Bu il Turizm İnstitutunun 230 tələbəsi məzun
olacaq
Eldar
Aslanov: «20-dən çox tələbəmizin Krems
Universitetinin diplomunu almaq şansı var»
Azərbaycan
Turizm İnstitutu ikinci məzun buraxılışına
hazırlaşır. Bu arada ATİ-nin Milli Təlim Mərkəzində
3 istiqamət üzrə təşkil edilən kurslar
yekunlaşıb. Təhsil ocağında bu və digər
yeniliklərlə
- Bu il Azərbaycan Turizm
İnstitutunda 8 ixtisas üzrə 230 tələbənin məzun
olmaq şansı var. Bunlardan 220-si artıq lazım olan krediti
toplayıb, dövlət imtahanına buraxılış
imkanı əldə edib. Hələlik nə qədər tələbənin
dövlət imtahanından keçə biləcəyini demək
çətindir. Dövlət imtahanları iyunun
ortalarından başlayır. İmtahanlar iki formada olacaq.
Öncə tələbələr diplom işlərini
müdafiə edəcəklər. Onlar Azərbaycan dili və
xarici dildə müdafiə edəcəkləri mövzu ətrafında
attestasiya komissiyası üzvlərinin suallarını cavablandıracaqlar.
İkincisi isə şifahi dövlət imtahanı olacaq.
Şifahi imtahanda tərtib edilən biletlərdəki suallar həm
bir neçə xarici dil bilgilərini, həm də tələbələrin
seçdikləri ixtisası əhatə edəcək.
- Ötən il ATİ-nin 14 nəfər
məzunu eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu
aldı. Bu il neçə tələbənizin bu diplomu əldə
etmək şansı var?
- Bu il ikili diplom proqramında 26 tələbəmiz
təhsil alır. Hesab edirəm ki, 20-dən çox tələbəmizin
Krems Universitetinin diplomunu almaq şansı var. Krems
Universitetinin rektoru xanım Eva Vaqner iyunun 13-də Bakıya gələcək.
Onun iştirakı ilə yaradılan komissiya tərəfindən
ikinci diploma namizəd olan məzunlar imtahan ediləcək. Biz
öz tərəfimizdən bu istiqamətdə lazım olan
bütün işləri görmüşük. Onlar da gəlib
müəyyən məsələləri araşdıracaqlar.
Krems tələbələri üçün məzun mərasimi
iyulun 15-də keçiriləcək. ATİ-nin ümumi məzun
buraxılışı isə iyunun 31-də olacaq.
- Ötən il birinci
buraxılışda bəzi tələbələr diplom ala
bilmədilər. Onlar bu il kəsirlərini verə bildilərmi?
- Ötən il kəsiri olan tələbələrin
əksəriyyəti bu il öz kəsirlərini
bağlayıblar. Bir neçə nəfər qalıb ki,
onlar da hazırda hərbi xidmətdədirlər. Əsgərlikdən
qayıtdıqdan sonra yenidən imtahan verə bilərlər.
Hətta biz belə bir variant da fikirləşmişik ki, kəsirini
ödəməyə hazır olan tələbələrin yay
vaxtını gözləməsinə ehtiyac olmayacaq. Onlar
semestrarası dövrdə də kreditlərini toplayıb məzun
ola biləcəklər.
- ATİ-nin Milli Təlim Mərkəzinin
təşkil etdiyi kurslar hansı mərhələdədir?
- Kurslar hər üç istiqamət
üzrə yekunlaşıb. Azərbaycan Turizm Assosiasiyası
ilə birlikdə həyata keçirdiyimiz ön büro və
qeydiyyat kurslarının dinləyicilərinə mayın 16-da
sertifikatlar təqdim olundu. Bu kursu bitirən 9 nəfər
işlə təmin olunub. Mayın 31-də turoperator-turagent
kursunun da yekun imtahanı oldu. Bu kurslarda iştirak edən 6 nəfər
dinləyicidən 4-ü sertifikat aldı, 2 nəfərdən
isə təkrar imtahan götürüləcək.
Təşkil etdiyimiz digər
istiqamət üzrə kurslar bələdçilərin
hazırlanması ilə bağlı idi. Bu kurslar da artıq
yekunlaşıb. Kursun dinləyicilərinə 82 saat nəzəri
dərslər keçirilib, 42 saat - təxminən 7
günlük təcrübə müddətində olublar.
Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə
Bakı və Bakıətrafı ekskursiya turlarının
reallaşdırıldığı məkanlara turlar təşkil
olunub. Bələdçi kurslarının
iştirakçıları həmin turlarda təcrübə
keçiblər. Bu işə təcrübəli bələdçi
Əlixan Mürvətov rəhbərlik edirdi. Dinləyicilər
Qobustan, Yanardağ, Qala Etnoqrafik Muzeyinə, Mərdəkan
Dendrari Parkına, Atəşgaha, İçərişəhərə,
muzeylərə təşkil edilən ekskursiyalarda, gündəlik
şəhər turlarında özlərini bələdçi
kimi sınadılar. Artıq təqdimatlar verilib. Bu kursun 16 nəfər
dinləyicisi var. Onlardan 4-ü iki xarici dil üzrə - ingilis
və rus dilləri, digərləri isə bir xarici dil üzrə
kurslar keçiblər. Onlar ingilis, fransız, alman və ərəb
dili bələdçiləridir. Bu kursu bitirənlərin
siyahısını yaxın günlərdə Mədəniyyət
və Turizm Nazirliyinə təqdim edəcəyik. Sonrakı mərhələdə
həmin dinləyicilər təsdiq olunmuş müvafiq əsasnamə
əsasında dövlət attestasiyasından keçib şəhadətnamə
və bələdçi nişanları alacaqlar. Onlar müstəqil
Azərbaycanın tarixində ilk rəsmi bələdçilər
kimi fəaliyyətə başlayacaqlar.
Bir məqamı da qeyd edim ki, Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən
turizm şirkətlərinə, hotellərə, istirahət mərkəzlərinə,
muzeylərə, qoruqlara bələdçilik fəaliyyəti
ilə məşğul olan əməkdaşları
haqqında məlumatları Attestasiya Komissiyasına təqdim
etmələri barədə məktub göndərilib. Onlar
kurslara cəlb edilmədən birbaşa attestasiyadan
keçiriləcəklər. Məqsəd «Turizm ili»nin sonuna qədər
Bakı şəhərində yerləşən turizm obyektlərində
bələdçi fəaliyyəti ilə məşğul
olan insanları attestasiyadan keçirib müvafiq sertifikatla təmin
etməkdir.
- Azərbaycanın turizm sektorunda
bütün istiqamətlər üzrə kadr
hazırlığına ehtiyac var. Bu baxımdan daha hansı
istiqamətlərdə kurslar təşkil etmək niyyətiniz
varmı?
- İyun ayından Azərbaycan
Turizm İnstitutunun Milli Təlim Mərkəzində animatorluq
kurslarına yazılış başlayıb. Bunun çox
maraqlı bir kurs olacağı qənaətindəyəm.
Ölkəmizdə animatorluq, mədəniyyət,
şou-biznes sahələrində təcrübəsi olan
insanları da bu kurslara cəlb etmək niyyətindəyik.
Turizm-istirahət mərkəzlərimizdə mədəni
proqramların təşkil olunması, turistlərin asudə
vaxtlarının təşkil edilməsi üçün rəngarəng
proqramların tərtib edilməsinə ehtiyac var. İstirahət
məkanlarında müxtəlif yaş qruplarında insanlar,
uşaqlar, ailəvi istirahət edənlər
üçün ayrıca proqramlar təşkil edilməlidir.
Animasiya kursları məhz mədəni proqramlar təşkil
etməyi bacaran insanlar üçündür. Artıq bəzi
hotellərin rəhbərləri ilə bu məsələ ətrafında
söhbətlərimiz olub. Onlar öz əməkdaşlarını
bu kurslara göndərməyə razıdırlar. Ötən
həftədən artıq elan vermişik.
- Rayonlarda regional səyyar
kursların təşkili ilə bağlı institutun hansı
planları var?
- Bu məsələ hazırda gündəmdədir. Konkret olaraq Şamaxı, Zaqatala, Qusar və Lənkəran rayonlarının icra hakimiyyətlərindən kursların orada təşkil edilməsi ilə bağlı təklif gəlib. Amma hələlik bir neçə səbəbdən bunu həyata keçirə bilmirik. Birincisi, «Turizm ili» ilə əlaqədar Bakıdakı kurslar sıx proqramlar üzrə keçirilir. Bu səbəbdən kursdakı müəllimləri rayonlara ezam edə bilmirik. Digər tərəfdən isə turizm mövsümünün qızğın vaxtı olduğundan kurslara insanları cəlb etmək çətindir. Bütün müəssisələr qonaqların qəbulu ilə məşğuldur. Yay turizm mövsümü sona çatdıqdan sonra həmin rayonlarda müvafiq kursları reallaşdıracağıq. Artıq onlara bu barədə məlumat vermişik.
Fəxriyyə Abdullayeva
Mədəniyət.-
2011.- 10 iyun.- S. 9.