Turizmin inkişafının
qanunvericilik təminatı
“Turizm ili”ndə həyata keçiriləcək silsilə
tədbirlərin qanunvericilik sahəsində müvafiq
addımlarla tamamlanması, bu sahənin sürətli
inkişafına zəmin yaradacaq
Müstəqilliyimizin
ilk illərində çoxsaylı daxili və xarici problemlərin
məngənəsinə düşən respublikamız
çətin və mürəkkəb dövlət
quruculuğu yolu keçdi. Ulu öndər Heydər Əliyevin
1993-cü ildə ölkə rəhbərliyinə
qayıtması ilə Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq
bərqərar oldu, iqtisadiyyatda tənəzzülün
qarşısı alındı, bütün sahələrdə
dinamik tərəqqinin təməli qoyuldu.
Ümummilli lider Heydər Əliyev
tərəfindən əsası qoyulan strateji inkişaf xətti
prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir, ölkəmizin dünyaya inteqrasiyası sürətlənir,
beynəlxalq miqyasda nüfuzu möhkəmlənir.
İqtisadiyyatda baş verən
struktur dəyişiklikləri qeyri-dövlət sektorunun rolunu
daha da artırıb. Sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalında, tikinti, nəqliyyat, ticarət,
rabitə, informasiya və kommunikasiya texnologiyaları sahələrində
böyük uğurlar əldə olunub. Əlverişli
makroiqtisadi şərait, aparılan islahatlar ölkə həyatının
bir çox sahələrində olduğu kimi, turizm sahəsinin
inkişafına da təkan verib.
Nadir təbii-iqlim şəraiti
olan Azərbaycanda turizmin inkişafı üçün
münbit imkanlar var. Yer kürəsindəki 11 iqlim
qurşağından 9-nun ölkəmizdə olması, fauna və
flora aləminin zənginliyi, təbiət və tarixi
qoruqların, ovçuluq təsərrüfatlarının
mövcudluğu, Xəzər dənizi boyunca istirahət zonalarının
yerləşməsi, 6 mindən artıq memarlıq və mədəniyyət
abidəsinin qorunub saxlanılması ölkənin beynəlxalq
turizm bazarına daxil olmasına real zəmindir. Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasından
ötən 20 il ərzində turizmin inkişafına təkan
verəcək bir çox mühüm qanunvericilik aktları qəbul
edilib. Ötən müddətdə bu sahədə
mühüm işlər görülüb, “Mədəniyyət
haqqında”, “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında”, “Turizm haqqında” və s. kimi
mühüm normativ aktlar qəbul edilib.
Prezident Heydər Əliyevin 18 aprel
2001-ci il tarixli fərmanı ilə Azərbaycan
Respublikasının Gənclər, İdman və Turizm
Nazirliyinin yaradılmasından sonra turizmin inkişafında
yeni dönəm başlandı. Ölkədə turizmin
inkişafı və turizm ehtiyatlarından səmərəli
istifadə edilməsi məqsədi ilə ulu öndər Heydər
Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” bu dönəmin
təməlini qoydu. Proqramın başlıca məqsədi
turizm sahəsində dövlət siyasətinin həyata
keçirilməsini, ölkənin sosial-iqtisadi
inkişafını təmin edən vasitələrdən biri
kimi turizm resurslarından səmərəli istifadəni təmin
etmək idi. Bu məqsədlə Dövlət Proqramında
turizm potensialından səmərəli istifadə etmək,
sahibkarlığı inkişaf etdirmək, rəqabətə
davamlı turizm bazarı yaratmaq, büdcəyə daxil olan vəsaitin
həcmini artırmaq, xidmətin keyfiyyətinin yüksəldilməsini,
onun beynəlxalq standartlara
uyğunlaşdırılmasını təmin etmək, xarici
investorları turizm sahəsinə cəlb etmək və s.
mühüm vəzifələr müəyyən edilmişdi.
Proqramda qarşıya qoyulan vəzifələr uğurla yerinə
yetirilib.
Son illərdə prezident İlham Əliyevin
turizmin inkişafına göstərdiyi diqqət bu sektorun
inkişafına yeni üfüqlər açıb. 2006-cı
ildə Mədəniyyət və Turizm Nazirliyi
yaradıldıqdan sonra turizmin inkişaf etdirilməsi istiqamətində
işlər daha da gücləndirilib, sonrakı 5 ildə
turizm sahəsinə təkan verəcək məqsədyönlü
işlər görülüb, turizm və sahəvi
qanunvericilik zənginləşdirilib.
2004-2008-ci və 2009-2013-cü illər
üzrə “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları, “Turizm
və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”,
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı”, “Azərbaycan
kurortları” Dövlət Proqramı, “Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” kimi mühüm
sənədlər turizmin inkişafına yeni zəmin
yaradıb.
Bundan əlavə, “Azərbaycan
Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər üçün vizaların müddətlərinin
uzadılması Qaydaları”, “Turist-ekskursiya xidmətlərinin
sertifikatlaşdırılması Qaydası”, “Təbii
müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma
yerlərindən və kurortlardan istifadə Qaydası və
rejimi”, “Kurortlar haqqında Nümunəvi Əsasnamə”, yeni
dövlət standartları və s. kimi mühüm sənədlər
qüvvəyə minib. Bütün bu addımlardan sonra
ölkə prezidenti tərəfindən 2011-ci ilin “Turizm ili”
elan edilməsi bu sahəyə dövlət
qayğısının bariz nümunəsi olmaqla bərabər,
turizmin inkişafı üçün gələcək
irimiqyaslı tədbirlərin təməlinin qoyulması deməkdir.
Bu gün dünya turizm
bazarındakı qeyri-sabitlik fonunda Azərbaycana daha çox
turist cəlb edilməsi sahəsində addımlar
atılır və bu addımlar yaxın vaxtlarda öz bəhrələrini
verəcək. Turizm sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
işi də davam etdirilir. 2011-ci ilin əvvəlindən
müvafiq qanunlara əlavə və dəyişikliklər edilib,
yeni qaydalar təsdiqlənib. Bu baxımdan “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” qanuna dəyişikliklərin edilməsi turizm
axınının artmasına kömək edəcək. Bundan
əlavə, 2011-ci ilin yanvarında Mədəniyyət və
Turizm Nazirliyi Kollegiyasının qərarı ilə “Turizm bələdçilərinin
və tərcüməçi-gidlərin
ixtisaslaşmalarını təsdiq edən professional
attestasiyanın keçirilmə qaydaları və şərtləri
haqqında Əsasnamə”nin təsdiqlənməsi bələdçi-gidlərin
fəaliyyətini nizamlamaqla bu sahədə olan
boşluqları aradan qaldıracaq. Eyni zamanda, ilk dəfə
olaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə “Azərbaycan Respublikasının mədəniyyət və
turizm qanunvericiliyi” toplusu hazırlanıb. Bu toplu sayəsində
mədəniyyət və turizm sahəsində
çalışanlar üçün müvafiq qanunvericiliklə
tanışlıq prosesi asanlaşacaq, qanunvericiliyin
axtarışına vaxt sərfiyyatı minimuma enəcək. Toplu
sahibkarlar, hüquqşünaslar, tədqiqatçılar,
müəllimlər, tələbələr üçün
də mühüm əhəmiyyət kəsb edir.
“Turizm ili” çərçivəsində
Mədəniyyət və Turizm Nazirliyi silsilə tədbirlər
həyata keçirir. Bu tədbirlərin qanunvericilik sahəsində
müvafiq addımlarla tamamlanması ölkəmizdə
turizmin sürətli inkişafına, Azərbaycanın
dünya turizm bazarında layiqli yer tutmasına mühüm
töhfə ola bilər.
Cavid
Quliyev,
Mədəniyyət
və Turizm
Nazirliyi
Mədəniyyətşünaslıq
üzrə
Elmi-Metodiki Mərkəzin bölmə
müdiri,
Azərbaycan Turizm İnstitutunun müəllimi
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 10.