Zərif
qatil
Anlaşılmaz insan xisləti, xüsusən də qəribəliklərlə
dolu qadın dünyası həmişə rejissorların diqqət
mərkəzində olub. Kinonun çoxşaxəli
imkanları maddi və mənəvi dəyərlərin fəlsəfi
mənasını hərtərəfli açmağa imkan
verir. Yazıçı İlqar Fəhminin “Aktrisa”
romanının motivləri əsasında kinorejissor
Rövşən İsaxın çəkdiyi eyniadlı filmin
qəhrəmanı da özünü sirli çərçivədə
gizləyən bir qadındır. Amma filmin maraqlı tərəflərindən
biri də bu qadının məhz aktrisa olmasıdır.
Kriminal dram janrında çəkilən filmin əsas ideyası insanda insanlığı və mənəvi dəyərləri qiymətləndirməkdir. Filmdə bir ailə daxilində baş verən faciənin səbəblərini izlədikcə, dövrün ictimai hadisələrindən də hali oluruq. Səhnədə yeni-yeni uğurlar qazanan aktrisa Lalə (akt. Alesa Kacher) oynadığı tamaşanı maliyyələşdirmək üçün bank sahibi olan Vaqif Fətəliyevlə (akt. Fuad Poladov) tanış olur. Bu tanışlıq onların evlənməsi ilə nəticələnir. Lalə artıq ailəlidir. Ona səhnəyə çıxmaq qadağan olunub. Bütün qayğılardan azad olmağın əvəzini Lalə sənətini atmaqla ödəyir. Bir müddət ötdükdən sonra zəngin, lakin durğun həyatı Laləni darıxdırmağa başlayır. Onun üçün maddi dəyərlər tədricən mənasını itirir. Aktrisanın gözqamaşdıran zəngin həyatı artıq qızıl qəfəsə bənzəyir. O, bir daha əmin olur ki, həyatın, insanlığın, mənəvi dəyərlərin sirlərini ona xırdalıqlarına qədər cilalayan sənət dünyası artıq onun əsl “mən”inə çevrilib. Daim səhnədə yaratdığı obrazlarda müxtəlif xarakterli insan talelərini yaşayan, tamaşaçılara çatdıran Lalə artıq səhnəsiz və sənətsizdir. O, aktrisadır, səhnədə olmalı, rollarını yaratmalıdır. Evində hamıdan xəbərsiz oynadığı rolları isə özünün və başqalarının həyatını təhlükəyə atır, faciə ilə nəticələnir.
Filmdə qarşı-qarşıya duran qəhrəmanların daxili aləmi, mənəviyyatı, xarakterləri əslində maddi və mənəvi dəyərlərin təzadlı tərəfləri, canlı nüsxələridir. Dəqiqliklə işlənmiş dramaturji materialın emosional və səmimi axarı kriminal hadisələri adilikdən çıxarır. Filmin ilkin kadrlarında adama elə gəlir ki, hər gün eşitdiyimiz kriminal hadisələrin növbəti versiyasını izləyəcəyik. Kadrların məntiqlə uzlaşdırılması, hadisələrin dinamik təqdimatı tamaşaçını qətiyyən yormur. İlkin kadrlarda müasirlərimizin həyatını əks etdirən hadisələrin şərhi tədricən sehrli sənət aləminin vacibliyini, həyatımızın ayrılmaz bir hissəsi olduğunu vurğulayır. Və azad (sənət) yaradıcılıqla məşğul olan insanlar üçün qadağaların faciə ilə nəticələndiyini görürük.
Qayğısız yaşayan Lalə üçün artıq həyat əyləncəyə çevrilib. Onun evi bir səhnə, ətrafındakılar isə köməkçi personajlardır. İndi o, öz həyatını oynayır. Tərəf-müqabili əri, tamaşaçısı isə ona vurulan, qarşı evdən hər addımını izləyən, axşamları qaranlıqdan yalnız siqaretinin işığı parıldayan, sanki onun kölgəsinə çevrilən romantik bir yazıçıdır. Filmin məntiqi mənası çoxdur. Əbəs yerə həyatı səhnə, insanları isə aktyor adlandırmırlar. Qaliblər yaxşı, məğlublar isə pis oynayanlardır. Pis oynayanlar mənəvi dəyərlərə qiymət verənlər, yaxşı oynayanlarsa reallıqla yaşayanlardır. Filmin baş qəhrəmanı olan yazıçı Rüfət Hüseynzadə də (aktyor İlham Hüseynov) əsərlərindəki qəhrəmanlar kimi ülvi, romantik hisslərinin əsiridir. Onun əsərlərinin personajları da həyat dolu obrazlardır. Rüfətin incəliklər axtaran düşüncələri əməllərini, yazılarını və mənliyini aliləşdirib. O, intellektinə, insani keyfiyyətlərinə görə artıq həyatın ideal bir obrazına çevrilib. O, həyat rolunu oynamadı, daxilinin əksi kimi yaşadı və uduzdu. Ərköyün zadəgan qadağalarının qurbanına çevrildi.
Filmdə insani dəyərlərin gözəlliklə ölçülmədiyi addımbaşı vurğulanır. Sivil standartlara dar gələn “qüsursuzluq” istəyi çox vaxt Rüfət kimi minlərlə gənci çaşdırır, məhvə sürükləyir. Zərif zənənlərin gözqamaşdıran cazibəsi bu gün həyatın mənasını məhdudlaşdıran ailə, ocaq anlayışını arxa plana atan aktual mövzuya çevrilib. Mənəvi dəyərlərin yüksəkliyi sovet dövründə çəkilən və bu gün də ekran dəyərini itirməyən bir çox Azərbaycan filmlərinin əbədi mövzusu olub. Filmlər çox vaxt texniki cəhətdən zəif olsa da, güclü, məntiqli dramaturgiyasına görə bu gün də baxılır. Belə filmlərə kompyuter qrafikası ilə yığılan, macəra janrlı filmlərə baxan gənclər də üstünlük verirlər. Çünki qarşılıqlı, saf sevgi mövzusu əbədidir. Bax belə filmlər də sübut edir ki, dünyanı gözəllik yox, məhz, insanlıq xilas edəcək.
Fransız kinoşünası Delluk filmin mənalı çəkilən hər bir kadrını dəqiq ölçülmüş riyazi hesablamalara bənzədir. “Aktrisa” filminin diqqətçəkən tərəflərindən biri də sükutla dolu olan kadrların boş qalmaması, hadisələrin məğzindən doğan daxili dinamikasının olmasıdır. Hər xəyanətin, qətlin arxasında bir məqsəd durur. Yazıçının qatil olmasına səbəb sevgisi olsa da, onu qatil etməyə sövq edən aktrisanın sənətinə olan vurğunluğudur. Burda qətllərin baisi sənət yox, onu cılızlaşdıran, ona məxsus olanları qəfəsdə saxlayanlardır. Film bu gün tamaşaçısı azalan sənət aləmi haqqında da ciddi düşünməyə vadar edir. Doğrudanmı sənət insandan bu qədər yüksəkdə dayanır? Həyatı bizə anlatdığına, ruhun gözəlliyindən, içimizdən hayqırdığımız səsin sehrindən yarandığına görə qərar veririk ki, bəli!
Hazırda psixoloji dram janrında çəkilən filmlər çoxluq təşkil edir. Belə filmləri müəyyən tamaşaçı kateqoriyası qəbul edir, baxır. Sosial dram janrında çəkilən filmlər isə geniş tamaşaçı auditoriyası toplaya bilir. İnsanların həyata olan baxışlarını düzgün istiqamətləndirən “Aktrisa” filminin ironiyalı kadrları müasir həyatın nəbzini tutub. Bu filmdə müasirlərimizin, yarımçıq qalan tanış talelərin uğursuzluqlarının səbəbini görür, insanları insanlıqdan uzaqlaşdıran, ölümünə yaxınlaşdıran var-dövlət hərisliyinə “yox” deyən kadrları izləyirik. Budur filmin əsas qayəsi. Hadisələrin cərəyan etdiyi məkanların düzgün seçilməsi, hüquq-mühafizə işçiləri ilə bərabər hadisələrin məğzini açmağa çalışan kameranın müxtəlif rakurslu, panoramlı, rəngarəng çəkilişləri, aktyorların sərbəstliyi filmi baxımlı edir.
Kino hər zaman
öz dövrünü təqib edib, hadisələrinə
şahid olub. Monumental dramaturji materiala köklənən həyat hekayələrinin
ekran variantı həmişə maraq doğurub. Filmin rejissoru
Rövşən İsax personajlara bənzərsiz traktovka
verib, kinodramaturgiyanın əsaslarını qoruyan
kadrların ardıcıllığı, hadisələrin
düyünlərinin açılması məqamları
maraqlı mizanlarla işlənib. “Aktrisa”
filmində peşəkar aktyor heyəti toplanıb. Fuad
Poladov, Vaqif Şərifov, aktyorlar Salam İsmayılov,
İlham Hüseynov, Hicran Nəsirova, Şövqü
Hüseynov və başqalarının ifaları təbii və
yaddaqalandır.
Şəhla
Bürcəliyeva
Kinoşünas
Mədəniyyət.-
2011.- 10 iyun.- S. 10.