Uşaq Teatrının Ərzurum səfəri

 

   Teatr beynəlxalq festivalda uğurla iştirak edib

  

   Bakı Uşaq Teatrı Türkiyənin Ərzurum şəhərinə səfərdən qayıdıb. Teatr Ərzurum Gənclikİdman Müdirliyinin təşkilatçılığı ilə mayın 20-dən 31-dək keçirilən beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib.

  

   Bakı Uşaq Teatrı festivalda «Turp» nağılı əsasında teatrın rəhbəri İntiqam Soltanın hazırladığı «Gücümüz birlikdədir» tamaşası ilə çıxış edib. Səfər təəssüratlarını bölüşən İ.Soltan bildirdi ki, festival artıq üçüncü dəfədir ki, keçirilir: “Ötən il bu festivala «Vətən» tamaşası ilə qatılmışdıq. Tamaşamız çox bəyənilmişdi. Bu il ikinci dəfə beynəlxalq teatr festivalına dəvət aldıq. Hətta kollektivimiz üçün say məhdudiyyəti də qoymamışdılar. 12 nəfər heyətlə Ərzurumda olduq. Tamaşamız uğurlu keçdi”.

   Tamaşadan sonra İ.Soltan Türkiyənin «TRT 1» radiosuna müsahibə verib: «Təəssüratlarımız zəngindir. Onu da deyim ki, çoxlu təkliflər aldıq. Alınsa, başqa festivallara da gedəcəyik. Festivalda çox maraqlı tamaşalar göstərildi. Samsun Dövlət Teatrı Üzeyir Hacıbəylinin «Arşın mal alan» operasını təqdim etdi. Tamaşa çox xoşumuza gəldi».

   Festivalda çıxış zamanı teatrın rəhbərliyi razılaşma da əldə edib. Belə ki Ərzurum Dövlət Teatrının aktyoru Sinan Kaya iyulun ortalarında Bakıya gələcək. Rejissor kimi fəaliyyət göstərən S.Kaya ilə Bakı səfəri zamanı birgə haqqında müzakirələr aparılacaq. S.Kayanın Bakı Uşaq Teatrında tamaşa hazırlaması nəzərdə tutulub.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 15 iyun.- S. 6.