“Eyni səma altında - mədəni dialoq”
Gürcüstanda milli
azlıqların musiqi festivalında azərbaycanlılar da
iştirak edib
Marneuli rayon mədəniyyət
evində Gürcüstanda yaşayan milli azlıqların “Eyni
səma altında - mədəni dialoq” adlı musiqi
festivalı keçirilib.
Gürcüstanın Mədəniyyət
və Abidələrinin Mühafizəsi, Reinteqrasiya Məsələləri
üzrə nazirliklərinin, Kvemo-Kartli bölgə
qubernatorluğu və Vətəndaş İnkişafı
Agentliyinin (CİDA) və yerli hökumət nümayəndələrinin
təşkilatçılığı ilə keçirilən
festivala Kvemo-Kartli bölgəsində yaşayan etnik
azlıqların nümayəndələrinin musiqi qrupları
qatılıblar. Tədbirdə Marneuli, Zalqa, Dmanisi, Qardabani,
Tetri-Skaro və Bolnisi rayonlarından gələn musiqi
qrupları çıxış ediblər.
Festivalın sonunda
Gürcüstanın reinteqrasiya məsələləri
üzrə dövlət naziri Eka Tkeşelaşvili və
Marneuli rayon icra başçısı Zaza Dekonoidze festival
iştirakçılarına müxtəlif hədiyyələr
təqdim ediblər.
Reinteqrasiya məsələləri
üzrə dövlət naziri Eka Tkeşelaşvili artıq
üçüncü dəfə keçirilən
festivalın məramından danışaraq “İstəyimiz
odur ki, Gürcüstanda yaşayan millətlər aydın səma
altında yaşasınlar” - deyə bildirib.
* * *
Yeri gəlmişkən,
Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin
Mühafizəsi Nazirliyi Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin “Sarvan” folklor rəqs qrupuna gürcü milli
geyimləri hədiyyə edib. “Sarvan” qrupunun üzvləri ilə
görüşən nazir Nikoloz Rurua Azərbaycan və
gürcü xalqları arasında mədəni əlaqələr
və dostluq haqqında danışıb. “Sarvan” folklor rəqs
qrupunun fəaliyyəti ilə tanış olduğunu deyən
nazir kollektivə gələcək fəaliyyətində
uğurlar arzulayıb və 24 dəst milli gürcü geyimlərini
qrupa hədiyyə edib.
“Sarvan” rəqs qrupu səhnəyə
yeni milli geyimdə çıxaraq gürcü xoreoqraf Tariyel
Amaşukelinin yenicə quruluş verdiyi “Mtiuluri” (Dağlar) rəqsini
ifa edib.
Qrupun ifasında “Odlar yurdu” rəqsi
də maraqla qarşılanıb.
Cəmilə Məmmədovanın
rəhbərlik etdiyi “Sarvan” folklor rəqs qrupu 4 ildir fəaliyyət
göstərir. Kollektivin formalaşmasında, milli geyimlərlə
təmin olunmasında Heydər Əliyev Fondunun və Diasporla
İş üzrə Dövlət Komitəsinin yaxından
köməyi olub. Qrup bir sıra beynəlxalq müsabiqələrdə
uğurla çıxış edib.
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 7.