“Şirvan xəzinəsinə
aparan yollar”
İyunun 11-də “Miras” mədəni irsin öyrənilməsinə
kömək ictimai birliyi “Heritage Travel” turizm şirkəti ilə
birlikdə “Şirvan xəzinəsinə aparan yollar” mədəni
irs turlarının təqdimatını keçirdi. KİV
nümayəndələrinin də iştirak etdiyi infotur zəngin
təəssüratlarla yadda qaldı.
İlk
dayanacaq - Diri Baba türbəsi
Bakıdan səhər yola
düşən avtobusumuzun ilk dayanacağı Qobustan
rayonundakı Diri Baba türbəsi oldu. Oraya çatanda
türbəni ziyarət edən yaponiyalı turistlərlə
rastlaşdıq. Türbə haqqında bizə ”Miras” ictimai
birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli məlumat
verdi. Öyrəndik ki, tarixən Şirvanı qonşu
ölkələrə bağlayan karvan yolunun
yaxınlığında yerləşən Diri Baba türbəsi
bir çox səyyahların diqqətini cəlb edib. Türbə
haqqında bır sıra rəvayətlər var. Məsələn,
tanınmış səyyah Övliya Çələbi qeydlərində
türbənin içərisində səcdə anında vəfat
etmiş bir övliyanı gördüyünü yazır. Rəvayətə
görə, 1918-ci ildə ermənilər bölgədə
qırğınlar törədən zaman üç qadın
qucağında körpə ilə son ümid yeri kimi “Diri
Baba” türbəsində gizlənib. Ermənilər onları
təqib etsələr də, türbənin içərisində
tapa bilməyərək, daha doğrusu, onları görməyərək
geri qayıdıblar. Qayanın içərisində
yonulmuş türbənin birinci mərtəbəsi dəhlizdən
və türbə xidmətçisi üçün
ayrılmış otaqdan, ikinci mərtəbəsi isə
salondan ibarətdir. Birinci mərtəbə ilə ikinci mərtəbə
arasında səliqə ilə düzəldilmiş daş
pilləkən mövcuddur. Qayanın içərisində
tikildiyinə görə türbənin ancaq cənub tərəfə
doğru bir fasadı var. Həmin fasadın quruluşunda
Şirvan abidələrində olan memarlıq əlamətləri
ilə yanaşı fərqli detallar da mövcuddur. Türbənin
ikinci mərtəbəsindəki salon memarlıq quruluşuna
görə fərqlənir. Qeyd edək ki, abidədə
ötən əsrin 70-ci illərində bərpa işləri
aparılıb, bununla yanaşı burada yeni bərpa işlərinə
ehtiyac var.
Muzeylə
tanışlıq
Yolumuza davam edirik. Qarşılaşdığımız
füsunkar mənzərələr insanı valeh edir. Artıq
Şamaxıdayıq. Daha dəqiqi, Şamaxı Tarix
Diyarşünaslıq Muzeyində. Direktor Firqiyə Zamanova
muzeyin beynəlxalq standartlara tamamilə
uyğunlaşdırıldığını deyir. 1945-ci ildə
yaradılan muzeydə 9 minə qədər eksponat var. Onlardan
1800-ü ekspozisiyada nümayiş olunur. Burada
Şamaxının tarixinin, mədəniyyətinin müxtəlif
dövrləri, habelə bu diyarla bağlı maraqlı məlumatlar
yer alıb. Muzeydə Şamaxı kəndləri və
Şamaxının tanınmış insanları haqqında məlumat
bazası da maraq doğurur. Monitor vasitəsilə istənilən
məlumatla tanış olmaq olur.
Orta əsr Şamaxı şəhərinin
avropalı səyyah-rəssamlar (Adam Oleari, Korneli de Breyn və
s.) tərəfindən çəkilmiş rəsmlərinin
reproduksiyası ekspozisiyanın maraqlı bölmələrindəndir.
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Şirvan
tarixindən bəhs edən film də hazırlanıb və
xüsusi kinozalda ziyarətçilərə nümayiş
olunur. Muzeydə dünya muzey standartları əsasında
tarixi ardıcıllıq, işıq effektləri, iki dildə
(Azərbaycan və ingilis) informasiya, elektron vasitələrdən
istifadə edilməklə Şirvan regionunun mədəni irsi
yerli və xarici turistlərə təqdim olunur.
Orta
əsr şəhərinə səyahət
Yolumuza davam edərək Ağsu
rayonuna gəlirik. Ağsudakı Heydər Əliyev
seyrangahında rayon İcra Hakimiyyətinin
başçısı Ənvər Seyidəliyev qonaqları
salamlayaraq son vaxtlar Ağsuda aparılan tikinti, quruculuq və
abadlıq işləri barəsində ətraflı məlumat
verdi.
Sonra media nümayəndələri
orta əsr Ağsu şəhər yerinə gedərək
orada aparılan arxeoloji qazıntılarla, bərpa və
konservasiya işləri ilə tanış oldular. Havanın
isti olmasına baxmayaraq infotur iştirakçıları qədim
şəhərin “məhəllələrini” gəzir,
tapılan qeyri-adi, maraqlı mədəniyyət nümunələri
ilə bağlı əhatəli məlumatlar əldə
edirdilər. Ağsu arxeoloji ekspedisiyasının rəhbəri,
tarix elmləri doktoru Qafar Cəbiyev məlumat verdi ki, burada tədqiqat
işləri 2010-cu ilin martında başlanıb. Ötən
il 3600 kvadratmetr sahədə tədqiqat işləri
aparılıb: “Arxeoloji qazıntılar zamanı şəhərin
sənətkarlıq məhəllələrini aşkar etdik,
bir sıra sənət sahələri üzrə emalatxanalar,
istehsal obyektlərini üzə çıxardıq. Ərazidə
tədqiqatlar başa çatandan sonra “Miras” mədəni irsin
öyrənilməsinə kömək ictimai birliyinin təşəbbüsü,
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
sahədə sərgi-muzey kompleksinin yaradılması
başlandı”.
Qeyd edək ki, hazırda kompleksdə montaj işləri gedir. Sonra iştirakçılar qazıntı işləri ilə yaxından tanış oldular. Bəzi media işçiləri arxeoloqlarla birgə qazıntılarda iştirak etdilər.
Azərbaycanda
arxeoloji turizmin böyük potensialı var
Bu arada biz də “Şirvan xəzinəsinə
aparan yollar” mədəni irs turunun təşkilində
iştirak edən “Heritage Travel” turizm şirkətinin direktoru
Rəşad İbrahimovla söhbət etdik. Ölkəmizdə
arxeoloji turizmin potensial imkanlarından danışan
müsahibim “Miras” ictimai birliyinin fəaliyyətini yüksək
qiymətləndirdi: “Bu mədəni irs turu “Miras” ictimai birliyi
tərəfindən irəli sürüldü və biz turizm
şirkəti olaraq, həm də vətəndaş
nöqteyi-nəzərindən bu işə dəstək olduq.
Şirvanda mədəni irs çox zəngindir. Biz turistlər
üçün bir neçə daxili turlar təşkil
edirik və Gülüstan qalası, Lahıc, Basqal, Fitdağ
kimi tarixi-mədəni yerləri bu marşruta daxil etmişik”.
Sonra Ağsu dolaylarındakı
“Mingəçevir restoranı”nda “Şirvan xəzinəsinə
aparan yollar” mədəni irs turunun təqdimatına həsr
olunmuş brifinq keçirildi. “Miras” mədəni irsin öyrənilməsinə
kömək ictimai birliyinin sədri, tarix elmləri namizədi
Fariz Xəlilli orta əsr Ağsu şəhəri tədqiqatlarının
arxeoloji turizm layihəsi çərçivəsində
aparıldığını bildirdi: “Orta əsr Ağsu şəhəri
arxeoloji turizm layihəsidir. Biz bu ərazidə tədqiqatlar
apararkən həm də bu abidələrin təbliğini,
mühafizəsini öz üzərimizə
götürmüşük. Məqsədimiz Azərbaycanda
arxeoloji turizmin təbliğinə yardım göstərmək,
turistləri bu sahəyə cəlb etməkdir. İnanırıq
ki, gördüyümüz işlər “Turizm ili”nə layiqli
töhfə olacaq”.
Fariz Xəlilli “Miras” ictimai
birliyinin bu istiqamətdə digər yeni layihələrinin də
olduğunu, maliyyə vəsaiti olarsa, həmin layihələrin
gerçəkləşdiriləcəyini qeyd etdi.
Sonra F.Xəlilli orta əsr Ağsu
şəhər ekspedisiyası layihəsi barədə
iştirakçılara geniş məlumat verdi. Qeyd olundu ki,
ötən il 3 qazıntı sahəsində qiymətli maddi-mədəniyyət
nümunələri aşkar edilib. Bir hektara qədər ərazidə
tədqiqat işləri aparılıb. “Nadir şah tərəfindən
tikdirilən Ağsu XVIII əsr şəhərdir. Lakin
qazıntı sahələrində XII əsrə aid materiallar
da aşkar edilib. Şəhərin qala divarlarının
çəkilməsi, burada şəhər tipli
yaşayışın başlaması Nadir şahın
adı ilə bağlıdır. Bizim zəngin mədəni
irsimiz var. Bunu lazımınca təqdim etməliyik. “Şirvan
xəzinəsinə aparan yollar” mədəni irs turları
çərçivəsində hər kəs Şirvan ərazisində
bir çox ərazilərlə tanış ola bilər. Bizim
digər tarixi abidələrə mədəni tur
marşrutlarımız da var. Bütün bunlar zəngin
irsimizdən xəbər verir”.
Brifinqin sonunda mədəni irsin təbliğində
fərqlənən kütləvi informasiya vasitələri
“Miras” mədəni irsin öyrənilməsinə kömək
ictimai birliyinin dostu diplomları təqdim olundu. Təltif olunan
mətbu orqanlar arasında “Mədəniyyət” qəzeti də
var.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 15.