Üzeyir məktəbinin
yetirməsi: Hacı Xanməmmədov
Milli
musiqi sənətimizin inkişafında misilsiz xidmətləri
olmuş dahi Üzeyir Hacıbəyli görkəmli pedaqoq kimi
bir çox sənətkarların yetişməsində
mühüm rol oynayıb. Böyük bəstəkar və
müəllimin yetirmələrindən biri də bu gün
xatirəsini andığımız Hacı Xanməmmədovdur.
Bu bəstəkarın Azərbaycan
musiqi mədəniyyəti tarixində öz yeri, dəst-xətti
var. O, sakit təbiətli, mehriban çöhrəli, səmimi
bir insan idi. Dəfələrlə Hacı müəllimlə
müsahibələrimiz olub. Azərbaycan radiosunda
hazırladığım verilişlərin bir çoxunda
Hacı müəllimin səsi və sözü var. İndi həmin
lent yazılarından birini dinləyir və Hacı müəllimin
dediklərini qələmə alıram. O, dahi Üzeyir bəyi
xatırlayır:
«1933-cü il idi. Doğulduğum Dərbənd şəhərində (H.Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənddə anadan olub - S.T.) orta məktəbi bitirib Bakıya gəldim. Musiqiyə böyük həvəsim vardı. Xüsusən də tara. Sənədlərimi A.Zeynallı adına Musiqi Texnikumuna verdim və daxil oldum. Günlərin birində xoş təsadüf baş verdi. Üzeyir bəy mənim ifama qulaq asdı. Çox razı qaldı. Elə həmin gündən də məni gözdən qoymurdu. Dərslərimlə, həyat tərzimlə maraqlanırdı. Hətta mənə maddi cəhətdən kömək edirdi. Bir sözlə, ondan əsil atalıq qayğısı görmüşəm. Üzeyir bəy mənə çox kömək edib. Məni xalq çalğı alətləri orkestrinə, simfonik orkestrə işə qəbul edib, konservatoriyada təhsil almağıma şərait yaradıb. Mən bir bəstəkar kimi yetişməyimdə Üzeyir bəyə daim minnətdaram. Onu hər gün, hər an xatırlayıram».
Bəli, biz də Üzeyir bəyin ruhuna hər gün, hər an minnətdarıq ki, o, Hacı Xanməmmədov kimi bəstəkarlar yetişdirib.
Dahi şəxsiyyətin tövsiyələrindən bəhrələnən Hacı Xanməmmədov musiqinin müxtəlif janrlarında qələmini sınayaraq dəyərli əsərlər yazıb-yaradıb. Bunlardan bəstəkarın tar ilə simfonik orkestr üçün 5 konsertini, kamança ilə simfonik orkestr üçün konsertini, orkestr pyeslərini, «Sülh uğrunda» kantatasını, çoxlu sayda mahnı və romanslarını, «Bir dəqiqə» musiqili komediyasını və başqalarını misal göstərə bilərik. Bütün bu əsərlərin və ümumiyyətlə Hacı Xanməmmədov yaradıcılığının bir əsas məğzi var. Bu da xalq musiqisindən rişələnən, klassik ənənələrə əsaslanan yazı texnikasıdır. Bəstəkar əsərlərini klassik Avropa musiqisi üslubunda yazmasına baxmayaraq, onlarda əsas aparıcı mənbə xalq musiqisidir. Onun tar və kamança ilə simfonik orkestr üçün konsertləri buna misaldır. Onu da qeyd etməliyik ki, bu ideyanı ona müəllimi Qara Qarayev təklif etmişdir. Bu yerdə bir haşiyə çıxaraq demək istərdik ki, Hacı Xanməmmədov bəstəkarlıq üzrə təhsil almaq üçün 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq burada əvvəlcə Boris Zeydmandan, sonra isə Qara Qarayevdən dərs alıb. Onun xalq musiqisinə yaxşı bələd olduğunu və mahir tar ifaçısı olduğunu bilən Q.Qarayev tar ilə simfonik orkestr üçün konsert yazmasını təklif edir. H.Xanməmmədov bu konserti diplom işi kimi qələmə alsa da, onu sənətkarlar çox yüksək qiymətləndirirlər. Konsertin ilk ifaçısı Əhsən Dadaşov olur.
Q.Qarayev bu konserti yüksək qiymətləndirərək yazırdı: «Bu əsərin mühüm əhəmiyyəti bir də ondadır ki, Şərqin ən populyar musiqi aləti olan tar ilk dəfə böyük simfonik orkestrin müşayiəti ilə əsas aparıcı kimi çıxış edir. Tara mənsub olan mürəkkəb partiyada qədim Azərbaycan xalq çalğı alətinin orijinal ifa xüsusiyyətləri, tembri və bütün imkanları qabarıq şəkildə özünü büruzə verir».
Professor Ramiz Zöhrabov da konsert barədə
belə yazır:
«Bu konsertdə obraz aləminin rəngarəngliyi,
melodik dil fərdiliyi, xalq musiqisi ünsürlərindən
istifadə məsələləri yerli-yerindədir. Bunun
üçün də konserti dinləyərkən bəstəkarın
xalqımızın nəğməli aləminə daxilən
nüfuz etdiyi aydın hiss olunur».
Hacı Xanməmmədovun
bütün əsərləri belə yüksək qiymətləndirilib.
Çünki bu əsərlərin canı gözəl, rəvan
melodiyadır. Məhz bu ürəyəyatımlı
melodiyalar bəstəkarın fərdi üslubunu yaradıb.
Onun bütün əsərlərində bu cəhət
üstündür. Xüsusən də mahnılarında. Bəstəkar
müxtəlif janrlarda əsərlər yazmasına baxmayaraq
mahnı onun üçün daha da doğma olmuşdur. Onun
ilk əsəri də mahnı olub. Bu mahnının taleyi
uğurlu olub. Gənc bəstəkarın şair Zeynal
Cabbarzadənin sözlərinə bəstələdiyi
«Gözəl Pəri» mahnısı 1944-cü ildə Cənubi
Qafqaz respublikaları mədəniyyət ongünlüyündə
səslənib. Bəstəkara uğur gətirən ilk
mahnı neçə-neçə gözəl nəğmələrə
yol açıb. «Niyə döndü», «Telli», «Yenə o
bağ olaydı», «Gözlərəm səni», «Yaşa
könül», «Qurban olduğum» və başqa mahnılar dillər
əzbəri olub.
Bəstəkar ümumilikdə
100-dən çox mahnının müəllifidir. Bu
mahnılar mövzu baxımından rəngarəng olsa da,
onlarda əsasən vətənpərvərlik, əməyə
məhəbbət və sevgi lirikası üstünlük təşkil
edir. Odur ki, dünən olduğu kimi, bu gün də
ifaçılar Hacı Xanməmmədovun mahnılarına
müraciət edirlər. Ümumiyyətlə, bəstəkarın
əsərləri hər bir zaman üçün
aktualdır. Çünki o, daim xalqı
düşündürən, əbədiyaşar mövzulara
müraciət edib. Ömrünün son illərində
xalqımızın faciələrini yaşayan sənətkar
bunları əsərlərində də yaşatdı. Bu yerdə
Hacı müəllimlə olan söhbətlərimdən onun
bəzi fikirlərini xatırlayıram:
«Üzeyir bəy bizə deyərdi
ki, əsəri xalq üçün yazın. Yəni elə
yazın ki, xalqın ruhunda olsun ki, xalq da onu sevib dinləsin.
Bir də elə əsərlər yazın ki, o, xalqın hissləri
ilə səslənsin. Xalqımız şəhidlər verib,
torpağımız düşmən işğalı
altındadır. Tarixi həqiqətləri gələcək
nəslə çatdırmaq üçün bu hadisələri
əsərlərimizdə əks etdirməliyik. Axı, ürəyimiz
ağrıyır. Bu ağrı əsərlərimizdə də
duyulmalıdır. Amma biz ağlamalı deyil, mübarizə
ruhlu əsərlər yazmalıyıq. Çünki haqq
bizimlədir».
Bəstəkarın bu mövzuda
yazdığı mahnılardan «Yad əllərdə qalan
Şuşam», «Qələmim süngüyə dönsün»,
«Ey türkün övladları» və başqalarını
qeyd edə bilərik.
Hacı Xanməmmədovun yaradıcılığında kamança ilə simfonik orkestr üçün konsertini də xüsusi olaraq qeyd etməliyik. Bu əsərdə də bəstəkar tarixi hadisələrə lirik kontekstdən yanaşaraq əsəri nikbin ruhda tamamlayır. Elə Hacı müəllimin doğum gününə həsr etdiyimiz bu yazını biz də nikbin tonda tamamlayaraq demək istəyirik ki, böyük Üzeyir bəyin məktəbindən bəhrələnən görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Hacı Xanməmmədovun irsinə, onun milli ruhda yazdığı musiqi əsərlərinə daim ehtiyac olacaq. Hacı Xanməmmədov da, böyük müəllimi kimi, öz yaradıcılığı ilə əbədiyaşar sənətkarlarımızdandır. Ruhu şad olsun.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 12.