə
çıxanadək (1993) kinostudiyada çalışıb,
ssenari şöbəsinin redaktoru, xronikal-sənədli və
elmi-kütləvi filmlər birliyinin baş redaktoru vəzifələrində
işləyib, ssenari-redaksiya kollegiyasının üzvü
olub.
Ədəbi fəaliyyətə 25
yaşında başlamış sənətkarın
sonrakı illərdə 11 kitabı, o cümlədən
“Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”,
“Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”,
“Tikanlı məftillər”, “Ömürdən yeddi yarpaq” və
s. əsərləri işıq üzü görüb.
Əhmədağa Muğanlı
30-a qədər sənədli filmin ssenari müəllifidir. Onun
ssenariləri əsasında beş bədii film - “Dağlarda
döyüş”, “Od içində”, “Qocalar...qocalar...”,
“Atları yəhərləyin” (S.Rüstəmlə birgə),
“Doğma sahillər” çəkilib.
Reyhan
Mədəniyyət.-
2011.- 10 iyun.- S. 12.