«Yeddi gözəl» baleti Başqırdıstan səhnəsində

 

   Böyük bəstəkar Qara Qarayevin «Yeddi gözəl» baleti Başqırdıstan Opera və Balet Teatrında səhnəyə qoyulub. İyunun 8-i və 9-da Ufada tamaşanın premyerası keçirilib. Anşlaqla keçən premyeranın ilk günündə Rusiya Federasiyası Başqırdıstan Respublikasının rəhbərliyi iştirak edib.

   Premyera Rudolf Nureyev adına Beynəlxalq Balet Sənəti Festivalının açılışı çərçivəsində baş tutub. Tamaşanın quruluşu baletmeyster Rinat Abuşaxmanov tərəfindən həyata keçirilib. Musiqi rəhbəri və dirijoru Rauşan Yakupov, stenoqrafiyanın müəllifi Sankt-Peterburqdan olan rəssam Varvara Çuvinadır.

   Varvara Çuvina baletlə bağlı təəssüratını belə bölüşüb: «Biz çalışmışıq ki, tamaşa öz bədii səviyyəsinə görə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin hədsiz dərəcədə gözəl musiqisinə uyğun olsun. Səhnə kostyumlarının rəngarəngliyi, işıq və rənglərin dəyişməsi səhnədə Nizami Gəncəvinin eyniadlı poemasının əsas süjet xəttini ifadə edir. Sehrli və müdrik Şərq nağılının səhnə təcəssümünü tam şəkildə ifadə etmək məqsədilə teatrın bütün texniki vasitələri tərəfimizdən bu tamaşa üçün səfərbər edilib». 

 

 

 Gülər

 

 Mədəniyyət.- 2011.- 10 iyun.- S. 3.