Xalça sənətimiz Vaşinqtonda təqdim edilib
ABŞ Toxuculuq Muzeyinin ənənəvi
festivalında ilk dəfə olaraq Azərbaycan
xalçalarından bəhs edən guşə təqdim
edilib. “Toxuculuğun təntənəsi” adlı festivalda
Vaşinqtonda fəaliyyət göstərən Qarabağ
Fondunun təşəbbüsü ilə milli
xalçaçılıq məktəblərimiz, bu sənət
növünün Azərbaycan mədəniyyətində
tutduğu yer və s. barədə məlumatları əks
etdirən guşə təşkil edilib. Azərbaycan
xalçaları guşəsi festival
iştirakçılarının böyük marağına
səbəb olub. Amerika Muğam Cəmiyyətinin təsisçisi
Cefri Verbok Azərbaycan guşəsinin bələdçisi
kimi qonaqların suallarını cavablandırıb.
Festivalın qonaqları Azərbaycan
muğamları və milli rəqslərimizdən nümunələrlə
də tanış olublar. Amerikada yaşayan kamança
ustası İmamyar Həsənov muğam parçaları,
Vaşinqtonda təhsil alan azərbaycanlı tələbələr
və “Qardələn” türk rəqs ansamblı isə konsert
proqramı ilə çıxış ediblər.
ABŞ-ın Qarabağ Fondunun
direktoru Diana Altman Azərbaycan xalçalarının Amerikada
tanıdılması istiqamətində silsilə tədbirlərin
həyata keçirildiyini bildirib. O, Fondun Azərbaycan
xalçaları mövzusunda internet səhifəsi
hazırlayacağını deyib.
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 8.