Azərbaycanda xalça sənəti yeni inkişaf mərhələsini
yaşayır
Vidadi Muradov: “Xalça sənətimizin gələcəyini
təmin etmək üçün çoxlu sayda mütəxəssislər
yetişməlidir”
Xalçaçılıq
sənəti dünyanın bir sıra ölkələrində
yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət
növünün beşiyi Azərbaycandır. Arxeoloji
materiallar və yazılı mənbələr göstərir
ki, ölkəmizdə xalçaçılıqla hələ
eramızdan əvvəl I minillikdə məşğul olublar.
Xalçalarımız haqqında Herodot, Ksenofont və
başqa qədim dünya tarixçiləri məlumat veriblər.
XIII-XIV əsrlərdən etibarən
xarici ölkələrə ixrac edilən
xalçalarımız dünyada şöhrətini uzun illər
saxlayıb. Azərbaycan xalçası bu gün də xalq tətbiqi
sənətimizin ən zəngin irsinin
daşıyıcısı kimi dünyada məşhurdur. Ötən
il milli xalçaçılıq sənətimizin UNESCO tərəfindən
Bəşəriyyətin qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsi buna bariz sübutdur.
Eyni zamanda, o da bəllidir ki, bu sənətin
inkişafı, yaşadılması, istər ölkəmizdə,
istərsə də dünyada daha geniş təbliği
üçün hələ çox işlər
görülməlidir. Bununla bağlı mütəxəssis
rəyini bilmək maraqlı olardı. Tanınmış
xalça tədqiqatçısı, sənətşünas
alim, "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradovla
söhbətimiz bu barədədir.
- Vidadi müəllim, xalça sənəti
ənənəsi bu gün Azərbaycanda necə
yaşayır?
- Bu gün Azərbaycanda xalça
sənəti öz inkişafının yeni mərhələsini
yaşayır. Xalça sənətimiz dünyada
tanınır. Bu işə dövlətin mühüm dəstəyi
var, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə milli xalça sənətimizin dünyada təbliği
üçün böyük işlər görülür. Azərbaycanın
xalçaçılıq mədəniyyətinin qədim
tarixi var. Bunu dərindən öyrənmək, təbliğ
etmək lazımdır. Sözsüz ki, bu sahədə
mütəxəssislərin üzərinə ciddi məsuliyyət
düşür. İndi xalça sənəti ilə bir
çox bölgələrdə məşğul olurlar. Eyni
zamanda, nəzərə almaq lazımdır ki, hər bir
toxunan xalça tarixi bədii-elmi əhəmiyyət kəsb
edən əsər deyil. Bunun üçün zəruri şərtlər
var. Məsələn, əgər bu gün
xalçaçı evdə oturub, təbii ip və boyaqdan
istifadə edərək qədim çeşnilərdə
olan, eləcə də öz təxəyyülünün məhsulu
olan naxışlar, rəsmlər çəkməklə
xalça toxuyursa, bu, bədii-elmi əhəmiyyətlidir. Yox əgər
süni ip, boyaq və rəssamın çəkdiyi süni
kağız parçasının çeşnisindən
istifadə edirsə, əlbəttə ki, bu, bədii əhəmiyyətdən
uzaqdır. İnsanları öyrətmək lazımdır
ki, xalça toxuyarkən təbii ipdən, boyaqlardan,
xalçalarımızda olan qədim çeşnilərdən
istifadə etsinlər. 100-200 il bundan əvvəl nənələrimiz
xalça toxuyanda millimetrik kağızdan istifadə etməmişdilər
axı... Əgər bunlara əməl olunmasa, 100 ildən
sonra bu gün toxunan xalçaların bədii-tarixi-elmi əhəmiyyətindən
danışa bilmərik. Xalça toxuyanları bu istiqamətdə
yönəltmək lazımdır.
- Vaxtilə xalça sənəti
həm də bir çox ailələrin gəlir,
dolanışıq mənbəyi olub. Ağır zəhmət
bahasına başa gələn xalçalar əsl sənət
nümunəsi kimi qiymətləndirilib, xarici səyyahlar,
tacirlər tərəfindən alınıb aparılıb, bu
gün də xalçalarımız dünya muzeylərini bəzəyir.
İndi necə, xalçalarımıza xaricdən çoxmu
müştəri çıxır?
- Xalçanın toxunması ilə
yanaşı, onun satışı da çox mühüm məsələdir.
Satış nə qədər çox olarsa, həmin
xalça, onu toxuyanın adı, sanı da dünyada bir o qədər
geniş tanınar.
Bizim ustalarımız o qədər
çox və gözəl xalça toxumalıdırlar ki,
onu dünyanın hər yerindən əcnəbi müştərilər
alsınlar. Yəni xalçaçılıq eyni zamanda bir gəlirli
sənət sahəsi kimi inkişaf etməlidir. Hazırda
xarici ölkələrlə iqtisadi əlaqələr sürətlə
inkişaf edir, iş adamları üçün bu sahədə
geniş imkanlar var. Sadəcə, yerli icra orqanları yerlərdə
onlara yol göstərməli, kömək etməlidirlər. Biz
də mütəxəssis olaraq bu sahədə iş
aparırıq, müxtəlif rayonlara gedir,
xalçaçı ustalarla görüşürük. Çalışırıq
ki, milli xalça sənətimiz inkişaf etsin.
- Xalçanın satışı
necə tənzimlənməlidir?
- Bu işlə xalça sənətini
bilən tacirlər məşğul olmalıdır. Vaxtilə
belə tacirlər olub, amma sovet dövründə xalça
tacirliyi olmayıb, bu iş unudulub. İndi bizdə xalça
tacirliyi yenidən bərpa olunmalıdır. Gərək Azərbaycanda
15 min kvadrat metr xalça toxuna ki, xarici bazarın tələbatını
ödəyə bilək. Yoxsa 100-200 kvadrat metr xalça ilə
xarici bazara çıxmaq olmaz.
Bir məqamı da deyim ki,
xalçaçılığı yalnız
xalçaçı-rəssamın nəzarətinə vermək
olmaz. Ona görə ki, o, portret, fərdi rəsm çəkir,
xalqın sənətindən isə o qədər də xəbərdar
deyil. Azərbaycanda tarixən xalça sənətinin Quba,
Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz
xalçaçılıq məktəbləri olub. Bu gün
həmin məktəblərin bəziləri barədə
müəyyən bilgiyə malik olmaq əsl xalça
ustasının yetişməsi üçün yetərli deyil.
Hər bir xalça məktəbinin öz toxucuları
olmalıdır.
- Yəni
xalçaçılıq sənətinin inkişafı
üçün ilk növbədə bu sahədə
çoxlu mütəxəssis yetişməlidir?
- Əlbəttə. Bu gün bizdə
xalça mütəxəssisləri azdır, bu sahə bir
növ cəlbedici sayılmır. Halbuki xalçaçılıq
sənəti gəlirli sahədir. Amma bir məqam da var ki,
bunun üçün əvvəlcə kapital sərf etməlisən
ki, sonra gəlir əldə edəsən. Yüz illərdir
ki, xalqımızın adı xalça ilə birlikdə
çəkilir, xalçalarımız dünya muzeylərini
bəzəyir. Tez-tez deyirik ki, vaxtilə Azərbaycan
xalçalarını aparıblar, indi xarici muzeylərdə
saxlayırlar və s.
O halda elə xalçalar
toxunmalıdır ki, bu boşluq dolsun. Keyfiyyətli, qiymətli
xalçalar toxumaq lazımdır ki, həmin
xalçaların yerini tutsun. Bu gün xalça sənəti
o qədər yüksək səviyyədə olmalıdır
ki, bütün dünyanı dolaşsın. Muzeydə olan
xalçalar turistlər üçündür. Amma gözəl
xalçalar toxuyub təbliğ etmək üçün həm
də onları satmalıyıq.
- Bu yaxınlarda Azərbaycan və
ingilis dillərində "Azərbaycan xalçaları:
Qarabağ qrupu" kitabınız çapdan
çıxıb. Bildiyimizə görə, apreldə Heydər
Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyinin
Parisdə keçirdiyi bayram tədbirində sizin
kitabınız da təqdim olunub. Bununla bağlı nə deyə
bilərsiniz?
- Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümü münasibətilə Heydər Əliyev
Fondu və ölkəmizin Fransadakı səfirliyi Parisdə
bayram tədbirləri keçirdi. UNESCO-nun iqamətgahında
Azərbaycan xalçaçılıq sənətinin nadir
nümunələrini əks etdirən sərgi avropalılara
təqdim olundu. Burada XIV əsrdən başlayaraq Avropada
tanınmağa başlayan və sənətsevərlərin
diqqətini cəlb edən Azərbaycan
xalçalarının günümüzə gəlib
çatan nümunələri, o cümlədən Qarabağ
xalçaçılıq məktəbinin nadir inciləri sərgilənirdi.
Mənim kitabım da həmin tədbirdə təqdim olundu.
İlk növbədə minnətdarlıq
hissləri ilə vurğulamalıyam ki, bu kitab mədəniyyətimizin,
o cümlədən xalça sənətimizin də hamisi
olan Heydər Əliyev Fondunun "Azərbaycan
xalçaları bütün məktəbləri ilə"
layihəsi çərçivəsində nəşr olunub. Qarabağ
xalçaçılıq məktəbinə həsr edilən
kitabda bu bölgəmizin tarixi, burada
xalçaçılığın təşəkkülü,
inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri
əksini tapıb. Qarabağ xalçaçılıq məktəbi
haqqında tam təsəvvür əldə etmək
üçün nadir xalçalardan ibarət zəngin
illüstrativ materiallar, dünya muzey və şəxsi
kolleksiyalarında saxlanan xalça, ipək tikmələrin
fotosurətləri ilə birlikdə toxunduğu yer və
toxuyanın özü barədə Azərbaycan və ingilis
dilində bilgi verilib. Kitabda əks olunmuş
xalçaların əsas hissəsini "Azər-İlmə"
MMC-nin "Sehrli ilmələr" qalereyasının
Qarabağ xalçaları kolleksiyası əsasında
bilavasitə "Azər-İlmə"də toxunan
xalçalar təşkil edir. Təqdim olunan hər bir tarixi
xalçanın təsviri və texniki göstəriciləri
də əlavə edilib. Kitabda verilmiş bütün materiallar
Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, bu
irsin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib
hissəsi olduğunu bir daha təsdiq edir. Bu kitab artıq
40-dan çox ölkədəki tərəfdaşlarımıza,
xalça tədqiqatçılarına, bu sahəyə dair
institut, beynəlxalq qurum və nəşrlərə göndərilib.
- Azərbaycan
xalçaçılıq sənətinin gələcəyini
necə görürsünüz?
- Yuxarıda qeyd etdiyim kimi, bu sənətin
gələcək inkişafını təmin etmək
üçün çoxlu mütəxəssislərimiz
olmalıdır. Hazırda Azərbaycanda Təbriz xalça məktəbi
ətrafında çoxlu mütəxəssis var. Amma o biri
xalça məktəblərimizi yaddan çıxarmaq olmaz. Mən
rəssam deyiləm, amma Qazax, Qarabağ, Borçalı, Quba,
Gəncə, Zaqatala, İrəvan xalçalarını
tanıyıram, bu işin taciri, ekspertiyəm. 35 ildir ki,
xalçaçılıq sənəti ilə məşğulam.
1995-ci ildə 15 nəfərlik işçi ilə təməli
qoyulan bu "Azər-İlmə" MMC-də hazırda 750 nəfər
işçi çalışır. Təsəvvür
edirsiniz, Pakistanda ildə 70 min kvadrat metr xalça toxunur, bizdə
10 min kvadrat metr toxunsa dünyanın
xalçaçılığının 2-3 faizini əhatə
edə bilərik. İran, Türkiyə, Hindistan
dünyanın ən böyük xalça
ixracatçılarıdırlar. Hər yerin xalçası həmin
yer üçün əzizdir, bizim xalçalar isə
hamısından gözəldir. Ümidvaram ki, təkcə
Bakıda deyil, bütün bölgələrdə gözəl
mütəxəssislər olsa, xalça sənətinin gələcəyi
parlaq olacaq.
Mehparə
Mədəniyyət.- 2011.- 15 iyun.-
S. 8.