Monteneqroda Xalq rəssamı Hüseyn Əliyevin fərdi sərgisi açılıb

 

 İyunun 11-də Monteneqronun (Çernoqoriya) Bar şəhərinin Kral Nikola sarayında Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyi münasibətilə sərgi açılıb. 

 

 Monteneqro Mədəniyyət Nazirliyi, Bar Şəhər Meriyası və ölkəmizin Rumıniyadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən sərgidə görkəmli rəssamın əsərləri nümayiş olunur.

  

   Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Hüseyn Əliyevin nəvəsi Ədalət Əliyev, dünya şöhrətli musiqiçi Dmitri Yablonski, Dövlət Rəsm Qalereyasının direktoru Arif İbrahimov, habelə Monteneqronun elm naziri Sanya Vlahoviç, mədəniyyət nazirinin müavini Dragitsa Miliç, xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Ramiz Başiç, turizm və davamlı inkişaf nazirlərinin müavinləri Andro Gretsun və Zoran Duletiç, Bar şəhərinin meri Jarko Paviçeviç, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.

   Sərginin açılışında çıxış edən Azərbaycanın Rumıniya, Serbiya və Monteneqrodakı səfiri Eldar Həsənov Xalq rəssamının həyat və yaradıcılıq yoluna nəzər salıb. Qeyd olunub ki, görkəmli fırça ustası Hüseyn Əliyevin yaradıcılığında portret, peyzaj, karikatura, qrafika janrlarında rəsm əsərləri mühüm yer tutur.

   Səfir Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu sərginin ölkəmizin Monteneqroda keçirdiyi ilk mədəni tədbir olduğunu diqqətə çatdırıb. O, sərginin iki ölkənin humanitar və mədəni əlaqələrində mühüm rol oynayacağını söyləyib. Səfir Monteneqronun prezidenti Filip Vuyanoviçin bu ilin sentyabrında Azərbaycana gerçəkləşəcək rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini deyib.

   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli fırça ustası Hüseyn Əliyevin həyat və yaradıcılığından, onun ərsəyə gətirdiyi əsərlərin özünəməxsusluğundan danışıb.

   Monteneqro mədəniyyət nazirinin müavini Dragitsa MiliçBar şəhərinin meri Jarko Paviçeviç görkəmli Azərbaycan rəssamı Hüseyn Əliyevin sərgisinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

   İyunun 12-də Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli və məşhur violonçel ustası Dmitri Yablonski Monteneqronun Bar şəhərinin Kral Nikola Sarayında geniş konsert proqramı ilə çıxış ediblər.

   Sərgi iyunun 16-dək davam edəcək.

 

 

   Mədəniyyət.- 2011.- 15 iyun.- S. 7.