Bölgələrə xarici
turistlərin cəlb olunması bir çox problemləri həll edər
Tahir Qədəşov: «Atlant» ailəvi istirahət və
əyləncə mərkəzi sutkada 800 nəfər turisti qəbul
etməyə hazırdır»
Artıq
yay turizm mövsümü başlamaq üzrədir. İnsanların
əksəriyyəti ilin yorğunluğundan azad olub dincəlmək,
xoş əyləncəli anlar yaşamaq üçün
istirahət mərkəzlərinə yollanırlar.
Xaçmaz rayonunun Nabran qəsəbəsindəki
«Atlant» ailəvi istirahət və əyləncə mərkəzi
yay mövsümündə insanların daha çox üz
tutduğu məkanlardandır. Mərkəzin rəhbəri
Tahir Qədəşov bizimlə söhbətində turizm
obyektinin fəaliyyəti, xidmət səviyyəsi, problemlər
barədə danışdı.
- «Atlant» istirahət və əyləncə
mərkəzi 2000-ci ildə inşa edilib. Hazırda mərkəz
sutkada 800 nəfər turisti qəbul etmək
imkanındadır. Turistlərə yüksək səviyyəli
xidmət təklif edirik. Bu baxımdan mərkəzimiz, mən
deyərdim ki, Türkiyənin Antalya bölgəsindəki
turizm obyektləri ilə müqayisə olunan səviyyədədir.
Düzdür, bəzi xidmətlərdə biz Türkiyədən
geri qalırıq. Bunun da səbəbləri var. Birinci səbəb
olur ki, bizdə turizm mövsümü çox qısadır,
təxminən iki ay təşkil edir. Hazırda iyunun əvvəlidir,
istirahət mərkəzi 800 nəfərin qəbulu
üçün hazırdır, amma hələlik turist yoxdur.
- Bu qiymətlərin yüksək
olması ilə bağlı ola bilərmi?
- Mən turizmlə bağlı
keçirilən bir çox tədbirlərdə bu
mövzunun müzakirəsinin şahidi oluram. Amma bu müzakirələrdə
əksər vaxt bölgələrdə yerləşən
turizm mərkəzlərinin rəhbərləri iştirak
etmir və məsələnin əsas məğzi də
bilinmir.
Cənab prezident 2011-ci ili «Turizm
ili» elan edib. Biz də
bununla əlaqədar olaraq mayın 3-də Bakı şəhərindəki
54 dövlət təşkilatına
müraciət göndərmişdik
ki, mayın 5-dən
31-dək işçiləri bu mərkəzdə dincələ bilərlər.
Bir nəfər üçün
bir günə 28 manat müəyyənləşdirmişdik.
Bu qiymətə əyləncələr
və gündə 3 dəfə yemək daxil idi. İyunun
1-dən 15-dək isə gündə
üç dəfə
yemək və əyləncə daxil olmaqla 35 manat təşkil edir. İyunun 15-dən avqustun
28-dək qiymət 40 manat,
avqustun 28-dən sonra sonrakı müddətə
qədər yenə
28 manat təşkil edir. Bu elə də böyük rəqəm deyil.
Qayıdaq mövsüm müddəti
məsələsinə. Məsələn,
Türkiyədə istirahət
mərkəzləri ilin
8 ayını işləyir,
bir ay əvvəlcədən
hazırlıq gedir. Təbii ki, oradakı mərkəzlərin
demək olar ki, ilboyu çalışan
işçiləri çox
peşəkardırlar, təcrübələri
daha çoxdur. Bizdəki işçilər
isə müvəqqəti
işçilərdir, biz ilboyu
burada işçi saxlaya bilmirik. Bu bir yana qalsın.
İlboyu işləməsək
də, obyektin xidmətində durmalıyıq.
Bu da öz növbəsində xeyli məsrəf tələb edir. Həmin məsrəf isə 2 ay ərzində əldə olunmalıdır. Gördüyünüz
kimi, bu çox mürəkkəb
bir prosesdir.
- Bizdə turizm mövsümünün
qısamüddətli olmasının
əsas səbəbi nədir və bu müddəti artırmaq, turistləri cəlb etmək üçün hansı tədbirlər görülməlidir?
- Turizm mövsümünün qısa
müddətli olmasının
ən böyük səbəbi odur ki, biz hələ ki bölgələrə xarici turist cəlb
olunmasını lazımınca
qura bilməmişik. Ötən illərdə bir sıra ölkələrdə
turizm sərgilərində
iştirak etmişik, orada mərkəzimiz, turizm imkanlarımız barədə ziyarətçilərə
məlumatlar vermişik.
Amma hələlik bunun real nəticəsini görmürük. Çünki
yol-nəqliyyat xərcləri
çox yüksəkdir.
Azərbaycana ən yaxın qonşumuz olan Rusiyadan turistlər 600-700 dollara 7 günlük paketlə təyyarə ilə gedib bir çox
ölkələrdə dincələ
bilir. Bizdə isə təkcə Moskvaya gedib gəlmək 600 dollara başa gəlir. Belə olan halda xarici turistə
7 gün necə və hansı qiymətə xidmət edəsən? Odur ki, ilk növbədə təyyarə biletlərinə
heç olmasa 50 faiz endirim olmalıdır.
Çarter təyyarə
reyslərinə gəlincə,
turizm şirkəti təyyarəni AZAL-dan icarəyə götürməlidir.
Bizə xarici ölkələrdən turist
mütləq lazımdır.
Məsələn, soyuq
ölkələr olan
Rusiya, Almaniya və digərlərinin vətəndaşları 18-20 dərəcə
hava temperaturunda dəniz və hovuzda çimirlər. Azərbaycan vətəndaşları
isə hava ən azı 35 dərəcə, su isə 27-28 dərəcə
olduğu zaman hovuz və dənizdə
çimirlər. Bizdə
bir çox ailələr gözləyirlər
ki, uşaqları orta məktəbi bitirsin, attestat alsın, sənədləri
universitetə versin, nəticələri bilinəndən
sonra ailəsi ilə birlikdə buraya gəlsin. Bu da avqust ayına
gedib çıxır.
Göründüyü kimi,
yerli və xarici turistlər arasında fərqlər
var. Bölgələrdə yerləşən istirahət
mərkəzlərinə turistlərin
gəlişi üçün
zəruri şərait
yaradılsa, qalan problemlərin həlli çətin olmaz.
«Atlant» istirahət mərkəzində
bu turizm mövsümündə əvvəlki
illərlə müqayisədə
qiymətlərin aşağı
olacağını gözləmək
olarmı?
- Qiymətlər
yetərincə aşağıdır.
Qeyd etdiyim kimi, qiymətin
28 manatdan aşağı
olması mümkün
deyil. Yenə deyirəm, bizi
Türkiyə turizmi ilə müqayisə etmək o qədər də doğru deyil. Türkiyədə turizm on illərdir
inkişaf edir.
Biz isə ötən
il gündə
3 dəfə yemək,
26 növ əyləncə
xidmətini 40 manata satırdıq. Keçən
il üç
ay ərzində 28 min turist
qəbul etmişik. Bu
il qiymətlər
daha əlverişlidir.
Gülər Nizamiqızı
Mədəniyyət.- 2011.- 10 iyun.-
S. 8.