Turizm
Assosiasiyasının Xaçmazda regional nümayəndəliyi
yaradılıb
İyunun
5-də Azərbaycan Turizm Assosiasiyasının (AZTA)
şimal-şərq zonası üzrə nümayəndəliyi
fəaliyyətə başlayıb. Bu barədə qəzetimizə
məlumat verən AZTA sədrinin müşaviri Müzəffər
Ağakərimovun sözlərinə görə, nümayəndəlik
Quba, Qusar, Xaçmaz rayonlarında və Nabran bölgəsində
yerləşən turizm-istirahət mərkəzlərinin fəaliyyətini
koordinasiya edəcək.
M.Ağakərimov bildirdi ki, iyunun
sonuna qədər Azərbaycanın regionlarında turizmin inkişafını
sürətləndirmək və mövcud problemləri
vaxtında aşkar edib tədbir görmək məqsədilə
ölkəmizin daha iki regionunda nümayəndəliklərinin
yaradılması nəzərdə tutulur: «Sonrakı mərhələlərdə
şimal-qərb zonasında - Qəbələ və Gəncə
şəhərlərində, cənub zonasında isə Lənkəran
şəhərində nümayəndəliyimiz fəaliyyətə
başlayacaq. Bununla regionlarda fəaliyyət göstərən
hotellərin və turizm şirkətlərinin işini bir mərkəzdən
koordinasiya etmək niyyətindəyik”.
Həmsöhbətimiz onu da dedi ki,
“2010-2014-cü illərdə Azərbaycanda turizmin
inkişafına dair Dövlət Proqramı”nın tələblərinə
uyğun olaraq, turizm müəssisələrində kadr
hazırlığının səviyyəsini artırmaq, xidmət
keyfiyyətini yaxşılaşdırmaq üçün
AZTA-nın yerlərdəki nümayəndəliyi hotellərə
və turizm şirkətlərinə yaxından köməklik
edəcək: “Çünki hotel rəhbərləri tərəfindən
bəzən düzgün siyasət aparılmır. Bunun nəticəsində
də qiymət bahalığı yaranır. Turizm obyektinin
sahibi marketinq işini düzgün qurmağı
bacarmalıdır. Sahibkar bilməlidir ki, insanları öz
obyektinə cəlb etmək üçün hansı marketinq
siyasətini aparmalıdır. Marketinqə həm reklam, həm
də qiymət siyasəti daxildir. Əgər obyektdə bu
siyasət düzgün qurulmursa, bunu iki səbəblə izah
etmək olar: ya müştəri cəlb etmək hotel sahibinə
lazım deyil, ya da ki, o bu işi bilmir».
M.Ağakərimov bildirdi ki, yerlərdə
mövcud olan problemləri Bakıdan həll etmək
mümkün deyil. Ona görə də AZTA mütəmadi
olaraq yerlərdəki nümayəndəlikləri ilə əlaqə
saxlayacaq, problemləri araşdırıb vaxtında tədbirlərin
görülməsində, lazım olan reklam-çap məhsulları
ilə təmin olunmasında onlara köməklik edəcək.
Ehtiyac olacağı təqdirdə isə rayonlarda səyyar təlim-tədris
treninqləri təşkil edəcək.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-2011.-10
iyun.- S. 9.